Hərtərəfli dövlət qayğısı və yeni suvarma sistemlərinin quraşdırılması nəticəsində muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şahbuz rayonunda da taxılçılığa maraq ildən-ilə artır. Bunun ifadəsidir ki, cari ildə muxtar respublikada taxıl sahələrindən 115649 ton məhsul tədarük edilib ki, əldə olunan məhsulun 4314 tonu və ya 3,7 faizi Şahbuz rayonunun payına düşüb.
Bölgənin ailə təsərrüfatçıları və torpaq mülkiyyətçiləri sentyabr ayının əvvəllərindən payız şumuna başlayıblar. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon bazasına, fiziki şəxslərə və ailə təsərrüfatçılarına məxsus 15-ə yaxın texnikanın gücündən istifadə olunmaqla, artıq 400 hektara yaxın sahədə şum qaldırılıb. Şum, əsasən, Şahbuz şəhəri ərazisindəki torpaq sahələrində, Şahbuzkənddə, Sələsüz, Türkeş, Mərəlik, Badamlı və digər kəndlərdə aparılır.
Ötən il Türkeş kəndində 350 hektar, bu il isə Sələsüz, Mərəlik və Türkeş kəndlərinin digər torpaq sahələrində 270 hektar sahədə qapalı suvarma sistemlərinin qurulması torpaq mülkiyyətçilərinin əkinlərə marağını artırıb. Belə ki, ötən il 1563 hektar sahədə taxıl əkinləri aparan torpaq mülkiyyətçiləri bu il taxıl sahələrini 1700 hektara çatdırmağı planlaşdırırlar.
Qeyd edək ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri qapalı suvarma şəbəkələrinin qurulmasının payız əkini mövsümünə qədər başa çatdırılması barədə tapşırıqlar verib. Həmin tapşırıqların icrası istiqamətində görülən tədbirlərin davamı olaraq hazırda rayonun Külüs kəndinin Düz massivində 400 hektara yaxın sahədə nasos stansiyası inşa olunur ki, bu stansiya vasitəsilə həmin kənddə də uzun illərdir, əkilməyən torpaq sahəsində suvarma suyuna olan tələbat yaxşılaşacaq.
Hicran ƏLİYEVA