Muxtar respublikanın əlverişli iqlim şəraiti kənd təsərrüfatının əhəmiyyətli sahələrindən olan meyvəçiliyin və tərəvəzçiliyin inkişafına da şərait yaradır, meyvə və tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlı tədbirlər uğurla davam etdirilir. Görülən işlər yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik məhsulların istehsalı ilə nəticələnir ki, bu da muxtar respublika əhalisinin sağlamlığının qorunması və rifahının yüksəldilməsi deməkdir. Həyata keçirilən tədbirlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın mühüm rolu vardır.
Kənd təsərrüfatının inkişafında başlıca amil olan meliorasiya sahəsi muxtar respublikamızda son illər ən çox diqqət göstərilən sahələrdəndir. Proqramın icrası istiqamətində də meliorasiya tədbirlərinin həyata keçirilməsi meyvəçiliyin və tərəvəzçiliyin səmərəli inkişafına təkan verməkdədir. Bu tədbirlərin uğurla reallaşdırılması üçün ən mühüm şərtlərdən biri müasir standartlara cavab verən texnoloji avadanlıqların tətbiq edilməsidir. Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Yeni texnika təqdimatı keyfiyyətli və bol məhsul istehsalında əsas amildir. Suvarma işləri və aqrotexniki tədbirlər də vaxtında həyata keçirilərsə, torpaqlardan bol məhsul götürülər. Bu gün muxtar respublikada yeni qapalı suvarma şəbəkələri qurulur. Yeni texnika və avadanlıqlardan həmin işlərin həyata keçirilməsində də istifadə olunacaqdır. Bütün bunlar isə kənd təsərrüfatının inkişafına mühüm töhfədir”. Dövlət proqramının icrasına uyğun olaraq üçüncü rübdə torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin tikintisi diqqətdə saxlanılmışdır. Ümumilikdə, iyul-sentyabr aylarında muxtar respublikada 1070 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilmiş, 55,81 kilometr müxtəlif diametrli borularla xətt çəkilmiş, 545 supaylayıcı hovuz, 545 hidrant quraşdırılmış, 32,21 kilometr kanallarda, 43,39 kilometr arxlarda lildən təmizləmə işləri yerinə yetirilmişdir.
Torpağın məhsuldarlığının və əkinçilik mədəniyyətinin yüksəldilməsi məhsul bolluğuna nail olmağın əsas vasitələrindəndir. Ekoloji cəhətdən münbitliyin artırılması, o cümlədən torpağın eroziyası ilə mübarizə mühüm əhəmiyyət kəsb edən məsələdir. Dövlət proqramında da bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. Üçüncü rübdə kənd təsərrüfatı istifadəsindən kənarda qalmış torpaq sahələrində meyvə bağlarının salınmasına ictimai marağın artırılması məqsədilə 6 maarifləndirici tədbir keçirilmişdir. Əkinçilikdə yüksək məhsuldarlığın təmin edilməsi istiqamətində hazırlanmış 350 buklet iri fermer və ailə təsərrüfatlarına paylanmışdır. Şərur rayonunun Xanlıqlar, Ələkli, Dərvişlər, Çəmənli, Kosacan və Siyaqut kənd bələdiyyələri üzrə torpaqların qida maddələri ilə təminolunma kartoqramları hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Həmçinin Dizə, Axura, Havuş, Həmzəli, Gümüşlü, Kəngərli rayonunun Yurdçu, Qabıllı, Çalxanqala, Yeni Kərki, Ordubad rayonunun Çənnəb, Üstüpü, Aza, Babək rayonunun Şıxmahmud, Yuxarı Uzunoba, Şahbuz rayonunun Biçənək, Aşağı və Yuxarı Qışlaq kənd bələdiyyələri üzrə işçi planları hazırlanaraq torpaq analizlərinin aparılması üçün “Araz” Elm-İstehsalat Birliyinə təhvil verilmişdir. Şərur, Babək, Culfa və Sədərək rayonlarında, ümumilikdə, 186,5 hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Əkin atlaslarına uyğun əkin aparılması məqsədilə sentyabrın 30-da Şərur rayonunda maarifləndirici tədbir keçirilmişdir.
Muxtar respublikada aqrar sektora göstərilən dövlət dəstəyi əsas etibarilə bu sahədə intensiv inkişafın təmin olunmasına və məhsuldarlığın yüksəldilməsinə şərait yaradır. Çünki kənd təsərrüfatı potensialından məqsədəuyğun istifadə dayanıqlı inkişafın əsas şərtlərindəndir. Üçüncü rübdə muxtar respublikaya 65 min kiloqram gübrənin, 4 min kiloqram toxumluq arpanın, 17 min kiloqram toxumluq buğdanın, 45 min 900 tərəvəz şitilinin və 6 min 250 müxtəlif tingin gömrük ödənişi tətbiq edilmədən gətirilməsi bu sahəyə göstərilən qayğının bariz nümunəsidir.
Meyvə-tərəvəz məhsullarının tədarükü və saxlanılması ilin bütün fəsillərində əhalinin bu məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi deməkdir. Bu mənada, muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biri də soyuducu anbarların yaradılmasıdır. Dövlət proqramının icrasına uyğun olaraq bu sahədə dövlət maliyyə dəstəyi əhəmiyyətli rol oynamaqdadır. Üçüncü rübdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda ümumi tutumu 200 ton olan 1 soyuducu anbarın yaradılması başa çatdırılmış, ümumi tutumu 250 ton olan 1 soyuducu anbarın yaradılması davam etdirilmişdir. “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumi tutumu 800 ton olan soyuducu anbarın layihə-smeta sənədləri hazırlanmış və tikintisinə başlanmışdır.
Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən uğurlu tədbirlər sakinlərin əkin sahələrini, təsərrüfatlarını genişləndirmələri və yeni təsərrüfatlar yaratmaları, texnikalar almaları ilə nəticələnir. Cari ilin üçüncü rübündə də bu, müşahidə olunmuşdur. Belə ki, Culfa rayonunda göbələk istehsalı sahəsinin, Babək rayonunda 3 hektarda bostan bitkilərinin əkini başa çatdırılmış, Babək rayonunda 2 bağçılıq təsərrüfatının yaradılması, Şahbuz rayonunda 1 bağçılıq təsərrüfatının fəaliyyətinin stimullaşdırılması davam etdirilmişdir. Ordubad rayonunun Üstüpü kəndində fəaliyyət göstərən 1 ailə təsərrüfatçısına əkin sahələrinə aqrotexniki qaydada qulluğun göstərilməsi və kənd təsərrüfatı texnikasının alınması məqsədilə 15 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Meyvəqurutma sahəsi ilə bağlı hazırlanmış 3 layihənin təqdimatı keçirilmiş, Şərur rayonunun Oğlanqala kəndində 1 istixana təsərrüfatının fəaliyyətə başlaması təmin olunmuşdur.
Məhsulun yüksək keyfiyyəti satışı və rentabelliyi artırır, ixrac potensialının yüksəlməsinə təkan verir. Bu da əhalinin rifah halının və həyat səviyyəsinin daha da yaxşılaşdırılması ilə nəticələnir. Ona görə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin nəzarətdə saxlanılması xüsusi əhəmiyyət daşıyır. Dövlət proqramının icrası məqsədilə iyul-sentyabr aylarında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 53 halda meyvə-tərəvəz məhsullarından orta nümunələr götürülərək laboratoriya analizlərinə cəlb edilmişdir. Keyfiyyət göstəricilərinin 52 nümunədə tələblərə cavab verdiyi, 1 nümunədə isə aşağı səviyyədə olduğu müəyyən edilmiş və nəticəsi barədə qanunvericiliyə uyğun tədbir görülmüşdür. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər üzrə məhsulların 91 halda keyfiyyət və ya təhlükəsizlik göstəriciləri yoxlanılmış, 2 halda sertifikatlaşdırma həyata keçirilmişdir.
Dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ilə sağlam rəqabət mühitinin yaradılması və kənd təsərrüfatı məhsullarının kütləvi istehsalı dövründə daxili bazarın qorunması iqtisadi artımı dayanıqlı edən başlıca amillərdən hesab olunur. Üçüncü rübdə proqramın icrası istiqamətində Nаxçıvаn şəhəri, Xətаi küçəsində yеrləşən Mərkəzi Bаzаrda hər həftənin şənbə və bazar günləri təşkil edilən yarmarkalar istehsal olunan məhsulların satışına hərtərəfli şərait yaratmışdır. Keçirilən yarmarkalarda ailə təsərrüfatları ilə yanaşı, 25 yerli istehsal müəssisəsinin iştirakı təmin edilmişdir.
Meyvə-tərəvəz təsərrüfatlarında ziyanverici və xəstəliklərin mövcudluğu məhsuldarlığın azalması təhlükəsi yaradır. Belə fəsadların qarşısının alınması üçün mübarizə tədbirlərinin vaxtında aparılması itkilərin sayını minimuma endirir. Bu istiqamətdə üçüncü rübdə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və rayon bazalarında yerləşən apteklərdə 150 kiloqram bitki mühafizə dərmanlarının satışı həyata keçirilmişdir. Bunlarla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının dəstəklənməsi, genetik modifikasiya olunmuş məhsulların muxtar respublikaya idxalının və dövriyyəsinin qarşısının alınması məqsədilə 3 maarifləndirici buklet hazırlanmış, ailə təsərrüfatlarına paylanması üçün şəhər və rayon icra hakimiyyətlərinə təqdim edilmişdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası muxtar respublika əhalisinin meyvə-tərəvəz məhsullarına olan tələbatının, əsasən, yerli istehsal hesabına ödənilməsinə səbəb olur. Eyni zamanda Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu isə meyvəçiliyin və tərəvəzçiliyin muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.
“Şərq qapısı”