Şahbuz rayonu son illərdə muxtar respublikanın ayrılmaz həyat ritminə çevrilən quruculuq tədbirləri, dövlət qayğısı və zəhmətkeş insan əlləri ilə müasir yaşayış məntəqəsinə çevrilib. Hər il rayon mərkəzində, kəndlərdə müxtəlif istiqamətlərdə xeyli sayda inşaat işləri görülür. Təhsil, səhiyyə, rabitə və digər infrastrukturlar üçün müasir standartlara cavab verən yeni binaların tikintisi, yolların abadlaşdırılması, sahibkarlara normal iş şəraiti yaratmaq istiqamətində həyata keçirilən tədbirlər hər bir şahbuzlu tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Cari ildə də belə tədbirlər davam etdirilir. Rayon mərkəzində artıq son tamamlama işləri aparılan ictimai yaşayış binası şahbuzluların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan yaşayış binasının zirzəmisində müxtəlif xidmət sahələri fəaliyyət göstərəcək. 40 mənzildən ibarət olan bina liftlə təmin ediləcək. Tikintisi “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən aparılan bina şəhərin gözəlliyinə əlavə çalarlar gətirəcək.
İnsanların sağlamlığının qeydinə qalmaq muxtar respublikamızda dövlət siyasətinin əsas prinsiplərindən biridir. Şahbuz rayonunun Ağbulaq kəndində tikilən həkim ambulatoriyası da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. Ambulatoriya 1 mərtəbədən, 7 otaqdan ibarətdir. Müasir səhiyyə avadanlıqları quraşdırılacaq ambulatoriyada tibbi xidmətin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Yeni səhiyyə müəssisəsinin binasında baş həkim, stomatoloq, müayinə üçün kabinet və digər otaqlar olacaq.
Telli MƏMMƏDOVA