Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulub.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir. Aydındır ki, iqtisadiyyatın şaxələndirilməsində, yerli məhsulların ixrac bazarlarının artırılmasına nail olunmasında ən mühüm faktorlardan biri rəqabətqabiliyyətli məhsul istehsalıdır. Rəqabətqabiliyyətlilik isə bir neçə amilə əsaslanır ki, onlardan ən əsası keyfiyyət amilidir. Xüsusilə ərzaq məhsullarının keyfiyyətinə nəzarətin beynəlxalq normalara uyğun aparılması ixracda xüsusi əhəmiyyətlidir.
Eyni zamanda daxili bazarda təklif olunan məhsulların keyfiyyət standartlarına cavab verməsi istehlakçıların hüquqlarının qorunmasına, əhalinin ərzaq məhsullarına olan tələbatının etibarlı ödənilməsinə şərait yaradır.
Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac edilən qida məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiə, Rusiya, Hindistan istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınaraq quraşdırılıb.
Milli brendlərin yaradılması, məhsul ixracının artırılması, ixrac bazarlarının genişləndirilməsi ölkəyə valyuta axınını təmin edən amillərdir. Bu baxımdan yerli məhsulların keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasının vacibliyi günün tələbidir. “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası Latviya Respublikasının beynəlxalq akkreditasiya orqanı olan Latviya Milli Akkreditasiya Bürosunun (LATAK) 28 yanvar 2014-cü il tarixli Qərarına əsasən LATAK-T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınıb və İSO/İEC 17025:2005 standartı üzrə akkreditasiyası başa çatdırılmaqla muxtar respublikada qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edən ilk laboratoriya olub. Qeyd edək ki, laboratoriya 12 parametr üzrə beynəlxalq akkreditasiya sahəsində T-492 nömrəsi ilə qeydiyyatdan keçib.
Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarında orqanoleptiki, fiziki-kimyəvi, mikrobioloji, radioloji və toksikoloji göstəricilərin yoxlanması təşkil edir.
2020-ci ilin yanvar-noyabr ayları ərzində hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş 83 mal çeşidini əhatə edən 695 səyyar və 1640 halda mal nümunəsi laboratoriya analizindən keçirilib. Aparılan laboratoriya təhlilləri, əsasən, 1388 yerli istehsal məhsulunu və 252 idxal məhsulunu əhatə edib. Nəticədə, 1636 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 4 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.
Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri olan ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılmasını, onların istehsal etdikləri məhsullarının keyfiyyətinə nəzarət etməklə rahat bazara çıxarmalarını təmin etmək məqsədilə 2020-ci ilin yanvar-noyabr ayları ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 548 halda məhsullarda laboratoriya analizləri aparılıb və 548 nümunənin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilib.
Muxtar respublikada xаrici iqtisаdi əlаqələrin gеnişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, sahibkarlığa sistemli dövlət dəstəyi istеhsаl оlunаn məhsullаrın ixrac imkanlarının artmаsına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb. Yerli məhsulların xarici bazara çıxış imkanlarının asanlaşdırılmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC tərəfindən verilən mənşə sertifikatı mühüm rol oynayır. Cari ilin son on bir ayında mərkəz tərəfindən muxtar respublikada istehsal olunan məhsulların Belçika Krallığı, Türkmənistan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Oman Sultanlığı, Türkiyə, Yəmən, Əfqanıstan, Ukraynaya ixrac olunması üçün 118 halda mənşə sertifikatı verilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti