Bu il avqust ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Nəqliyyat Nazirliyinə müvafiq tapşırıqlar verilmiş, mövsümdə nəqliyyat xidmətinin yüksək səviyyədə təmin edilməsi məsələləri geniş müzakirə edilmiş, şəhərdaxili və kəndlərarası nəqliyyatda olan avtobus və mikroavtobusların texniki sazlığının tam nəzarətdə saxlanılması bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu məqsədlə nazirlikdə daimi komissiyaların – payız-qış mövsümünə hazırlıq komissiyası və reyd komissiyasının fəaliyyəti daha da artırılmış, tədbirlər planının icrasına başlanmışdır. Plana əsasən, qış mövsümündə əhalinin fasiləsiz və təhlükəsiz nəqliyyatla təmin edilməsi, yol-nəqliyyat kompleksində baş verə biləcək hər hansı bir çatışmazlığın vaxtında aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi, habelə onun tabeliyində və strukturunda olan Naxçıvan Şəhər Nəqliyyat İdarəsi, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti, Beynəlxalq Hava Limanı, Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir.
Naxçıvan, Şərur, Culfa, Şahbuz və Ordubad şəhərlərindəki avtovağzallarda, eləcə də Naxçıvan Avtobus Parkında sərnişindaşıma ilə məşğul olan avtobus, mikroavtobus və taksilərdə daxili qızdırıcı sistemlərin işlək vəziyyətə gətirilməsi və avtonəqliyyat vasitələrində köhnəlmiş şinlərin yeniləri ilə əvəzlənməsinə xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə işləyən avtobusların yenilənməsi üçün müvafiq şirkətlərlə müqavilə bağlanmışdır. Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin Şərur və Culfa şəhərlərindəki avtovağzallardan yola salınması işi təmin olunmuş, Şahbuz və Ordubad şəhərlərindəki avtovağzallarda isə Naxçıvan-Bakı marşrutuna bilet satışı təşkil edilmişdir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar elektrovoz, teplovoz və sərnişin vaqonlarına texniki baxış keçirilmiş, vaqonların istilik sisteminin yoxlanılmasına, ehtiyatların artırılmasına diqqət gücləndirilmişdir. Lokomotivlərin və sərnişin vaqonlarının mövsümə hazırlığı ilə əlaqədar tələb olunan ehtiyat hissələri və 25 ton sürtgü yağı tədarük edilmiş, nasaz vəziyyətdə olan teplovoz təmir edilərək hazır vəziyyətə gətirilmişdir. Bundan başqa, istilik sistemləri ilə işləyən vaqonların normal qızdırılması üçün 93 ton daş kömür ehtiyatı yaradılmışdır.
Naxçıvan Beynəlxalq Hava Limanı qış mövsümündə uçuşların təhlükəsizliyinin təmin olunması üçün bütün elektrik sistemlərinin, rabitə qurğularının, maşın-mexanizmlərin texniki baxışını həyata keçirmişdir. Həmçinin sıradan çıxmış avadanlıqların yeniləri ilə əvəz olunması işi başa çatdırılmış, mal-material ehtiyatı yaradılmışdır.
Naxçıvan Avtomobil Yolları Dövlət Şirkətində qış mövsümündə işləyəcək avtomaşın və yol texnikasının saz vəziyyətə gətirilməsi işlərinə diqqət artırılmışdır. Belə ki, şirkətin balansında olan 11 ədəd avtoqreyder, 27 ədəd özüyükünüboşaldan avtomaşın, 9 ədəd buldozer, 1 ədəd qumsəpən avtomaşın, 7 ədəd ekskavator və 4 ədəd avtoyükləyici işlək vəziyyətə gətirilmişdir. Magistral yollarda işləyəcək avtoqreyderlərə asfalt-beton örtüyünün dağılmaması üçün rezin bıçaqlar tədarük edilmiş, avtomobil yollarının buzdan təmizlənməsi məqsədilə qum tədarük olunmuş, tədarük olunan 2000 kubmetrdən çox Şorsu materialının yerlərə paylanması işi başa çatdırılmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, muxtar respublikanın nəqliyyat kompleksi qış mövsümünə tam hazırdır.
Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti