Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet sahələr sırasındadır. Hər il bu istiqamətdə mühüm addımlar atılır, müxtəlif layihələr icra edilir. Görülən işlər isə daxili bazarda yerli ərzaq məhsullarının xüsusi çəkisinin xeyli artmasına səbəb olur. Bu məqamda istər-istəməz bir qədər əvvələ boylanıb dükan-bazarlardakı qıtlığı, növbələri xatırlamamaq mümkün deyil. Xüsusilə də çörək dükanlarının piştaxtaları önündə saatlarla dayanan naxçıvanlıların çəkdikləri əziyyəti bugünkü gəncliyə danışsaq da, buna inanmazlar.
Ötən illər ərzində strateji sahə olan taxılçılıqda xeyli nailiyyətlər qazanılıb. 2020-ci il də bu sahə ilə məşğul olanlar üçün uğurla başa çatıb. Taxılçılıqda yaxşı təcrübə qazanmış torpaq mülkiyyətçiləri sahələrə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərib, taxıl zəmilərində yüksək məhsuldarlığa nail olmaq üçün sahələrin suvarılmasını, ziyanvericilərə qarşı müvafiq işlərin görülməsini diqqətdə saxlayıb, çəkilən zəhmətin hədər getməməsi üçün tələb olunan bütün təsərrüfat işlərini yerinə yetiriblər. Onların çəkdiyi zəhmət öz bəhrələrini verib, taxıl tədarükünün nəticələri hamımızı, həm istehsalçıları, həm də istehlakçıları sevindirib.
Məlumat üçün bildirək ki, cari ilin məhsulu üçün muxtar respublikamızda 36 min 879 hektar sahədə taxıl əkilmişdi. Əkin sahələrinin 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıl idi. Taxıl zəmilərinin 26 min 293 hektarı buğda, 10 min 586 hektarı isə arpa olub. Zəmilərdən orta məhsuldarlıq 31,4 sentner olmaqla, 115 min 649 ton məhsul tədarük edilib. Bu, ötənilki göstəricidən 12 min 665 ton çoxdur. Təbii ki, belə yüksək nəticəyə nail olunmasında bir neçə amil başlıca rol oynayıb. Bu sırada ilk olaraq dövlət qayğısını qeyd etməliyik. Məhz bu qayğının ifadəsidir ki, cari ildə də meliorasiya-irriqasiya tədbirləri davam etdirilib, muxtar respublikaya “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xəttilə yeni kənd təsərrüfatı texnikalarının gətirilməsi diqqətdə saxlanılıb. Belə ki, 117-si 2020-ci ilin yanvar-sentyabr aylarında olmaqla, ümumilikdə, 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilib, müvafiq texnikalardan taxılçıların da istifadəsi təmin olunub. Mövsüm ərzində güzəştli kreditlərin verilməsi davam etdirilib. Taxılçılar tərəfindən yüksək reproduksiyalı toxumların əkilməsinə ciddi önəm verilib. Taxılı uzun müddətə saxlamağa imkan verən taxıl anbarlarının, un dəyirmanlarının, çörəkbişirmə sexlərinin fəaliyyəti genişləndirilib. Taxıl tədarükündə sahibkarlara və “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə məxsus olan kombaynlardan və digər texnikalardan istifadə edilib.
Qeyd edək ki, 2021-ci ilin məhsulu üçün cari ilin payızında muxtar respublikada 36 min 500 hektar sahədə taxıl əkilməsi nəzərdə tutulub. Şum və səpin aparmaq üçün 764 təkərli, 70 tırtıllı, 116 taxılsəpən, 38 toxumtəmizləyən, 327 kotan, 300 qoşqu, 78 çizel və şırımaçan texnika saz vəziyyətə gətirilib. Bu məqsədlə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətində 7 və fiziki şəxslərdə olan 18 toxumsəpənə pulsuz olaraq şırımaçan aqreqatlar qoşulması taxılın şum üsulu ilə əkilməsinə imkan verəcək. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində, “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında və torpaq mülkiyyətçilərində tələbata uyğun toxum ehtiyatı vardır.
Əkindən əvvəl toxumlar dərmanlanıb və toxumçuluq laboratoriyasında analiz olunaraq sertifikat verilib. Əkin zamanı muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun sınaqdan keçirilmiş reproduksiyalı “Qobustan”, “Fatimə”, “Quality”, “Quadilop”, “Dağ-daş”, “Ceyhan-99”, “Bezostya-1”, “Konya”, “Bayraktar”, “Əhmədağa”, “Əkiz”, “Naxçıvan dəni”, “Cəlilabad-19”, “Qarabağ-22” taxıl sortlarından istifadə edilir. Taxıl əkini hər bir sortun səpin normasına uyğun olaraq hektara 180-200 hektar hesabı ilə aparılır. Məhsuldarlığın yüksək olması üçün toxumla birlikdə torpağın strukturuna uyğun olaraq hər hektara 100 kiloqram zənginləşdirilmiş qarışıq və digər mineral gübrələr verilir. Bütün bunlar isə muxtar respublikada bu strateji sahənin inkişafının prioritet vəzifəyə çevrilməsinin ifadəsidir.
Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl sahəsində aparılan payızlıq taxıl əkininin gedişi ilə maraqlanması dediklərimizin bariz ifadəsidir.
“Torpaqları minerallarla zənginləşdirmədən bol məhsul əldə etmək mümkün deyil”, – deyən Ali Məclisin Sədri bildirib ki, taxılçılığın inkişafı və muxtar respublikanın taxıla olan tələbatını tam yerli istehsal hesabına ödəmək bu gün qarşımızda duran əsas vəzifədir... Muxtar respublikanın illik taxıla olan tələbatı 180 min tondur. Lakin bu gün onun 70 faizi yerli istehsal hesabına ödənilir. Əgər torpaqlardan səmərəli istifadə etməklə məhsuldarlığı artırsaq, o zaman muxtar respublikada tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir.
Qeyd edək ki, muxtar respublikanın taxılçılarının gələn ilin bol məhsulunun əsasını qoymaları üçün bu mövsümdə də hərtərəfli şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, noyabr ayının 16-dək 14 min 773 hektar sahədə taxıl səpini keçirilib. Bunun 9 min 409 hektarını buğda, 5364 hektarını arpa təşkil edir. Diyarımızın ən böyük bölgəsi olan Babək rayonunda 5584 hektar sahədə taxıl əkilib. Bu prosesdə Kəngərli rayonu ikinci yerdə gedir. Rayonda 3616 hektar sahədə əkin keçirilib. Culfalı taxılçılar 2201 hektara toxum səpiblər. Şərurda 1165, Sədərəkdə 775, Şahbuz rayonunda 633, Ordubadda 429, Naxçıvan şəhərində isə 370 hektar sahədə taxıl əkini aparılıb. Onu da qeyd edək ki, taxılçılar yüksək reproduksiyalı və muxtar respublikanın coğrafi iqlim şəraitinə uyğun toxumdan istifadə edirlər. Hər il olduğu kimi, cari ildə də əkin kampaniyasını vaxtında başa çatdırmaq üçün taxılçılar texnika, yanacaq və gübrə ilə təchiz olunublar. Bu da belə deməyə əsas verir ki, gələn il də sahələrdən bol məhsul tədarük ediləcək.
- Muxtar MƏMMƏDOV