Bunu bölgədə həyata keçirilən tikinti-quruculuq işlərindən daha aydın görmək olar
XXI əsrin on üçüncü ili ilə vidalaşmağa hazırlaşırıq. 366 günlük daha bir zaman kəsiyi də tarixə qovuşmaqdadır. 2013-cü il də bağlar diyarı Ordubad rayonunun tarixinə möhtəşəm quruculuq dövrü kimi həkk olunub.
Cari ilin yanvar-oktyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 611,6 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunan investisiyaların həcmi 5,6 faiz artaraq 45 milyon 46,9 min manat təşkil edib. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin inzibati binasının yenidən qurulması, Ordubad şəhərində 242 yerlik uşaq bağçasının, Sabirkənd, Ələhi, Xurs, Nürgüt kənd məktəbləri binalarının, Ələhi və Xurs kəndlərində kənd və xidmət mərkəzlərinin, Nürgütdə xidmət mərkəzinin tikintisi, rayon mərkəzində 2 ictimai yaşayış binasının əsaslı təmiri başa çatdırılıb.
Tikintisi davam etdirilən və yenidən qurulan obyektlər də az deyil. Ordubad şəhərində Yusif Məmmədəliyevin ev-muzeyinin əsaslı təmiri, Vənənd kəndində uşaq bağçası binasının, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Rayon ərazisində 2 körpünün, Gənzə kəndinə gedən avtomobil yolunda istinad divarının tikintisi, Biləv-Xurs-Nəsirvaz avtomobil yolunun təmiri aparılıb. Bir körpü, Bist kəndində həkim ambulatoriyası və xidmət mərkəzi, Nəsirvaz kəndində kənd mərkəzi və tam orta məktəb binaları təhvilə hazırdır. İl ərzində rayonun müxtəlif ünvanlarında içməli və təsərrüfat suyuna olan tələbatın ödənilməsi istiqamətində də xeyli iş görülüb. Vələver kəndində içməli su xəttinin çəkilişi və kaptajın tikintisi, Çənnəb kəndində içməli və suvarma su xətlərinin yeni əraziyə köçürülməsi, Ağrı kəndində kəhrizin təmiri başa çatdırılıb. Hazırda Xanağa kəndində içməli su xəttinin çəkilişi, Yuxarı Əylis kəndində kəhrizin təmiri davam etdirilir.
Bəhs olunan dövrdə emal və istehsal sahələrinin qurulması da davam etdirilib. Vənənd kəndində mürəbbə, Aza kəndində elektrik açarları, Azadkənddə kompot istehsalı sahələrinin, Yuxarı Əndəmic kəndində 2, Aza və Vənənd kəndlərinin hər birində 1 istixana kompleksinin, Aşağı Əylis kəndində heyvandarlıq, Üstüpü kəndində arıçılıq təsərrüfatının yaradılması, “Ordubad Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin genişləndirilməsi işləri davam etdirilib. Burada bir məqamı xüsusi vurğulamağa ehtiyac var. Rayon ərazisində inşasına start verilən hər hansı bir quruculuq tədbiri həm də yeni iş yerlərinin açılması sevinci ilə qarşılanıb.
Gülzarlıqlar, yaşıllıqlar, gözəlliklər diyarına çevrilən rayonda həyata keçirilən belə tədbirlər insanların həyata baxışlarını kökündən dəyişdirib. Onların bu proseslərdə fəallığını isə rayonun daha gözəl, daha füsunkar, iqtisadiyyatını güclənən bir bölgə kimi görmək istəyinin ifadəsi kimi qiymətləndirmək olar. Bu, doğma Vətənə, onun daha işıqlı sabahına bağlılığın, yurdsevərliyin ən gözəl təcəssümüdür.
Muxtar MƏMMƏDOV