22 Dekabr 2024, Bazar

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf konsepsiyasının Naxçıvan Muxtar Respublikasında ardıcıl şəkildə və uğurlu icrasının nəticəsidir ki, 30 ildir, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda bütün sahələrdə dinamik inkişafa nail olunmuşdur. Təbii ki, muxtar respublikamızda sosial-iqtisadi göstəricilərin artım tempinin qorunub saxlanılmasında icra edilən Dövlət proqramlarının mühüm əhəmiyyəti vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın da əsas məqsədi muxtar respublikanın dayanıqlı inkişafının təmin olunmasına imkan verən əlverişli mühit yaratmaqdan ibarətdir.

Muxtar respublikamızda müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən işlər yol-nəqliyyat kompleksinin yenilənməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Proqramda nəzərdə tutulan yol təsərrüfatı və nəqliyyatın inkişafı tədbirlərinin icrası həm sosialyönümlü inkişafın təmin olunmasına, həm də muxtar respublikamızın iqtisadi qüdrətinin artırılmasına şərait yaradır. Bu tədbirlər üçüncü rübdə də uğurla davam etdirilmiş, sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın-Ərəzin kənd avtomobil yolunun açılışını etmişdir. Ümumi uzunluğu 12,9 kilometr olan avtomobil yolu yenidən qurulmuş, asfalt örtük salınmışdır. Həmçinin bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında 1 təyyarəyə yanacaq vuran maşın, yanacağın qəbul çəni üçün 1 seperator filtri alınmış, 37 kamera, 1 kamera sistemi, 2 monitor quraşdırılmış, 1 baqaj konveyeri istifadəyə verilmişdir. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 12 dəfə texniki baxışdan keçirilmiş, 8 dəfə cari təmir işləri aparılmışdır. Culfa İstismar Vaqon Deposunda 27 vaqon təmir edilmişdir. 3 ağac şpal yeni, 65 ağac şpal yarımyararlı, 163 ağac şpal isə yarımyararlı dəmir beton şpallarla əvəz olunmuşdur. Stansiyalarda 500 mis relsbirləşdirici, 19 yoldəyişənin izolyasiya dəsti, 1590 rezin altlıq dəyişdirilmiş, 4 izolyasiya calağı və yararsız vəziyyətdə olan 125 izolyator yenisi ilə əvəz olunmuşdur. Naxçıvan stansiyasının alçaq sərnişin platformasında isə əsaslı təmir işləri başa çatdırılmışdır. Eyni zamanda üçüncü rübdə Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması, Şərur rayonunun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi davam etdirilmişdir.

Enerji təhlükəsizliyi hər bir ölkənin, cəmiyyətin sosial-iqtisadi inkişafına və tərəqqisinə təsir göstərən mühüm amillərdəndir. Bu sahənin inkişafı istiqamətində muxtar respublikada həyata keçirilən tədbirlər yaxın dövrə deyil, həm də gələcək onilliklərdə dayanıqlı və keyfiyyətli enerji əldə olunmasına hesablanıb. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Muxtar respublikanın ümumi inkişafını xarakterizə edərkən enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər xüsusi qeyd olunmalıdır. Gələcəkdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə diqqətdə saxlanılmalı, istehlakçılar dayanıqlı elektrik enerjisi ilə təmin olunmalı, qarşıdakı dövrdə tələbat tamamilə bərpa olunan enerji mənbələri hesabına ödənilməlidir”. Bu istiqamətdə Ali Məclisin Sədri iyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmiş, həmin gün və sentyabrın 3-də Dövlət Energetika Xidmətinə təqdim olunan avtomobil, texnika və avadanlıqlara baxmışdır. Ümumilikdə, xidmətə 1 “Hyundai İoniq”, 4 “Qazel”, 2 “Ford”, 2 dəst 400 kilovat “ISUZU” markalı enerji mənbəli qəza avtomobili, 410 dəst günəş su qızdırıcısı, 410 dəst 2 kilovat günəş istehsal, 6 dəst 10 kilovat avtomatik külək-günəş hibrid enerji istehsal və 1 “BKM-317A” markalı yerqazan qurğu alınmışdır. Üçüncü rübdə Ordubad və Tivi Su Elektrik Stansiyalarının tikintisi davam etdirilmişdir. Şərur rayonunda 5 meqavat gücündə yeni Günəş, Culfa rayonunda gücü 1 meqavat olacaq külək-günəş elektrik stansiyalarının tikinti işlərinə başlanmışdır. Muxtar respublikanın şəhər və rayonlarında 16 kilometr uzunluğunda yeni elektrik verilişi xətləri çəkilmişdir. Bütün bunlarla yanaşı, iyul-sentyabr aylarında 24-ü əvəz edilən, 118-i yeni olmaqla, ümumilikdə, 142 smartkarttipli qaz sayğacı quraşdırılmışdır. Naxçıvan Şəhər Qaz Paylayıcı Stansiyasının inzibati binası və həyətyanı sahəsi əsaslı təmir olunmuşdur.
Geniş infrastruktura malik sosial kommunikasiya mühitinin yaradılması cəmiyyətin inkişafını təmin edən mühüm faktorlardandır. Dövlət proqramında bu məqsədlə nəzərdə tutulan tədbirlər üçüncü rübdə də davam etdirilmişdir. Sentyabrın 15-də Culfa rayonunun Camaldın kəndində Ali Məclisin Sədri tərəfindən açılışı edilmiş Kənd Mərkəzində rabitə evi fəaliyyətə başlamışdır. Kənddə 192 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyası qurulmuşdur. Həmçinin ayın 18-də Ali Məclisin Sədri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binasının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə iştirak etmişdir. Stansiyalarda müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində Naxçıvan Mərkəzi Avtomat Telefon Stansiyasında xüsusi avadanlıq quraşdırılmışdır. Ümumilikdə, iyul-sentyabr aylarında 14 min 747 metr fiber-optik kabel xəttinin çəkilməsi başa çatdırılmış, 1717 abonent internetlə təmin olunmuş, 596 yeni telefon nömrəsi istifadəyə verilmişdir. “Evədək optika” layihəsi çərçivəsində 20 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmiş, GPON avadanlığı quraşdırılmışdır. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kurslara 308 dinləyici cəlb edilmişdir. Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində kompüter istifadəçisi ixtisasını 19 müdavim bitirərək sertifikat almışdır.

Naxçıvanda əhalinin sağlamlığının qorunması və sosial rifahının yüksəldilməsi daim diqqət mərkəzindədir. Su təchizatı, kanalizasiya xidmətləri, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi istiqamətində reallaşdırılan layihələr əhalinin içməli su tələbatının ödənilməsində, torpaqların su təminatının yaxşılaşdırılmasında əvəzedilməz rola malik olmaqla yanaşı, həm də insan amilinə verilən dəyərdir. İyulun 24-də Ali Məclis Sədrinin iştirakı ilə Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin və Cəlilkənddə içməli su şəbəkəsinin açılışı olmuşdur. Üçüncü rübdə Şərur, Babək, Ordubad, Sədərək və Kəngərli rayonlarında müxtəlif diametrli borularla 65 kilometr içməli su, 34 kilometr kanalizasiya xətti çəkilmişdir. Ali Məclisin Sədri avqustun 28-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikaların təqdim edilməsi ilə bağlı tədbirdə iştirak etmişdir. Həmin gün cəmiyyətə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunmuşdur. İyul-sentyabr aylarında Ordubad şəhərində 1 subartezian quyusu bərpa edilərək balansa alınmış, Babək rayonunun Sirab kəndində 1 subartezian quyusu qazılmışdır.
Proqramın icrasına uyğun olaraq günün tələbləri səviyyəsində həyata keçirilən abadlıq-quruculuq tədbirləri şəhər və kəndlərimizin simasını, bütövlükdə, dəyişir, müxtəlif fəaliyyət sahələri üzrə müasir iş şəraitinin yaradılmasına xidmət edir. Ali Məclis Sədrinin iştirakı ilə iyulun 2-də Şərur şəhərində Təqaüdçülər Klubunun, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının, avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 8-ci Sərhəd Zastavası üçün yeni yaşayış kompleksinin, sentyabrın 15-də Culfa rayonunun Camaldın kəndində xidmət və kənd mərkəzlərinin istifadəyə verilməsi insanların həyat tərzinin daha da yaxşılaşmasına və müasirləşməsinə səbəb olmuşdur. Quruculuq işlərinin davamı olaraq iyul-sentyabr aylarında Naxçıvan şəhərində 7 mərtəbəli, 6 mənzilli yaşayış binasında, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin inzibati binasında həyata keçirilən təmir işləri, Naxçıvan şəhərində 2, Şərur şəhərində 1, Culfa şəhərində 1 yaşayış binasının fasadının üzlənməsi muxtar respublikanın cazibədar görünüşünə töhfə olmaqla yanaşı, həm də insanların rahatlığına xidmət edir.
Dövlət proqramında sosial infra­strukturun yaxşılaşdırılması tədbirləri çərçivəsində təhsil müəssisələrinin əsaslı təmir və tikintisinin davam etdirilməsinin mütərəqqi əhəmiyyəti vardır. Çünki muxtar respublikanın sosial-iqtisadi inkişafında təhsil həlledici rola malikdir. Sentyabrın 15-də – Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir cəmiyyətin tərəqqisinin başlıca amili təhsildir. Bu, ölkələrin inkişafına münasibətdə də belədir. O ölkə irəli gedir, inkişaf edir ki, orada təhsil dövlət səviyyəsində qayğı ilə əhatə olunur. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır...” Həmin gün kənddə həkim ambulatoriyası istifadəyə verilmiş, sahə baytar məntəqəsi işə başlamış, kitabxana və mədəniyyət evinin fəaliyyəti üçün yeni tikilmiş kənd mərkəzində müasir şərait yaradılmışdır. Ali Məclisin Sədri sentyabrın 25-də Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanmışdır. İyul-sentyabr aylarında Naxçıvan Regional Peşə Tədris Mərkəzinin inzibati binasında, Şərur rayonunun Zeyvə kənd tam orta məktəbində və Naxçıvan Şəhər Akademik Zərifə Əliyeva adına Poliklinika binasında təmir işləri başa çatmışdır. “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ arsenli su müalicə və istirahət kompleksinin, Şərur rayonunda Mədəniyyət Sarayının tikintisi davam etdirilmişdir. Culfa şəhərində 1 ictimai yaşayış binasının zirzəmisində təmir işləri başa çatdırılmışdır. Eyni zamanda Naxçıvan şəhərində 2, Şərur şəhərində 2, Culfa şəhərində 1 ictimai yaşayış binasının zirzəmisində təmir işləri davam etdirilmişdir.
Naxçıvanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət proqramının icrası istiqamətində üçüncü rübdə 64 aztəminatlı ailənin özünüməşğulluğu təmin olunmuşdur. Bu ailələrdən 49-na yanıbalalı iribuynuzlu, 9-na yanıbalalı xırdabuynuzlu, 4-nə miniyerşumlayan aqreqat, 1-nə mebel təmiri və üzlənməsi avadanlıqları, 1-nə isə unlu məmulatların hazırlanması üçün ləvazimatlar verilmişdir. Bu dövrdə ünvanlı dövlət sosial yardımı almaq üçün əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 20 nəfər işlə təmin olunmuşdur.
Muxtar respublikanın ixrac potensialının artırılmasında, istehsalın intensivləşdirilməsi istiqamətində proqramda nəzərdə tutulan sənaye və kənd təsərrüfatı sahəsinin inkişafı tədbirləri mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər çərçivəsində üçüncü rübdə Şərur Sənaye Məhəlləsində 3 istehsal korpusunun tikintisi davam etdirilmişdir. Yeni sənaye müəssisələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 2 layihənin maliyyələşdirilməsinə 5 milyon 15 min manat həcmində güzəştli şərtlərlə kredit verilmişdir. Yerli və idxal xammala əsaslanan 28 istehsal müəssisəsinin yaradılması ilə bağlı təkliflər hazırlanmış, Ordubad rayonunun Dəstə kəndində “Dəstə Un Dəyirmanı” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilmişdir. İyul-sen­tyabr aylarında dövlət maliyyə dəstəyi hesabına 1 quşçuluq, 15 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır.
Becərilən torpaqların münbitliyinin bərpası məqsədilə 3, orqanik gübrə istehsalının dəstəklənməsi istiqamətində 2 seminar-müşavirə keçirilmişdir. İyul-sentyabr aylarında 2 min 445 kiloqram müxtəlif növ meyvə, ağac və kolların toxumları tədarük edilmişdir. “Araz” Elm-İstehsalat Birliyi tərəfindən Ordubad rayonunun 5 kəndinin təsərrüfata yararlı sahələrindən torpaq nümunələri götürülmüş, tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirmək üçün kimyəvi analizlər aparılmışdır. Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək və Kəngərli rayonlarında əkin dövriyyəsindən kənarda qalmış 3 min 200,8 hektar torpaq sahəsinin planı hazırlanmışdır. Suvarılan torpaq sahələrinin genişləndirilməsi və su təminatının yaxşılaşdırılması məqsədilə Şahbuz rayonunun Külüs kəndində 340 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılmışdır. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin rayon bölmələrinə 1 milyon 853 min 983 manat dəyərində 72 müxtəlif texnika və texnoloji avadanlıq verilmişdir. Cəmiyyət tərəfindən 48 müxtəlif texnika və avadanlığın güzəştli şərtlərlə satışı təşkil olunmuşdur. “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında isə 33 fiziki və hüquqi şəxslə ümumi dəyəri 710 min 600 manat olan 44 kənd təsərrüfatı avadanlığının icarəyə verilməsi ilə bağlı lizinq müqavilələri bağlanmışdır.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar tərəfindən kiçik və orta sahibkarlara 1 milyon 920 min manat həcmində kreditlər verilmişdir. Tətbiq olunan güzəştlərdən düzgün və təyinatı üzrə istifadə edilməsinə nəzarətin təmin olunması məqsədilə 2017-2019-cu illərdə investisiya təşviqi sənədi almış 10 sahibkarlıq subyektində ümumi qiymətləndirmə aparılmışdır. Üçüncü rübdə 20 nəqliyyat infrastrukturu obyektində dəqiqləşdirmə işləri yekunlaşdırılmış, 2 mindən çox ünvan lövhəsi və giriş nömrə nişanlarının hazırlanması üçün sifariş verilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin proqram təminatının hazırlanması ilə əlaqədar Şahbuz rayonunun 1 şəhər, 1 qəsəbə və 15 kənd bələdiyyəsi üzrə reyestr məlumatlarının yeni xəritələrin üzərinə köçürülməsi zamanı aşkara çıxan uyğunsuzluqlar naturada dəqiqləşdirilərək aradan qaldırılmışdır. Həmçinin rayonun bütün bələdiyyələri üzrə həyətyanı və pay torpaq sahələrinin miqrasiya işləri başa çatdırılmışdır. Gömrük infrastrukturunun inkişaf etdirilməsi diqqət mərkəzində olmuş, Sədərək Gömrük İdarəsi 4 qapıtipli maqnoskaner və 10 rentgen yoxlama-baxış qurğusu ilə təmin edilmişdir. İdarədə avtonəqliyyat vasitələrinin gömrük nəzarətini sürətləndirmək məqsədilə 6 maşınaltı izləmə sistemi, yük nəqliyyat vasitələrinin çəkilməsi üçün 60 tonluq 2 tərəzi, rahat və sürətli keçidin təmin olunmasına xidmət edən 26 istiqamətverici monitor, 1 stasionartipli dezinfeksiya baryeri, 3 məsafədən istilikölçən termal kamera, 7 elektron bəyanetmə köşkü və 5 məlumat lövhəsi quraşdırılmışdır. Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində 12 köşk, 36 kamera və 12 şlaqbaumdan ibarət “Sərhədkeçmə vaxtının ölçülməsi” sistemi quraşdırılmışdır. İyul-sentyabr aylarında 12 nəqliyyat vasitəsinin özəlləşdirilməsindən 87 min 600 manat vəsait dövlət büdcəsinə daxil olmuşdur. Tоrpaq və qeyri-yaşayış sahələri üzrə bağlanmış icarə müqavilələrindən 41 min 38 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
Həyata keçirilən tədbirlər onu göstərir ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”nın uğurlu icrası yeni perspektivlərə yol açmaqdadır. Bu tədbirlərin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi muxtar respublikamızın sosial-iqtisadi qüdrətinin daha da artırılmasına təkan verəcəkdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR