Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü inkişaf strategiyası nəticəsində dayanıqlı makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin rifah halının yüksəldilməsi və güclü sosial müdafiə sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılmışdır. Bir çox ölkələrin iqtisadi böhran yaşadığı hazırkı dönəmdə ölkəmizdə sosial proqramların uğurla reallaşdırılması diqqət mərkəzində saxlanılır.
Muxtar respublikada sosial müdafiə sahəsində aparılan siyasət sığorta-pensiya sisteminin inkişafına öz töhfəsini verməkdədir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri uğurla davam etdirilir. Belə ki, fond dekabr ayında pensiyaçılara bütün növ əmək pensiyalarının ödənilməsini qrafikdən əvvəl başa çatdırmışdır. Hazırda isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtlı-vaxtında maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.
Muxtar respublikada pensiyaçılara pensiyaların ödənilməsi sistemində mütərəqqi üsullardan istifadə olunur. Belə ki, bütün növ əmək pensiyaçıları plastik kartlar vasitəsilə öz pensiyalarını istənilən vaxt rahat şəkildə əldə etmək imkanına malikdirlər. Eyni zamanda kənd yerlərində yaşayan pensiyaçıların pensiyalarını yaşadığı ünvanda əldə etməsi üçün də müvafiq tədbirlər görülmüş, onların istəkləri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt bölmələri vasitəsilə ödənilməsi təşkil olunmuşdur. Hazırda muxtar respublikada 604 pensiyaçı pensiyalarını kəndlərdəki poçt bölmələri vasitəsilə əldə edir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti