Hər həftənin şənbə günü paytaxt şəhərimizin Xətai küçəsindəki Mərkəzi bazarda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təzə balıq satıldığı yerdə çoxlu insanın növbəyə dayandığını çoxumuz görmüş olarıq. Hər ilin balıq mövsümündə elə bir şəhər sakini olmaz ki, buradan yolu düşməsin. Neçə ildir ki, naxçıvanlılar bu imkandan istifadə edirlər. Hər dəfə bu mənzərəni görəndə fikrim uzun illər əvvələ – ötən əsrin 90-cı illərinə gedir. Həmin illərdə pərakəndə halda tutulan və sanitar tələblərə cavab verməyən yerlərdə satılan balıqları almaq məcburiyyətində qalırdıq. Ancaq bu, uzun çəkmədi.
Ötən müddətdə dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, məqsədyönlü islahatların aparılması bu sahədə də mühüm nailiyyətlərin əldə edilməsinə geniş imkanlar açdı. Bir çox sahələrdə olduğu kimi, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həyata keçirilməsində ən böyük ehtiyat mənbələrindən biri olan balıqçılığın inkişafı da dövlətin qayğısı ilə əhatə olundu. Muxtar respublikada balıqçılığın hərtərəfli inkişafı və qiymətli balıq növlərinin yetişdirilməsi üçün əlverişli şərait yaradıldı. Qısa müddətdə balıq əti kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək imkanı yarandı. Arpaçayda, Arazda, su anbarlarında qiymətli balıq növləri yetişdirməyə başlandı. Aparılan kompleks hidrobioloji tədqiqat işləri nəticəsində bütün su anbarlarının balıq məhsuldarlığını xeyli artırmaq və bol, təzə balıq əldə etmək imkanı əldə edildi. Bu gün də muxtar respublikanın su hövzələri ilbəil bu, dəyərli canlılarla zənginləşdirilir. Bu da onu deməyə əsas verir ki, süfrəmizi həmin ləziz nemətlə bəzəməyə hələ uzun illər imkanımız olacaq.
Hazırda Naxçıvan Muxtar Respublikasında 15 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir, onlar əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmağa çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını tam şəkildə ödəyə biləcək yüksəkkeyfiyyətli balıq sortlarının yetişdirilməsi üçün əlverişli təbii şərait yaradılıb. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması üçün görülən tədbirlər də bu qiymətli sərvətin çoxaldılmasına imkan verir. Əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən bu tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasında digər sahələrlə yanaşı, balıqçılıq təsərrüfatlarının da rolunun artırılması məqsədi daşıyır, muxtar respublikada balıq və digər su resurslarının qorunması, bərpa və mühafizəsinə xüsusi diqqət yetirilir. Hazırda Naxçıvanda balıq və digər su bioresursları, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlər əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılır, süni və təbii göllərdə dünya təcrübəsinə əsaslanmaqla balıq yetişdirilir. Bütün bunların nəticəsində balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.
Məhz bunun nəticəsidir ki, 2015-ci il sentyabrın 10-da muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleks istifadəyə verilib, bununla da, əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı sahəsində əhəmiyyətli dəyişikliklər olub.
Sentyabr ayından etibarən balıq ovu mövsümünün başlanması ilə balıqçılar Araz çayında ova çıxıblar. Bunun nəticəsidir ki, indi mağazalarda sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür. Ötən günlərdə bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.
Naxçıvan şəhərində Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə öyrəndik ki, sovetlər dövründə yarıtmaz binalarda, köhnə avtomobillərlə və kiçik imkanlarla fəaliyyət göstərən kollektiv üçün bu gün müasir tələblər səviyyəsində şərait yaradılıb, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb. Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, muxtar respublikamızın Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır. Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bazardakı tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzində lazım olan həcmdə balıq ovlanır, muxtar respublikada əhalinin balıqla təminatını ödəməyə səy göstərirlər. Hazırda şəhərdə keçirilən kənd təsərrüfatı yarmarkalarında adıçəkilən təsərrüfat fəal iştirak edir, işçilər əhalinin təzə balıq məhsullarına olan tələbatını təmin etmək üçün səy göstərirlər. Su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq növlərinin satışı üçün gündəlik ovlanan balıq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində 2008-ci ildən fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır.
Naxçıvan “Balıqçılıq Təsərrüfatı”ndakı balıqçılar balıq ovu mövsümündə iqlim şəraitinə görə lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, onların təhlükəsizliyi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə balıqçılara çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Onlarının dedikləri:
– İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Çox minnətdarıq ki, bizim üçün bu cür şərait yaradılıb. Əsas ona diqqət yetiririk ki, kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Axı bu sərvət təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək. Balıq ovunun qaydalarına ciddi əməl olunur, gözəl yurdumuzun təbii sərvətləri lazımınca qorunur ki, könlü balıq istəyən hər bir insan onu alıb süfrəsinə gətirə bilsin.
Onu da qeyd edək ki, balığın çox vacib bir qida olmasının səbəbi onun özündə həm insan orqanizmi üçün zəruri olan maddələri ehtiva etməsi, həm də onu müxtəlif xəstəlik risklərindən mümkün qədər uzaqlaşdıracaq xüsusiyyətə malik olmasıdır. Bu canlının ümumi şəkildə göstərdiyimiz faydalı cəhətlərinə hər ötən gün yeniləri əlavə olunur. Balığın faydalarını ortaya çıxarmaq alimlərin inkişaf etmiş texnoloji imkanlarla təchiz olunmuş tədqiqat mərkəzlərindən istifadə etməsi ilə mümkün olub. Bu cür dəyərli qida mənbəyinə “Qurani-Kərim”də işarə edilməsi və “Kəhf” surəsində yorğunluğu aradan qaldıran bir qida kimi təqdim olunması da, əlbəttə, çox hikmətlidir.
Balıq əti dadlı və şirəli olmaqla bərabər, insan orqanizmi tərəfindən tez həzm olunur. Balıq və balıq məhsulları digər heyvan mənşəli zülal məhsullara nisbətən iqtisadi cəhətdən çox sərfəlidir. 1 qram treska zülalı eyni miqdarda toyuq zülalından 6 dəfə, inək və qoyun zülalından 3 dəfə ucuzdur.Balıq “zəka qidası” adlandırılır, çünki beyindəki yağın əsas tərkibi özündə omeqa-3 yağ turşularını ehtiva edən maddədir. Balıq yağının tərkibində olan omeqa-3 yağ turşusu qandakı xolesterolu, triqliseridi və qan təzyiqini aşağı salır.
Ramiyyə ƏKBƏROVA