22 Dekabr 2024, Bazar

Azərbaycanda həyata keçirilən iqtisadi və siyasi islahatlar nəticəsində mühasibat uçotunun mahiyyəti və funksiyaları, müəssisədə onun yerinə yetirdiyi vəzifələr dəyişərək bir çox hallarda uçot sistemini müəssisənin özünün  seçməsinə imkan  yaratmışdır. Uçot iqtisadiyyatın bütün sahələri üzrə müxtəlif fəaliyyət növlərini bir-birinə bağlayan halqadır. Müəssisə və təşkilatlar bir çox qarşılıqlı ünsürlərdən ibarətdir, bəziləri kommersiya  fəaliyyətlərini, digərləri isə rəhbərliyi həyata keçirir. Ancaq bunların hamısı ayrılmaz şəkildə bir-biri ilə bağlıdır və birlikdə bir nəzarət sistemini təmsil edirlər. Mühasibat uçotu iqtisadi subyektin idarəetmə sisteminin tərkib hissələrindən biri olub, müəssisənin təsərrüfat fəaliyyətinə davamlı, fasiləsiz, qarşılıqlı  müşahidə və nəzarət edir. Onun strukturu maliyyə, idarəetmə və vergi uçotu ilə birbaşa və əks əlaqələrin olması ilə xarakterizə olunan müvafiq məlumat axınından ibarətdir. Mühasibat məlumatları əsasında təhlil, planlaşdırma, nəzarət, tənzimləmə, digər idarəetmə funksiyaları həyata keçirilir. İcra etdiyi funksiyaların əhəmiyyəti mühasibat uçotunun daim təkmilləşdirilməsini tələb edir.

Dünya bazarına inteqrasiya ilə köhnə uçot metodları və üsullarının yeni şəraitdə qəbuledilməz olması ölkə iqtisadiyyatının bir çox sahələrində mühüm islahatların aparılmasını zəruri etdi. Bu zərurət müəssisələrimizin beynəlxalq bazarlara çıxdığı zaman onun tamhüquqlu üzvü olması, eyni zamanda hər bir müəssisənin fəaliyyətinin və əmlak vəziyyətinin obyektiv əks etdirilməsindən irəli gəlirdi. Mühasibat uçotu və hesabat inzibati-amirlik sistemində prinsipcə tamamilə başqa vəzifələr yerinə yetirirdi. Müasir mərhələdə dünya praktikasında qəbul edilmiş qaydalara uyğun islahatların aparılması mühasibat uçotunun beynalxalq standartlara uyğunlaşmasını zəruri etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar iqtisadiyyatın müxtəlif sahələrində olduğu kimi, mühasibat uçotu sahəsində də beynəlxalq tələblərə cavab verməklə ənənəvi mühasibat uçotu sisteminin təkmilləşdirilməsi və yenidən qurulması ilə nəticələndi. Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində 2004-cü il 29 iyun tarixdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, 2005-ci il 7 fevral tarixdə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə mindi. Büdcə, vergi, gömrük, bank, mülki-inzibati, bələdiyyə, statistika sahələrini və sahibkarlıq fəaliyyətini tənzimləyən bir sıra mühüm qanunvericilik aktları qəbul edildi. Mühasibat uçotu haqqında qanunvericilik bazasının möhkəmləndirilməsində əsas məqsəd uçot sisteminin dünya uçot sisteminə uyğun qurulması olmuşdur. Bu baxımdan ölkəmizdə beynəlxalq tələblərə uyğun mühasibat uçotunun və mühasibat hesabatlarının hazırlanmasının, tətbiqinin və yayılmasının zəruriliyi yaranmışdır. Maliyyə hesabatlarının beynəlxalq standartlarının məqsədləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq korporativ və büdcə sektorları üçün maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun olaraq hazırlanması, müəssisələrin fəaliyyətinin şəffaflığının və dünya bazarına çıxışının təmin edilməsidir. Təsərrüfat subyektlərinin maliyyə-istehsal fəaliyyətinin səmərəliliyi və rentabellilik səviyyəsinin qiymətləndirilməsində maliyyə hesabatlarının informasiyaları mühüm rol oynayır. Bu informasiyalar müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti haqqında məlumatların maliyyə hesabatları istifadəçiləri üçün düzgün çatdırılmasını təmin edir. Hər bir investor öz vəsaitini müəssisənin mənfəətlə işləməsindən əmin olduqdan sonra bu sahəyə qoymağa qərar verdiyi üçün həmin müəssisənin maliyyə hesabatı investor üçün aydın və anlaşılan olmalıdır. Mühasibat uçotunun “biznesin dili” adlandırılması da bununla bağlıdır. Ona görə də iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq inteqrasiyanın rolunun artması, həmçinin iqtisadi, hüquqi xarakterli daxili və xarici amillərin təsiri nəticəsində mühasibat uçotu sahəsində baş verən dəyişikliklər, müxtəlif ölkələrdə tətbiq olunan uçot və hesabat işlərinin eyniləşdirilməsini, hamı üçün anlaşıqlı olmasını tələb edirdi.
Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da muhasibat uçotunun və hesabatının yeni standartlar əsasında inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Bu işdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin üzərinə mühüm vəzifələr düşür. Maliyyə Tədris Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Mərkəz maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini və yenidən hazırlanmasını təmin edən qurumdur. Təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərinin və işgüzar keyfiyyətlərinin qiymətləndirilməsi, mühasibatlıq işinin qurulması məsələlərinin dinləyicilər tərəfindən daha dərindən öyrənilməsi və yeni idarəetmə vərdişlərinin aşılanmasının təşkil edilməsi, Beynəlxalq Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlərin təşkil edlməsi Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin əsas vəzifələri sırasındadır. Bu vəzifələri yerinə yetirmək məqsədilə cari il üçün nəzərdə tutulmuş tədris planına əlavə olaraq “Büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotunun əsas ları” adlı ikigünlük təlimlərin keçirilməsinə başlanılmışdır. İki moduldan ibarət olan təlimin məqsədi təşkilatda baş verən əməliyyatlar zamanı hesabların müxabirləşməsinin (hesabların müvafiq qaydalara uyğun yazılış forması) əzbərçilik qaydasında deyil, elmə əsaslanaraq tərtib edilməsi və beynəlxalq standartlara uyğun maliyyə hesabatlarında əks edilməsinə dair həm nəzəri, həm də praktik biliklərin təkmilləşdirilməsini təmin etməkdən ibarətdir. Təlimin nəticəsi qiymətləndirilmiş, müvafiq bal toplayan iştirakçılara sertifikat təqdim olunmuşdur. Digər iştirakçılara isə fərdi qaydada və ya yenidən müraciət etməklə biliklərinin artırılması və imtahanda iştirak etmələri üçün imkan yaradılmışdır. Təlimə ilk olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə-mühasibat sahəsində çalışan işçiləri dəvət olunmuşdur.

Dünya iqtisadiyyatına inteqrasiya etmək üçün muxtar respublikada uçot sisteminin mövcud beynəlxalq standartların prinsiplərinə uyğun qurulması dövrün ən vacib tələbi olduğundan bu istiqamətdə görülən işlərin sürətləndirilməsi də mühüm əhəmiyyət kəsb edir.

Mehriban İMANOVA
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında
Maliyyə Tədris Mərkəzinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR