Babək Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvi rabitə və internet xidmətləri göstərilib, yeni texnologiyaların tətbiqi, inkişafı istiqamətində işlər davam etdirilib.
2020-ci il avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Rabitə və Yeni Texnologiyalar Nazirliyinə tapşırılıb ki, yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqət artırılsın, mal-material ehtiyatı yaradılsın. Həmin tapşırıqların icrasına uyğun olaraq Babək Rayon Rabitə İdarəsi tərəfindən mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.
Ötən dövr ərzində muxtar respublikada fiber-optik xətlərin çəkilməsi də diqqətdə saxlanılıb, rayon Rabitə İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə 700 metr fiber-optik xətt çəkilib, rayonun Şıxmahmud kəndində istismar olunan fiber-optik kabeldə yaranmış nasazlıqlar aradan qaldırılıb.
Cari ilin yanvar-avqust ayları ərzində rayon ərazisində 210 yeni sabit şəbəkə telefon xətti çəkilib, 822 abonent genişzolaqlı ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası vasitəsilə internetlə təmin olunub. İstismar müddəti ərzində rabitə və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və zəruri tədbirlər həyata keçirilib, sıradan çıxmış avadanlıqlar yeniləri ilə əvəz olunub.
Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti