Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank qurumları qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələr, başlıca olaraq, elektron ödəniş sistemlərinin və nağdsız hesablaşmaların inkişaf etdirilməsi, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılmasından ibarət olmuşdur. Eyni zamanda özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə bank və kredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyasının tələbata uyğun genişləndirilməsi, onların çoxsahəli və səmərəli olmasının təmin edilməsi, kreditlərin verilməsində daha münasib faiz dərəcələrinin tətbiq edilməsi də qarşıya qoyulan əsas vəzifələrdəndir.
Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 dekabr 2013-cü il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 81,4 milyon, o cümlədən qısamüddətli kredit qoyuluşu 14,6 milyon manat, uzunmüddətli kredit qoyuluşu isə 66,7 milyon manat təşkil etmişdir.
Kredit qoyuluşu, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, fərdi təsərrüfatların inkişafına yönəldilmişdir ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artmasında və yeni iş yerlərinin yaranmasında mühüm rol oynamışdır.
Səmərəli kreditləşmə mexanizmi yeni istehsal və xidmət sahələrinin yaradılmasına, iqtisadi aktivliyin təmin olunmasına təsir göstərən əsas amillərdən biri olmuşdur. Bank və digər kredit təşkilatları tərəfindən 2013-cü ilin 11 ayı ərzində 41,7 milyon manat kredit verilmişdir ki, bunun da 24,8 milyon manatını uzunmüddətli kreditlər təşkil edir. Verilmiş kreditin 11,9 milyon manatı kənd təsərrüfatı, 6,1 milyon manatı sənaye, 4,1 milyon manatı tikinti, 2,5 milyon manatı kommersiya, 300 min manatı nəqliyyat, 1,4 milyon manatı maliyyə fəaliyyəti sahələrinə, 884 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 14,4 milyon manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin verilməsinə yönəldilmişdir.
1 dekabr 2013-cü il tarixədək muxtar respublika vətəndaşlarına, xüsusilə gənc ailələrə daşınmaz əmlakla əlaqədar verilmiş ipoteka kreditinin həcmi 2 milyon 996 min manat olmuşdur.
1 iyun 2012-ci il tarixdən etibarən keçmiş SSRİ Əmanət Bankının Naxçıvan Muxtar Respublikasında olan əmanətçilərinin ərizələrinin qəbuluna və birdəfəlik fərdi ödəmələrə başlanılmış, muxtar respublika üzrə 1 dekabr 2013-cü il tarixə 37 min 531 nəfərə 13 milyon 993 min 254 manat həcmində birdəfəlik fərdi ödəmə həyata keçirilmiş və bu proses 2013-cü ilin sonunda tamamilə başa çatdırılacaqdır.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmişdir. Banklar tərəfindən 2013-cü ilin 11 ayında 2164 nəfər hüquqi, 21 min 857 nəfər fiziki şəxs olmaqla, 24 min 21 müştəriyə xidmət göstərilmişdir. Xidmət olunan hesabların 20770-i işlək hesab olmuşdur ki, onların 1244-ü hüquqi, 19526-sı fiziki şəxsdir.
2013-cü ilin 11 ayında 58 hüquqi, 7692 fiziki şəxs olmaqla, 7750 müştəriyə yeni bank hesabı açılmışdır. Açılmış bank hesablarının 7696-sı fəaliyyət göstərir.
Artıq sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə yanaşı, əhali də sürətlə bank hesabları açdırır, fərdi ödəniş kartları əldə edir.
Əsassız nağd ödənişlərə yol verməmək üçün müəssisə və təşkilatlara, xüsusilə tikinti təşkilatlarına qonşu xarici ölkələrdən aldığı mal və avadanlıqların dəyərinin istənilən valyuta növündə köçürülməsi təklif olunmuşdur. Xarici valyutanın konvertasiya haqları minimuma endirilmiş, akkreditiv forması, avans ödənilməklə və digər müqavilə şərtlərinə uyğun olaraq, xarici ölkələrə mal və avadanlıqların dəyərinin ödənilməsi üçün cari ilin 11 ayı ərzində 8 milyon 44 min avro, 67 milyon 479 min ABŞ dolları, 4 milyon 108 min rus rublu və digər xarici valyutalarda vəsaitlər köçürülmüşdür.
Muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bankların əməliyyat kassalarına daxil olan nağd pul hasilatını artırmaq istiqamətində də lazımi işlər görülmüşdür.
2013-cü ilin 11 ayı ərzində bankların kassa mədaxili 280 milyon manat olmuş, keçən ilin müvafiq dövrü ilə müqayisədə 43,5 milyon manat artaraq 118,4 faiz təşkil etmişdir. Bankların kassa məxarici isə 716,6 milyon manat olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,6 milyon manat artaraq 106,8 faiz təşkil etmişdir.
Muxtar respublika üzrə bankların emissiya göstəricisi 60,9 faiz olmuş və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz azalmışdır.
2013-cü ilin yanvar-noyabr ayları ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 575,3 milyon manat nağd pul dövriyyəyə buraxılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 39,5 milyon manat və ya 7,4 faiz çoxdur. Bu isə onu göstərir ki, muxtar respublikanın iqtisadiyyatına yönəldilən investisiyanın həcmi durmadan artır və sosial-iqtisadi həyat dinamik inkişaf edir.
Elektron ödəniş sistemlərindən istifadənin genişləndirilməsi, nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində də bir sıra işlər görülmüş, iqtisadi sahədə fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılması, ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması üçün POS-terminalların və bankomatların quraşdırılması daim diqqət mərkəzində saxlanılmışdır.
Bəhs olunan dövrdə POS-terminalların quraşdırılması davam etdirilmiş, 1 dekabr 2013-cü il tarixə POS-terminalların sayı 227 ədəd olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 133 ədəd artmışdır.
Elektron ödəniş alətlərinin sayının və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”nın icrasının təmin olunması ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən müvafiq tədbirlər planı işlənib hazırlanmışdır.
Görülmüş işlər nəticəsində muxtar respublikada vətəndaşlar ödəniş kartları vasitəsilə vergi və rüsumların, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumların, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarının, mobil və stasionar rabitə üzrə xərclərin, internet ödənişlərinin və gömrük rüsumlarının ödənilməsini elektron ödəniş formasında apara bilərlər.
Bu il oktyabr ayının 25-i və 26-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində Azərbaycan Mərkəzi Bankının və Bank Tədris Mərkəzinin ekspertlərinin və muxtar respublikada fəaliyyət göstərən bank və bank filiallarının, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Dövlət Energetika Agentliyinin, “Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşlarının iştirakı ilə “Elektron ödəniş məkanının formalaşması və ödəniş alətləri ilə iş” mövzusunda iki günlük kurs keçirilmişdir. Kursun keçirilməsində əsas məqsəd muxtar respublikada hər bir təsərrüfat subyektinin və geniş əhali təbəqəsinin elektron ödəniş xidmətlərindən daha fəal istifadəyə təşviq edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyəyə cəlb edilməsi, əhalinin nağdsız hesablaşmalara keçid vərdişlərinin formalaşdırılması, dövlət orqanlarının və digər kütləvi xidmət qurumlarının daxili informasiya sistemlərinin elektron ödəniş sistemlərinə texnoloji inteqrasiyasının təmin olunmasından ibarət olmuşdur. Eyni zamanda dövlət qurumlarının korporativ informasiya sistemlərinin Naxçıvan Muxtar Respublikası “elektron hökumət” portalının infrastrukturuna inteqrasiyasının təmin edilməsi, vergi, rüsum, sosial sığorta haqları, kommunal xidmətlər, həmçinin digər ödəniş və yığımların nağdsız qaydada aparılmasının həyata keçirilməsi, ödəniş alətlərindən və xidmətlərindən istifadənin kütləvi hal alması, əhalinin, kiçik və orta biznes subyektlərinin elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin daha da artırılması üçün banklar tərəfindən POS-terminalların quraşdırılması, bu istiqamətdə kompleks stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi üzrə işlər aparılır.
Cari ilin 11 ayında elektron ödəniş alətlərinin və nağdsız hesablaşmaların həcminin artırılması məqsədilə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən mütəmadi olaraq yerli mətbuat, radio və televiziya vasitəsilə müvafiq maarifləndirmə işləri aparılmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi əməkdaşlarının iştirakı ilə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılmış POS-terminallardan müştərilərin istifadəsi üzrə monitorinq aparılmış, nağdsız əməliyyat aparmayan malsatan və xidmət göstərən sahibkarlarla xüsusi maarifləndirici görüşlər keçirilmişdir.
Vətəndaşlara müasir bank xidməti göstərilməsi məqsədilə 89 ədəd bankomatla xidmət göstərilmiş, o cümlədən 50-si Naxçıvan şəhərində, 39-u isə rayon mərkəzlərində və böyük kənd yaşayış məntəqələrində olmaqla, muxtar respublika əhalisi tamamilə bu xidmətlə əhatə olunmuşdur. Eyni zamanda əlavə böyük kəndlərdə bankomatların qurulması istiqamətində işlər aparılır.
Muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı ötən ilin müvafiq dövründə 160 min 660 ədəd təşkil edirdisə, hazırda ödəniş kartlarının ümumi sayı 181 min 883 ədədə çatmışdır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 min 223 ədəd artım deməkdir. Vətəndaşlara xüsusilə kənd yerlərində əməkhaqqı, pensiya və müavinətlərin tamamilə ödəniş kartları vasitəsilə ödənilməsinin təşkili daim diqqət mərkəzində saxlanılır.
Əməkhaqqı və pensiyaların, sosial müavinətlərin ödənilməsi, əsasən, ödəniş kartları ilə aparılır. Bu rəqəm pensiya və müavinətlər üzrə 97,5 faiz təşkil edir. Qeyri-dövlət sektorunda əməkhaqlarının 27,5 faizi ödəniş kartları vasitəsi ilə verilir.
Cari ilin əvvəlindən banklar Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müqavilə bağlayaraq 52,3 min pensiyaçının, 12,3 mindən çox sosial müavinət alanların ödəniş kartlarının əhaliyə çatdırılması və dəyişdirilməsini öz üzərinə götürmüşdür. Bu xidmətlərə görə də heç bir əlavə xidməthaqqı alınmır.
Nağdsız hesablaşmalara keçidlə əlaqədar olaraq, əməkhaqqı, pensiya və digər sosial ödəmələrin ödəniş kartları ilə verilməsi ilə yanaşı, dövlət orqanlarının inzibati xərclərinin ödənişində 100 faiz hüquqi şəxslərə verilən korporativ kartlardan istifadə olunur.
Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük ticarət və xidmət obyektlərində birbaşa nağdsız əməliyyatlar aparılması məqsədilə yeni POS-terminalların quraşdırılması davam etdirilir.
Bütün bu tədbirlərin həyata keçirilməsi nağd pul dövriyyəsinin məhdudlaşdırılmasında, təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsində, yüksək ödəniş mədəniyyətinə malik cəmiyyətin formalaşdırılmasında mühüm rol oynayacaqdır.
Elçin ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
İdarəsinin aparıcı mütəxəssisi