Ölkəmizdə aparılan islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikasında son 25 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində yüksək iqtisadi artım dinamikası formalaşıb. Bu müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sosial-iqtisadi siyasətinin qayəsi, ilk növbədə, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması zəminində Naxçıvanı qabaqcıl bir iqtisadi regiona çevirməkdən ibarət olmuşdur.
1995-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasında bütün Dövlət proqramlarının və investisiya layihələrinin uğurla icrasına, elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman sahəsində həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinə, muxtar respublikada müasir infrastrukturun qurulmasına, yeni yolların inşasına, içməli su və kanalizasiya sistemlərinin yaradılmasına nail olundu. Muxtar respublikamızda əldə edilən uğurlar məqsədyönlü şəkildə həyata keçirilən islahatların, siyasi-iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişafın təzahürü kimi çıxış etdi. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik əldə edildi, davamlı iqtisadi artımın əsası qoyuldu, eləcə də əhalinin həyat səviyyəsi yaxşılaşdı, qiymətlər sabitləşdi, özəl sektorun inkişafının dəstəklənməsi mexanizmi yaradıldı. Muxtar respublikanın sosial-iqtisadi inkişafına dair təsdiq edilmiş müvafiq proqramlar infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılması ilə əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdi. Əzəmətli görkəmini bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində siması büsbütün dəyişərək ən gözəl və müasir bölgəyə çevrilən Naxçıvan sürətli iqtisadi inkişafın da əsas ünvanlarından biri kimi tanındı. İnvestisiya kapitalının davamlı yerləşdirilməsi sayəsində muxtar respublikada əsas makroiqtisadi göstəricilər dəfələrlə artdı.
2019-cu ildə 1995-ci ilə nisbətən ümumi daxili məhsulun 65 dəfə artması müşahidə olundu. Muxtar respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 292 milyon 937 min manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.
Makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artım sosial rifaha və yüksək həyat standartlarına sürətlə transformasiya etmiş, 2019-cu ildə 1995-ci ilə nisbətən orta aylıq əməkhaqqı 30,5 dəfə artmışdır. İnsanların həyat səviyyəsinin əsas göstəriciləri olan adambaşına düşən ümumi daxili məhsulun həcminin isə 47,2 dəfə artması muxtar respublikada yürüdülən iqtisaadi siyasətin mühüm uğurları sırasındadır.
Hazırkı dövrdə muxtar respublikanın sosial-iqtisadi inkişafında, yeni iş yerlərinin yaradılmasında, ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığın minimuma endirilməsində sənaye potensialının çox mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Qısa zaman ərzində sənaye mərkəzinə çevrilən Naxçıvanda sənayenin misilsiz yüksəlişinin səbəbi muxtar respublikanın nail olduğu təbii sərvətlər və həyata keçirilən uğurlu dövlət siyasətidir. Sahibkarlara verilən güzəştli maliyyə dəstəyi nəticəsində muxtar respublikada fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 11 dəfə artaraq 442-yə çatmışdır. Qədim diyarımızda 2019-cu ildə ümumi daxili məhsulun sahə strukturunda sənaye 27,6 faizlik payla ilk yerdə təmsil olunmuşdur. Yanvar-oktyabr aylarında sənaye üzrə 900 milyon 258 min 500 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. 2009-cu ildə bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə 15 milyon 762 min manat kredit verilmişdir ki, bu da 1995-ci ilin müvafiq göstəricisini 510 dəfə üstələyir. İnvestisiya prosesi iqtisadi artımı təmin edən mühüm proses olduğundan sənaye sahəsinə yönəldilmiş investisiyaların həcmində də hər il dinamik artım müşahidə olunmuş, təkcə 2019-cu ildə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 10 milyon 944 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çox olmaqla sənaye məhsulunun həcminə öz müsbət təsirini göstərmişdir. İlk dəfə 2019-cu ildə muxtar respublikada sənaye məhsulunun dəyəri bir milyard manatı ötmüşdür ki, bu, təqribən, son 25 ildə 111,1 dəfə artım deməkdir.
Elektrik enerjisi istehsal edən müəssisələrin sayının 1-dən 8-ə çatdırılması enerji təhlükəsizliyini təmin etməklə, sənayeləşmə siyasətinin genişlənməsinə yollar açmışdır. 2019-cu ildə ölkə üzrə günəş elektrik stansiyalarında əldə olunan elektrik enerjisinin 88,7 faizi muxtar respublikada istehsal edilmişdir.
Kənd təsərrüfatı məhsulunun istehsal həcminin dinamik şəkildə yüksəlməsi, sənayenin strukturunda ən böyük paya sahib olan yeyinti sənayesinin istehsalı üçün xammal bazasının artması ilə emal sənayesinin inkişafına səbəb olmuşdur. Müəyyən edilmiş keyfiyyət standartları çərçivəsində əhalinin əsas qida məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, dövlət ehtiyatlarının yaradılması nəticəsində taxılı uzun müddət saxlamağa imkan verən anbarların, kənd təsərrüfatı məhsullarının saxlanması və satışını təmin edən soyuducu anbarların istifadəyə verilməsi muxtar respublikada hər zaman prioritet məsələ olan ərzaq təhlükəsizliyinin təmin olunmasına əlverişli zəmin yaratmışdır.
Aqrar sektorda aparılan islahatlar, ona göstərilən maliyyə və texniki dəstəyin nəticəsində 2019-cu ildə 1995-ci ilə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 13,1 dəfə yüksəlmişdir. 2020-ci ilin yanvar-oktyabr aylarında 431 milyon 390 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur. Kənd təsərrüfatında yüksək məhsuldarlığın təmin edilməsi, fermerlərə maliyyə dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinin daim möhkəmləndirilməsi aqrar sahədə dövlət siyasətinin mühüm istiqaməti olmuşdur.
İqtisadi inkişaf və rifah, maliyyələşmə və biznes mühiti arasında möhkəm əlaqənin yaradılması sayəsində bu gün muxtar respublikada istehsal olunan məhsul növü 10-dan 384-ə çatdırılmışdır ki, bunun da 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsuludur. Hazırda 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilməklə daxili bazarın qorunmasına nail olunmuşdur.
Sahibkarlığın inkişafı, infrastrukturun yaradılması, xidmətlərə çıxışın asanlaşdırılması ixracatın stimullaşdırılmasına şərait yaratmış, 2009-cu ildən etibarən müsbət saldo yaranan xarici ticarət dövriyyəsində 2019-cı ildə 1995-ci ilə nisbətən 26,1 dəfə artım əldə olunmuşdur. İstehsalın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2020-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 846 min 600 ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 334 milyon 49 min ABŞ dolları təşkil etmiş, 281 milyon 251 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
İnvestisiya prosesi ölkənin gələcəyini formalaşdırır, rəqabət qabiliyyətini gücləndirir. Əsas kapitala investisiya qoyuluşu 1995-ci ilə nisbətən 2019-cu ildə 343 dəfə artmışdır ki, bunun da 92 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur. Nəticədə, saysız-hesabsız istehsal və sosial obyektlər tikilib istifadəyə verilmiş, kəndlə şəhər arasındakı fərq aradan qaldırılmış, rayonların tarazlı inkişafına nail olunmuş, bütün sahələrdə infrastrukturun keyfiyyəti ən yüksək səviyyəyə çatdırılmışdır. 2019-cu ilə qədər 562 inzibati bina, 284 təhsil, 285 səhiyyə müəssisəsi, 491 mədəniyyət obyekti, 171 nasos stansiyası, 416 subartezian quyusu, 52 idman obyekti, 516 fərdi ev, 982 istehsal və xidmət obyekti, 181 körpü, 4 qəsəbə, 151 kənd mərkəzi tikilən, yenidən qurulan və ya əsaslı təmir olunan muxtar respublikamızda təkcə 2019-cu ildə 271 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 159 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilmişdir.
Blokada şəraitində yaşayan muxtar respublikamız imza atdığı nailiyyətlərlə, qazandığı sosial-iqtisadi müvəffəqiyyətlərlə ölkədə lider mövqeyə yüksəlməyi bacardı. Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin real nəticəsi olaraq “Caspian Energy International Media Group” tərəfindən müəyyən edilən investisiya reytinqində Naxçıvan 2018 və 2019-cu illərdə ən yüksək ümumi bal toplayaraq qalib oldu.
Beləliklə, muxtariyyət yaşı 95 ildən çox olan Naxçıvanımızın tarixinə qızıl hərflərlə yazılan 1995-2020-ci illər ərzində əldə edilən ən böyük nailiyyətlər ondan ibarətdir ki, muxtar respublika bu qısa zaman kəsiyində çıraq işığından enerji təhlükəsizliyinə, çörək qıtlığından ərzaq təhlükəsizliyinə, aqrar regiondan sənaye regionuna qədər əsrə bərabər uzun bir inkişaf yolu qət etdi.
Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Naxçıvan hazırda inkişafın keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara nail olur. Naxçıvanın bugünkü nailiyyətləri məhz Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu əvəzsiz inkişaf kursu Naxçıvanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.
Mehriban İMANOVA
Naxçıvan Muxtar Respublikası
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru