Muxtar respublikanın telekommunikasiya sistemində yeni nəsil texnologiyaların tətbiqi genişzolaqlı internet xidmətlərinin əhatə dairəsini genişləndirib. Cari ilin 11 ayında Ordubad rayonunun Dizə, Unus, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Məzrə, Güznüt, Kültəpə, Culfa rayonunun Xanəgah, Kırna, Dizə, Şahbuz rayonunun Şahbuzkənd, Kəngərli rayonunun Çalxanqala, Qarabağlar, Şərur rayonunun Dərəkənd, Gümüşlü, Alışar, Şahbulaq kəndlərində genişzolaqlı internet xidmətlərinin göstərilməsi üçün DSLAM avadanlığı quraşdırılıb. Bu barədə qəzetimizə məlumat Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Məlumatda o da bildirilib ki, tələbata uyğun olaraq, muxtar respublikanın yaşayış məntəqələri genişzolaqlı internet xidmətləri ilə təmin edilir. Belə ki, Ordubad, Culfa, Şahbuz şəhərlərinə, Ordubad rayonunun Əndəmic, Dəstə, Babək rayonunun Cəhri, Şəkərabad kəndlərinə əlavə olaraq hər birində iki, Ordubad rayonunun Vənənd, Dəstə, Nüsnüs, Culfa rayonunun Əbrəqunus və Yaycı kəndlərinin isə əlavə olaraq hər birində bir DSLAM avadanlığı quraşdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrinin 85 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Muxtar respublika ərazisində genişzolaqlı internetlə yanaşı, simsiz internet xidmətlərinin göstərilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, yaşayış ərazilərinin 90 faizində simsiz internet xidməti göstərilir; muxtar respublikada 344 mindən çox internet istifadəçisi var.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları – 2013” hesabatına əsasən, ölkəmiz internet istifadəçilərinin say göstəricisinə görə MDB və Orta Asiya ölkələri sırasında liderliyini qorumaqdadır. Bundan başqa, ölkəmiz dünyanın 144 ölkəsi arasında internetin əlçatanlığı göstəricisinə görə 20-ci yerdədir.
Səbuhi HÜSEYNOV