22 Dekabr 2024, Bazar

Muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi, innovativ texnologiyaların və müasir idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, emal sektorunun inkişafının yüksəldilməsi, yerli istehsal məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Son illərdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq yüzlərlə müasir müəssisə fəaliyyətə başlamış, yeni sənaye sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmışdır. Bu gün sənayenin inkişafına yeni təkan vermək, özəl sektorun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye zonalarının yaradılması uğurla davam etdirilir.

Sosial-iqtisadi inkişafa dair qəbul edilən dörd Dövlət proqramının icrası çərçivəsində muxtar respublikada da böyük işlər görülmüş, infrastruktur layihələri həyata keçirilmişdir. Cari ilin yanvar-sentyabr ayları ərzində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 112 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 58 sahənin yaradılması davam etdirilmişdir.
Yeni istehsal sahələri muxtar respublika iqtisadiyyatında əlavə dəyər yaratmaqla yanaşı, regionların inkişafının sürətləndirilməsinə və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir. Belə ki, müxtəlif istiqamətlər üzrə yaradılan yeni sahələrdə 415 yeni iş yeri açılmış, 650 yeni iş yerinin açılması istiqamətində işlər davam etdirilmişdir.
Özəl sektorun, kiçik və orta sahibkar­lığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerləri yaradılmasının göstəricisi olmaqla, bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu yaradılmış və fondun vəsaitləri regionun hərtərəfli inkişafı üçün prioritet olan istiqamətlər üzrə həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilməkdədir. Fond tərəfindən cari ilin ötən dövrü ərzində 123 layihənin maliyyələşdirilməsinə 13 milyon 700 min manatdan çox güzəştli kredit vəsaiti ayrılmış, həmin vəsaitlər sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 400-dən çox sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 384 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir.
Bazar iqtisadiyyatı şəraitində ümumi iqtisadi fəallıqda əsas yeri kiçik və orta sahibkarlıq subyektləri tutur. Təşəbbüskar­lıqda həlledici rol da məhz onlara məxsusdur. Ailə təsərrüfatlarının inkişaf etdirilib onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkar­lığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Belə ki, sahibkarlığın inkişafının bir yolunun da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçdiyini deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ailə təsərrüfatlarının həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verdiyini vurğulamışdır. Ailə təsərrüfatlarının inkişafı rayon və kəndlərdə özünüməşğulluğun təmin olunması, əhalinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
2020-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilmiş layihələrdən heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, süd məhsullarının emalı və qablaşdırılması, unlu-qənnadı məmulatların paketlənməsi üçün xammalın və taranın alınması, qovurmanın qablaşdırılması məqsədi ilə 44 ailə təsərrüfatına 510 min 600 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkarlara, iş adamlarına daim dəstək göstərməsi iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR