Naxçıvan şəhəri, Xətai küçəsindəki mərkəzi bazarda dekabrın 26-dan 30-dək təşkil olunan yarmarkada yerli məhsulların istehsalı üzrə ixtisaslaşmış sahibkarlar və ailə təsərrüfatçıları tərəfindən müxtəlif adda və çeşidlərdə məhsullar təqdim edilir. Hər gün səhər saat 900-da başlayan yarmarkada alıcıların rahat alış-veriş etmələri üçün lazımi şərait yaradılıb.
Şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, ailə təsərrüfatlarına geniş satış şəraitinin yaradılması məqsədilə keçirilən yarmarkada 55 sənaye və topdansatış müəssisəsi, eləcə də 299 ailə təsərrüfatının iştirakı təmin olunub.
Ümumilikdə, yarmarka müddətində 953 adda, 207960 manat dəyərində məhsul satışa çıxarılıb.
Yarmarkada muxtar respublikanın bütün bölgələrindən ailə təsərrüfatlarında istehsal edilən müxtəlif çeşiddə məhsulları, eləcə də satışa çıxarılan sənaye məhsullarını bazar qiymətlərindən 10-20 faiz aşağı qiymətlərlə almaq mümkündür.
Sənaye müəssisələri və ailə təsərrüfatçıları tərəfindən unlu-qənnadı məmulatları, konservləşdirilmiş məhsullar, ət və süd məhsulları, müxtəlif çeşiddə çərəzlər, meyvələrdən hazırlanmış spirtli içkilər, turşular, kompotlar, müalicəvi dərman bitkiləri alıcılara təqdim edilir.
Qeyd edək ki, yarmarkada satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nazirliyin aidiyyəti şöbə və qurumları tərəfindən mütəmadi nəzarət həyata keçirilir. Şəhər əhalisi tərəfindən məmnunluqla qarşılanan yarmarkada ən çox alınan məhsullar isə gündəlik ərzaq və tələbat mallarıdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti