Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının reallaşması və bu sahədə həyata keçirilən tədbirlər idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısından xəbər verir. Tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Proqramın məqsədi əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bu sahənin maddi-texniki bazasının müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir. Dövlət proqramına uyğun olaraq muxtar respublikada idman infrastrukturunun modernləşdirilməsi, yaşayış yerləri və kütləvi istirahət zonalarında əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün xüsusi yerlərin ayrılmasının təşkili Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir.
Cari ilin avqust ayından etibarən Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə başlanılan Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksi bu sahəyə göstərilən qayğının davamıdır. Federasiyanın təlim-məşq kompleksinin ərazisinə iki tribunadan ibarət süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış minifutbol meydançaları, iki tribunalıq çimərlik futbolu stadionu və inzibati bina daxildir. Eyni zamanda tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqları da mövcuddur.
İnşaat işlərinin gedişinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası nəzarət edir. Eyni zamanda Türkiyə Cümhuriyyətinin Mersin şəhərindən muxtar respublikamıza süni meydançaların quraşdırılması üzrə mütəxəssis dəvət olunub.
Hazırda meydançanın müxtəlif hissələrində inşaat işləri gedir. İnzibati bina, çimərlik futbolu stadionu və tribunalarda hörgü işləri tamamlanıb, dam örtüyü vurulub, əraziyə su-kanalizasiya, elektrik xətləri və metal hasar çəkilib. Tikililərin fasad və interyerinin suvaq işi də yekunlaşıb. Hər üç süni meydançanın bünövrəsi tamamlanıb. Artıq üstüörtülü stadionun dəmir konstruksiyaları qurulmaqdadır. Bununla yanaşı, süni örtüklü futbol stadionu və ətrafındakı minifutbol meydançasının səthində hamarlama işləri yekunlaşıb.
Tikinti işlərinin növbəti ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.
Ceyhun MƏMMƏDOV