Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi noyabr ayında da Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.
Torpaqların elektron kadastr uçotunun aparılması üçün Şərur rayonunun Çərçiboğan, Sədərək rayonunun Sədərək bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılmışdır. Sədərək rayonunun Heydərabad və Qaraağac bələdiyyələri üzrə həyətyanı və pay torpaq sahələrinə dair məlumatların miqrasiyası başa çatdırılmış, elektron kadastr xəritəsi tərtib edilmişdir.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Maxta, Kərimbəyli, Axaməd, Kürçülü, Kürkənd, Qorçulu və Şəhriyar kəndlərində monitorinqlər başa çatdırılmış, Yengicə, Dəmirçi və Xələc, Kəngərli rayonunun Qarabağlar kəndlərində monitorinqlər davam etdirilmişdir. Aşkar olunmuş torpaqdan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılmışdır.
Ötən ay 402 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınmış, 348 texniki sənəd hazırlanmış, yeni yaranmış 29 daşınmaz əmlak obyektinə ünvan verilmiş, 64 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınmışdır. 8 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə müəyyənləşdirilmiş vəzifələrin icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Memarlıq, Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrin xidmətin bazasında istehsalat təcrübəsi keçmələri təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti