Muxtar respublikamızda aparılan quruculuq işləri uzun illərdir ki, geniş vüsət alıb. Şərur rayonuna da bu quruculuqdan xeyli pay düşüb. Belə tədbirlər cari ildə də davam etdirilir. Quruculuq ünvanları sırasında rayon mərkəzində inşa olunan Mədəniyyət sarayı da var.
İş icraçısı Vüqar Şabanovdan aldığımız məlumata görə, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq binanın birinci mərtəbəsində 311 oturacaq yerlik zal, qarderob, bufet, növbətçi, kassa, açıq zal və başqa otaqlar yerləşəcək. İkinci mərtəbə isə şöbə müdiri, qəbul otağı, məşq otağı, mühasibatlıq, rejissor məsləhətçisi, dəhliz və digər xidməti otaqlardan ibarət olacaq. Mədəniyyət sarayının arxa bölümündə isə qrim və geyim otaqları, ikinci mərtəbədə direktor, geyim otağı, bədii rəhbər, metodist, yallı işçiləri yerləşəcək. Ümumilikdə, 130 kvadratmetr sahədə tikilən binada hazırda tamamlama işləri görülür.
Daha bir quruculuq ünvanı isə şəhərin mərkəzi küçələrinin birində yerləşən, zirzəmi ilə birlikdə 6 mərtəbəli yaşayış binasıdır. 40 mənzildən ibarət olan bina liftlə də təmin ediləcək. Hazırda tamamlama işləri aparılan binanın zirzəmisində qadın-kişi gözəllik salonları, ərzaq mağazası və elektrik avadanlıqlarının təmiri sexi, Gigiyena və Epidemiologiya Mərkəzi üçün otaq da ayrılacaq.
Telli MƏMMƏDOVA