22 Dekabr 2024, Bazar

Ötən il ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin
88,7 faizi muxtar respublikanın payına düşüb

Bu yaxınlarda Beynəlxalq Enerji Agentliyinin “Dünya enerji icmalı 2020” hesabatı açıqlandı. Hesabatda bildirilir ki, qlobal enerji tələbi 2030-cu ilə qədər 20 faiz artacaq ki, bu artımın 80 faizini bərpa olunan enerji qaynaqları təkbaşına ödəyə biləcək. Günəş enerjisi isə bu sektordakı böyümənin mərkəzində olacaq. 

Hesabatda qeyd olunur ki, bərpa olunan enerji mənbələri qarşıdakı 10 ildə elektrik enerjisinə olan qlobal tələbatın 50 faizini təmin edəcək. Enerji tələbatının ödənilməsində hidroelektrik enerjisi ən böyük paya sahib olacaq, Günəş isə ən çox artım göstərən enerji mənbəyi olacaq. Külək və ofşor külək stansiyaları növbəti yerdə qərarlaşacaq. Digər tərəfdən, bərpa olunan mənbələrdə istehsal olunan elektrik enerjisinin sağlam şəkildə şəbəkəyə qoşulması üçün elektrik şəbəkələrinə əhəmiyyətli investisiyalar tələb ediləcək. Qlobal emissiyalar 2008-2009-cu illərdəki iqtisadi böhrandan sonra olduğundan daha yavaş artacaq. Lakin ölkələrin epidemiyadan sonrakı iqtisadi artım planları emissiyaların gələcəyində mühüm rol oynayacaq. Ən əsası isə ölkələr təmiz enerji sərmayələrini bir az daha sürətləndirərsə, Günəş və külək enerjisində daha çox artımın şahidi ola bilərik. Bu da iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, dünyada təbii enerji mənbələri ehtiyatının getdikcə azalması, alternativ və bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır ki, bu da gələcək perspektivləri üçün düşünülmüş konsepsiyaları olan ölkələri indidən müəyyən addımlar atmağa sövq edir. Azərbaycan da məhz bu cür ölkələrdəndir. Baxmayaraq ki, ölkəmiz mühüm enerji ehtiyatları ilə zəngindir, bərpa olunan enerji mənbələrindən istifadə bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin təməlində dayanır. Xüsusilə son illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin edilməsi və əlavə (ixrac məqsədli) enerji potensialının yaradılması diqqət mərkəzində saxlanılır. Müstəqilliyimizin bərpasından sonrakı dövrə nəzər salsaq, görərik ki, ötən əsrin sonlarında enerji blokadasına salınan muxtar respublikada reallaşdırılan tədbirlər nəticəsində 1992-ci ildə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, 2006-cı ildə 4,5 meqavat gücündə Heydər Əliyev Su Anbarı üzərindəki elektrik stansiyası, həmin ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 2010-cu ildə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, həmin ildə 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 2015-ci ildə 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, (2017-ci ildə stansiyanın gücü daha 2 meqavat artırılaraq ümumi qoyuluş gücü 22 meqavata çatdırılmışdır), 2019-cu ildə 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası və nəhayət, 2020-ci ildə 3 meqavat gücündə Qabıllı Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilib. Konkret nəticələrə gəldikdə, bu gün muxtar respublikada istismar olunan 10 elektrik stansiyasının ümumi qoyuluş gücü 244,4 meqavatdır. Bunlardan da ümumi qoyuluş gücü 97,4 meqavat olan 8 stansiya – 5 su və 3 Günəş elektrik stansiyası alternativ və bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Hazırda tikintisi davam etdirilən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasında və 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasında işlər yekunlaşdıqdan sonra bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərən stansiyaların ümumi qoyuluş gücü 149 meqavat təşkil edəcəkdir ki, bu da muxtar respublikada enerji istehlakının 100 faizinin bu mənbələr hesabına ödənilməsinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə muxtar respublikada 418 milyon 385 min 251 kilovat-saat elektrik enerjisi istehsal olunub ki, bunun da 186 milyon 695 min 982 kilovat-saatı və ya 44,6 faizi istilik elektrik stansiyalarında, 194 milyon 216 min 469 kilovat-saatı və ya 46,4 faizi su elektrik stansiyalarında, 37 milyon 472 min 800 kilovat-saatı və ya 9 faizi isə Günəş elektrik stansiyalarında istehsal edilib. Alternativ və bərpa olunan elektrik enerjisi istehsalı ümumi istehsalın 55,4 faizini təşkil edib. Hazırda dünya üzrə yalnız bir neçə ölkənin enerji sərfində bərpa olunan enerjidən istifadə 50 faizi ötür. Həmçinin bunu da vurğulayaq ki, ötən ildə ölkə üzrə Günəş elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 88,7 faizi muxtar respublikanın payına düşüb. Yeri gəlmişkən, bu, son hədd deyil. Şərur rayonu ərazisində də 5 meqavatlıq Günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bütün bunlar isə bir daha onu göstərir ki, muxtar respublikada bərpa olunan enerji mənbələri hesabına yeni elektrik stansiyalarının tikintisi gələcəkdə də davam etdiriləcək. Və Naxçıvan Muxtar Respublikası yaxın gələcəkdə qlobal enerji bazarının liderinə çevriləcək Günəş enerjisi istehsalının artımı üçün artıq indidən böyük addımlar atılır.

- Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR