Son illərdə rəqəmsal mühitdə ödəniş texnologiyaları sürətlə inkişaf edir və yeni xidmətlər meydana çıxır. Bu inkişafın nəticəsində insanlar hər hansı məhsulları almaq və xidmətlərdən istifadə etmək üçün nağd vəsaitə ehtiyac hiss etmirlər. Yeni rəqəmsal ödəniş xidmətlərində tətbiq edilən metodların təhlükəsizliyi də bu sahədə texnologiyadan daha geniş istifadəyə səbəb olur.
Muxtar respublikamızda da nağdsız hesablaşmaların artırılması, elektron ödəniş xidmətlərinin inkişafı və bu sahədə innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada rəqəmsal ödəniş infrastrukturunun inkişaf etdirilməsi, yeni xidmətlərin tətbiqi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində hazırlanmışdır. Proqramın giriş hissəsində də deyildiyi kimi: “Rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə, iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir”.
Proqramın icrası Naxçıvanda POS-terminal, bankomat və ödəniş terminallarının sayının artması ilə müşayiət olunur. Belə ki, üçüncü rübdə banklar tərəfindən 59 təmassız ödəniş etməyə imkan verən POS-terminal və 4 çoxfunksiyalı ödəniş terminalı quraşdırılmışdır.
Muxtar respublika iqtisadiyyatının müasirləşməsində nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Nağdsız dövriyyənin əsas şərtlərindən biri POS-terminalların tətbiqinin çoxaldılmasıdır. Üçüncü rübdə proqramın icrasına uyğun olaraq 14 publik hüquqi şəxs statuslu müəssisədə POS-terminal quraşdırılması nağdsız ödənişlər sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsinə xidmət etmişdir.
Dövlət proqramının icrası istiqamətində muxtar respublika ərazisində fəaliyyət göstərən POS-terminal quraşdırılmış ticarət, iaşə və digər xidmət obyektləri sahiblərinin ödəniş kartları ilə təmin edilməsi ödəniş xidmətlərinin effektivliyinin artmasına şərait yaratmaqdadır. Həyata keçirilən tədbirlər vergiödəyicilərin bir sıra ödənişləri nağdsız şəkildə ödəməsi üçün yeni imkanlar formalaşdırır. POS-terminal quraşdırılarkən təqdim edilmiş kartlar vasitəsilə iyul-sentyabr aylarında 102 vergiödəyicisi tərəfindən 48 min 46 manat, şəxsi kartları vasitəsilə 135 vergiödəyicisi tərəfindən 52 min 783 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilmişdir. Bütün bunlarla yanaşı, özəl sektorda işçilərin əməkhaqlarının nağdsız formada ödənilməsi istiqamətində görülən işlər də səmərəli xarakter daşıyır. Qeyd etmək lazımdır ki, proqramın icrasına uyğun olaraq üçüncü rübdə 123 vergiödəyicisi üzrə 373 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin olunmuşdur.
Nağdsız ödənişlərin həcminin artırılması üçün stimullaşdırıcı tədbirlərin təşkili effektiv nəticə verməkdədir. Görülən işlər insanları rəqəmsal ödəniş xidmətlərindən istifadəyə həvəsləndirir. Üçüncü rübdə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən bir sıra güzəştlər tətbiq olunmuş, ödəniş kartları ilə bağlı kampaniyalardan 128 müştəri istifadə etmişdir. Onların sifariş etdikləri kartların dəyəri üzrə 50 faiz həcmində endirim əldə etmələri təmin olunmuşdur. İyul ayında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 13-cü tirajı keçirilmiş, 400 manatdan yuxarı nağdsız ödəniş aparan 426 vətəndaşa 25 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilmişdir.
“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” çərçivəsində tədbirlərin davam etdirilməsi Naxçıvanda nağdsız əməliyyat həcminin artmasına təkan verəcəkdir ki, bu da muxtar respublikanın maliyyə sisteminə çox müsbət təsir göstərəcəkdir.
“Şərq qapısı”