22 Dekabr 2024, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkəmizdə dəmiryolçuların peşə bayramı kimi qeyd edilir.
Ölkəmizdə dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə respublikaya rəhbər təyin olunan ulu öndərin təşəbbüsü sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və inkişafa təkan verilmişdir. Belə ki, dəmir yolu üçün ən əsas amil sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkilmiş, yeni vağzal binaları inşa olunmuş, stansiyalarda yoldəyişən və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edilmişdir. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176 olmuş, həmin dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.

Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və bir milyondan artıq azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran təcavüz nəticəsində Azərbaycan dəmir yoluna da ciddi ziyan dəymişdir. Belə ki, 240 kilometrdən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qalmış, Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisindən təcrid edilərək blokadaya düşmüş və dəmir yolu əlaqəsi kəsilmişdir.
1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərən ulu öndər dəmir yolu infrastrukturunun dağılmasının qarşısını almış, daxili yük və sərnişin daşınmasında dəmir yolu nəqliyyatından istifadə olunmuşdur. Ümummilli liderin ikinci dəfə Azərbaycanda siyası hakimiyyətə qaydışından sonra isə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmiryol nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu qayğıdan muxtar respublikanın dəmir­yol təsərrüfatına da xeyli pay düşmüşdür. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, Dəstə, Yaycı, Culfa, Dərəşam, Nehrəm, Qarabörk, Naxçıvan, Şahtaxtı, Qıvraq, Şərur, Vəlidağ stansiyalarının İdarəetmə mərkəzlərində, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada əsaslı yenidənqurma və təmir işləri aparılmışdır. Həmçinin Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad, sərnişin vağzalı binalarında, 12 stansiyanın İdarəetmə mərkəzlərində, cəmiyyət aparatının, eləcə də İnfrastruktur İdarəsinin inzibati binalarında, əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada yüksək səviyyədə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Proqrama uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında yerləşən Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radio-Rabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər blokların daşınmasına başlanılmışdır. Həmçinin Culfa stansiyasında “Naxçıvanterminalkompleks” Birliyi üçün 258 poqonometr, Naxçıvan stansiyasında isə 220 poqonometr uzunluğunda dəmir yolu xətti çəkilmişdir.
Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri aparılmış, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. Ötən müddətdə Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılmış, qatarların təhlükəsiz hərəkəti təmin edilmişdir. 2014-cü il dekabr ayının 26-da İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır.
Muxtar respublikamızda aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də simasını xeyli dərəcədə dəyişmişdir. Bu tədbirlərin davamı olaraq 2018-ci ilin aprel ayının 2-də Ordubad dəmir yolu sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilmişdir. Cari ilin 9 ayında cəmiyyət üzrə 69 min 858 nəfər sərnişin daşınmış və cəmiyyətin hesabına 22 min 100 manat vəsait daxil olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir”.
2016-cı il fevral ayının 23-də Tehran şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsinə dair memorandum imzalanmış və bütün zəruri tədbirlər həyata keçirilərək, dekabr ayının 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarı fəaliyyətə başlamışdır. Bu məqsədlə də Bakı şəhərindən 3 ədəd yeni sərnişin vaqonu alınıb gətirilmişdir. Həmçinin Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılmışıdr. Həmin stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri də yaradılmışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvana birləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə əlaqədar ötən müddət ərzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq işlər görülmüşdür. Belə ki, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsində yeni ikili dəmir yolunun çəkilməsi istiqamətində ilkin layihələndirmə işləri həyata keçirilmişdir.
Bütün inzibati, texniki və yardımçı, vağzal binalarında, həmçinin sərnişin vaqonlarında pandemiyaya qarşı zəruri qabaqlayıcı tədbirlər görülərək, dezinfeksiya işləri həyata keçirilmiş və bu işlər davam etdirilir.
Muxtar respublikada dəmir yolu nəqliyyatı sisteminin idarə olunması, eləcə də yenidənqurma işlərinin həyata keçirilməsi üçün ixtisaslı kadrların hazırlanmasına da xüsusi diqqət yetirilmişdir. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriya istifadəyə verilmişdir. Hər il Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin yuxarı kurs tələbələri dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat təcrübəsi keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 26 məzun dəmir yolunun müxtəlif strukturlarında əmək müqaviləsinə əsasən müvafiq vəzifələrdə çalışırlar.
Dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Belə ki, ötən illər ərzində dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilərək onlardan 2 nəfəri Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1 nəfəri “Şöhrət” ordeninə, 3 nəfəri “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 24 nəfəri isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Dəmiryolçular bundan sonra da işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.


“Naxçıvan Dəmir Yolları”
Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR