22 Dekabr 2024, Bazar

Muxtar respublikamızın iqtisadiyyatında mühüm paya malik olan aqrar sektor regionda ərzaq təhlükəsizliyinin təmini və əhali məşğulluğu məsələlərinin həllində əsas yer tutur. Bu baxımdan aqrar sektorun inkişaf etdirilməsi və mövcud torpaq, iqlim resurslarından səmərəli istifadə olunması üçün aqrar sığorta münasibətlərinin də əhəmiyyəti böyükdür. Buna görə də fermer və torpaq mülkiyyətçilərinin biznes maraqlarının qorunması məqsədilə muxtar respublikamızda həyata keçirilən aqrar sığortanın genişləndirilməsi üzrə verilmiş tapşırıqların icrasına diqqət artırılır.

Kənd təsərrüfatı hər cür təbii hadisələrə, eləcə də insanların səbəb olduğu texnogen qəzalara qarşı çox həssasdır. Müxtəlif təbii fəlakətlər – zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin zərərvericilərin vurduğu ziyanlar, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmaları, zəhərli otlar və yemlərdən zəhərlənmə, kütləvi zəhərlənmələr nəticəsində ölüm, vəhşi heyvanların hücumu, habelə yanğın və üçüncü şəxslərin hərəkətləri nəticəsində kənd təsərrüfatına xeyli miqdarda zərərlər dəyməsi və məhsuldarlığın aşağı düşməsi baş verir. Bu isə aqrar sahə ilə məşğul olan insanların ilboyu çəkdiyi zəhmətin nəticəsiz qalmasına səbəb olur ki, aqrar sığortanın mahiyyəti də belə gözlənilməz hadisələrdən həm bitkiçilik, həm də heyvandarlıq məhsulları istehsalına dəyə biləcək zərərlərin əvəzinin ödənilməsidir.

Aqrar sığortanın həyata keçirilməsinə hazırda ciddi diqqət yetirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi, könüllü sığortanın tətbiqi və səyyar xidmətin əhatə dairəsinin genişləndirilməsi, insanların maarifləndirilməsi ilə yanaşı, sığorta bazarında aqrar sektorun xüsusi çəkisinin artırılması kimi mühüm vəzifələr qoyulub. Ötən dövrdə bu vəzifələrin icrası istiqamətində görülmüş işlər muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinə müsbət təsir edib. Aqrar sığortanın predmetinə daxil edilən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, limon, tütün, üzüm, badam, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə isə 1 yaşdan 7 yaşa qədər südlük inək və camışlar, xırdabuynuzlu heyvanlar, həmçinin akvakultura məhsulu üzrə balıqların sığortasının təşkili bu sahədə çalışan təsərrüfatçıların işinə müsbət təsir edir. Bu həm də sadalanan sahələrdəki məhsulların istehsalında artım, bazardakı qiymətlərin sabitləşməsi və istehsalı genişləndirmək üçün şəraitin təmin edilməsində də əhəmiyyətlidir. Həyata keçirilən bütün işlər, eyni zamanda sığorta bazarının gücləndirilməsinə də xidmət edir.
Hazırda muxtar respublikamızda aqrar sığorta üzrə aparılan işlərin bu sahədə ötən illərə nisbətən xeyli irəliləyişlər olduğunu göstərir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidmətindən aldığımız məlumata görə, cari ilin 8 ayının nəticələrinə əsasən mal-qara sığortası üzrə bağlanılmış müqavilələrin sayında artım qeydə alınıb. Bu müddətdə iribuynuzlu heyvanların sığortalanması üzrə 305, xırdabuynuzlu heyvanların sığortası üzrə isə 777 müqavilə bağlanılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 241 və 618 ədəd artım deməkdir. Əkin sahələrinin sığortasına gəldikdə isə torpaq mülkiyyətçiləri ilə 771 müqavilə bağlanılıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 146 ədəd çoxdur. Fermer və torpaq mülkiyyətçilərinin sərəncamında olan kənd təsərrüfatı texnikalarının sığortası da diqqət mərkəzində saxlanılıb və bu dövrdə 66 texnika sığortalanıb. Muxtar respublikamızda gəlirli sahə olan arıçılığa diqqətin artırılması arı ailələrinin də sığortalanmasını gündəmə gətirir. Bəhs olunan dövrdə 45 arı ailəsi sığortalansa da, gələcəkdə bu sahədə daha çox artım olacağı şübhəsizdir.
Aqrar sahə üzrə sığorta işi könüllü sığorta qaydasında həyata keçirilir. Ona görə də bu vacib sahədə verilmiş tapşırıqların uğurla yerinə yetirilməsi üçün maarifləndirmə işləri ilə yanaşı, baş vermiş sığorta hadisələrinə görə qanunun tələblərinə uyğun olaraq sığorta ödənişlərinin verilməsi də əsas şərtlərdəndir. Bu mənada, vətəndaşların sığorta xidmətlərinə birbaşa çıxışının təmin edilməsi və onlara yaşadıqları yerdən çıxmadan müqavilələrin bağlanılmasına kömək məqsədilə yaradılmış səyyar sığorta xidmətinin ötən dövrdəki fəaliyyəti diqqətçəkicidir. Baş vermiş sığorta hadisələrinə görə dəymiş zərərlərin vaxtında ödənilməsi sığortalıların bu sahəyə olan marağını artıran amil kimi diqqətdə saxlanılıb. Belə ki, bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti tərəfindən mal-qara sığortası üzrə 31, taxıl sahələrinin sığortası üzrə isə 5 hadisəyə görə vətəndaşlara ödənişlər verilib. Bütün bunlar da aqrar sahədə fəaliyyət göstərən vətəndaşların sabit gəlir əldə etməsinə şərait yaradır.

- Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR