Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini əhalinin məşğulluğunun artırılması, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Bu məqsədlə görülən tədbirlər yeni açılan iş yerlərinin sayının artmasına, işaxtaranların özünüməşğulluğunun təmin edilməsinə və səmərəli məşğulluğun inkişafına gətirib çıxarır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası son illərdə bu sahədə həyata keçirilən dövlət əhəmiyyətli tədbirlərin əhatəsinin genişlənməsinə şərait yaratmışdır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında qeyd olunduğu kimi: “Qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalmaqla Naxçıvan Muxtar Respublikasının inkişafı təmin edilməli, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaradılmalı, sosial sahələrin inkişafına diqqət artırılmalıdır”.
Dövlət proqramında 36 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuş, onların icrası ilə bağlı işlər 2020-ci ilin üçüncü rübündə də davam etdirilmişdir. Boş iş yerləri barədə məlumatların vaxtında təqdim edilməsinin əhalinin məşğulluğunun təmin olunmasında mühüm rolu vardır. Əldə edilən məlumatların sistemləşdirilməsi işaxtaran şəxslərin peşə və bacarıqlarına uyğun işlə təmin olunması üçün baza yaratmış olur. Eyni zamanda bu məlumatlar əmək bazarının keyfiyyətli monitorinqinin aparılmasına və düzgün proqnozlaşdırma işinin həyata keçirilməsinə imkan yaradır. İyul-sentyabr aylarında Dövlət proqramının icrasına uyğun olaraq boş iş yerlərinin toplanılmasının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 705 fiziki, 8 hüquqi şəxs olmaqla, ümumilikdə, vergi orqanlarında qeydiyyatdan keçmiş 713 şəxs haqqında məlumatlar təqdim edilmişdir. Həmçinin bu dövrdə işəgötürənlərin boş iş yerləri barədə məlumatları vaxtında göndərməsinə nəzarət həyata keçirilmiş, 242 müəssisə üzrə 980 boş iş yeri təqdim olunmuşdur. Üçüncü rübdə müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək üçün 114-ü dövlət, 64-ü özəl olmaqla, ümumilikdə, 178 müəssisədə sorğu keçirilmişdir. Proqramın icrasına uyğun olaraq Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən muxtar respublikada yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiya proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədilə 2021-ci il üçün əmək miqrasiyası kvotası təsdiq edilmişdir. Kvota 13 iqtisadi fəaliyyət sahəsi üzrə 500 yerdən ibarətdir. Həmçinin sosial tərəfdaşlıq mövzusunda işəgötürənlərlə 3 onlayn görüş keçirilmiş və bu tədbirlərdə əcnəbi işçi qüvvəsinin cəlb edildiyi yerlərin tələbatının yerli əmək bazarından təmin edilməsinin məqsədəuyğunluğu barədə məlumat verilmişdir.
Aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi işaxtaranlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə isə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq imkanı qazandırır. Dövlət proqramının icrası məqsədilə həyata keçirilən bu tədbirlər muxtar respublikanın əmək bazarında sabit vəziyyəti şərtləndirən müsbət meyillərin formalaşmasına şərait yaratmaqdadır. Üçüncü rübdə bu istiqamətdə təşkil olunan əmək yarmarkalarında 212 müəssisə tərəfindən 1613 boş iş yeri təqdim edilmiş, 223 nəfərin müvafiq işlə təmin olunması üçün göndəriş verilmişdir. Həmçinin sentyabr ayında səhiyyə işçiləri üçün təşkil edilmiş əmək yarmarkasında 540 iş yeri təqdim edilmiş, 67 işaxtarana göndəriş verilmiş, onlardan 57-si işlə təmin olunmuşdur. Müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə 196 işaxtaran sosial əhəmiyyətli haqqıödənilən ictimai işlərə cəlb edilmişdir. Üçüncü rübdə muxtar respublikada 876 nəfər məşğulluq xidməti orqanları tərəfindən vakant iş yerlərinə göndərilmişdir ki, onların 320-si gənc, 182-si qadın, 3-ü isə sağlamlıq imkanları məhdud şəxsdir.
Dövlət proqramında cəmiyyətin müxtəlif sosial kateqoriyalarına məxsus şəxslərin məşğulluğunun təmin edilməsi ilə bağlı müəyyən edilmiş tədbirlər mütərəqqi əhəmiyyətə malikdir. Bu istiqamətdə nəzərdə tutulan tapşırıqların vaxtında icrası sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin dövlət qayğısı ilə əhatə olunduğunun bariz nümunəsidir. Üçüncü rübdə Naxçıvan şəhəri, Babək, Ordubad, Culfa rayonları üzrə dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin işlə təmin edilməsi məqsədilə 2021-ci il üçün 105 kvota yeri müəyyən olunmuşdur. Eyni zamanda bu dövrdə 6 sosial qayğıya xüsusi ehtiyacı olan şəxs tərəfindən hazırlanmış 27 əl işinin satışı təmin edilmişdir.
İnsan amili başlıca məqsəd olan muxtar respublikada sosial-iqtisadi inkişaf tədbirləri reallaşdırılarkən məşğulluq siyasəti daim ön planda tutulur. Yeni quruculuq ünvanları muxtar respublikanın iqtisadi qüdrətini möhkəmlətməklə yanaşı, işaxtaranların faydalı məşğulluğunun təmin olunmasına da xidmət edir. İyul-sentyabr aylarında muxtar respublikada yeni yaradılan istehsal və xidmət sahələrində dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına, ümumilikdə, 63 yeni iş yeri yaradılmış, 650 iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir.
Muxtar respublika iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması da, öz növbəsində, əmək resurslarının məşğulluq imkanlarının artması ilə nəticələnir. Üçüncü rübdə bu istiqamətdə tədbirlər davam etdirilmiş, 2 bitki toxumlarından yağ, 1 doşab istehsalı sahəsinin, yerli resurslara əsaslanan 21 təsərrüfatın, 1 müəssisənin yaradılması, 2 təsərrüfatın isə genişləndirilməsi başa çatdırılmışdır.
Yaşadığımız cəmiyyətdə sosial-iqtisadi həyatın bütün sahələrində qabaqcıl texnologiyaların tətbiqi obyektiv zərurətə çevrilmişdir. Məşğulluq isə sosialyönümlü inkişafın başlıca parametrlərindən birini təşkil etdiyi üçün innovativ yeniliklərdən bu sahədə istifadə olunması iş keyfiyyətinin artmasına təkan verməkdədir. Dövlət proqramının icrası üçün iyul-sentyabr aylarında innovasiyalar tətbiq olunan yeni iş yerlərinin yaradılması məqsədilə Naxçıvan şəhəri üzrə 1 hüquqi şəxsə 5 milyon manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Əmək bazarında tələb və təklifin real vəziyyətinin qiymətləndirilməsi peşəyönümlü tədbirlərin səmərəsini artıran mühüm faktordur. İşaxtaranların peşə hazırlığının təşkili əmək resurslarının düzgün istiqamətləndirilməsinin əsas şərtidir. Üçüncü rübdə proqramda bu məqsədlə nəzərdə tutulan tədbirlər davam etdirilmiş, xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması məqsədilə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində 16 nəfər kursa cəlb edilmiş, Təhsil Nazirliyi tərəfindən təşkil edilən aşpaz kursunu 15 nəfər bitirmişdir. Milli və xalq tətbiqi sənət növlərində peşə kurslarının təşkili diqqətdə saxlanılmış, toxucu peşəsi üzrə təşkil edilən kursa 12 müdavim cəlb edilmiş, əvvəlki aylarda başlamış xalçaçı kursunu 17 nəfər bitirmişdir. Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunmuş 8 kursa 117 nəfər cəlb edilmiş, Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrindəki kursları 197 nəfər bitirmişdir. Eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində təşkil edilən qazanxana maşinisti kursuna 12 məhkum cəlb olunmuşdur. Üçüncü rübdə 22 sağlamlıq imkanları məhdud və evdar qadınla müvəqqəti məşğulluqlarının təmin edilməsi məqsədilə yun corab və şərf toxunması üçün əmək müqavilələri bağlanmışdır.
Dövlət proqramında müəyyən olunmuş əhəmiyyətli tədbirlərdən biri də Naxçıvanda aztəminatlı ailələrin sosial müdafiəsi ilə bağlı çoxsaylı layihələrin davam etdirilməsidir. Özünüməşğulluq da bu sahədə müsbət nəticələri ilə diqqətçəkən tədbirlərdəndir. Muxtar respublikada iyul-sentyabr aylarında 64 aztəminatlı ailənin özünüməşğulluğunun təmin olunmasına, fərdi təsərrüfatının yaradılmasına və inkişaf etdirilməsinə köməklik göstərilmişdir. Həmin ailələrdə 33 sağlamlıq imkanları məhdud, 3 müharibə veteranı, 13 ailə başçısını itirən, 10 nikahı pozulmuş, 4 cəzaçəkmə müəssisələrindən azad edilmiş, 2 həyat yoldaşı həbsdə olan sosial statuslu şəxslər vardır. Həmçinin əvvəlki dövrlərdə özünüməşğulluq proqramına cəlb edilmiş 6 nəfər təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirdiyi üçün əlavə olaraq kənd təsərrüfatı avadanlığı ilə təmin edilmişdir. Culfa rayonunda sağlamlıq imkanı məhdud 1 fiziki şəxsə tingçilik təsərrüfatının yaradılması məqsədilə 4 min manat, Sədərək rayonunda meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi məqsədilə 1 fiziki şəxsə 8 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Təhlükəsiz iş şəraitinin təşkili işçilərin əmək hüquqlarının təmin edilməsinin vacib göstəricisidir. Bu məqsədlə görülən işlər insan amilinə verilən dəyərin ölçüsünü müəyyənləşdirməkdədir. Üçüncü rübdə Dövlət proqramının icrasına uyğun olaraq 7 sahibkarlıq obyektində aparılan nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən 18 işçi aşkar edilmişdir ki, həmin işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunmuş, işçilərlə yeni əmək müqaviləsinin bağlanması təmin edilmişdir. Muxtar respublika üzrə, ümumilikdə, 10 obyektdə nəzarət aparılarkən fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 39 işçi həmin vasitələrlə yerində təmin edilmiş, 9 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılmışdır. Eyni zamanda yeni əmək fəaliyyətinə başlayan 495 sığortaolunana elektron qaydada sosial sığorta şəhadətnaməsi sifariş edilmişdir.
Əməyin mühafizəsinin etibarlı təşkilində maarifləndirmə işi də effektiv nəticə verməkdədir. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında təhlükəsiz iş üsullarından istifadənin öyrədilməsi əsas vəzifələrdəndir. Üçüncü rübdə əməyin mühafizəsi və kadrlar üzrə biliklərin artırılması məqsədilə onlayn qaydada 38 müəssisənin mütəxəssislərinin iştirakı ilə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində 2, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 1 seminar təşkil edilmişdir. Bu istiqamətdə maarifləndirici bukletlər hazırlanaraq həmin müəssisələr üzrə işəgötürənlərin elektron ünvanlarına göndərilmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 184 nəfərlə müqavilə bağlanmışdır.
Proqramda məşğulluq sahəsində məlumatlandırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. Üçüncü rübdə də muxtar respublikanın kütləvi informasiya vasitələrində məşğulluq sahəsində görülmüş işlərə dair məlumatların verilməsi davam etdirilmişdir. Bu məqsədlə Naxçıvan Dövlət Televiziyasında 7 veriliş, 26 süjet, Naxçıvan Dövlət Radiosunda 5 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 13, rayon (şəhər) qəzetlərində 15 yazı çap olunmuşdur.
Görülən işlər deməyə əsas verir ki, Naxçıvanda əmək ehtiyatlarının əmək bazarına uyğun formalaşdırılması işi və müvafiq Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası yeni nailiyyətlərlə davam edir.
“Şərq qapısı”