22 Dekabr 2024, Bazar

Bu il muxtar respublikada daha bir su elektrik stansiyasının tikilməsi nəzərdə tutulub

2012-ci il də ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında uğurlu illərdən biri kimi artıq tarixə çevrilmişdir. Ötən il muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhali və təsərrüfat subyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2 may 2005-ci il tarixli Sərəncamına uyğun olaraq, muxtar respublikamızda kompleks tədbirlər həyata keçirilmiş, 2006-cı ilin dekabrında ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində ümumi gücü 4,5 meqavat olan su elektrik stansiyası və 2010-cu ilin oktyabr ayında Ordubad rayonu ərazisində Gilançay üzərində gücü 22 meqavat, illik elektrik enerjisi istehsalı 80 milyon kilovat-saat olan Biləv Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin Elektrik Stansiyasının təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Bu da nəinki Naxçıvanın elektrik enerjisi ilə təchizatının idxaldan asılılığını aradan qaldırmış, hətta muxtar respublikanın elektrik enerjisi ixrac etməsinə geniş imkanlar açmışdır.

Regionumuzun təbii resurslarının yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsinə əlverişli şərait yaratdığını bildirən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyinin Baş direktoru Yasin Səfərov qeyd etdi ki, ötən il də bu istiqamətdə işlər uğurla davam etdirilmişdir. Şərur rayonu ərazisində Arpaçay üzərində gücü 20,5 meqavat, illik elektrik enerjisi istehsalı 50 milyon kilovat-saat olacaq Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmışdır. Stansiyada 110 metr uzunluğunda 3,9 metr diametrli tunel qazılıb betonlanmış, suqəbuledici qurğuda qapılar qoyulmuş, stansiya üçün bina tikilmişdir. Avstriyanın “Andritz” firmasından iki ədəd 7,75 meqavat və 1 ədəd 5 meqavat güclü turbinlər, Fransanın “Lorey-Somer” firmasından isə generatorlar alınıb stansiyada quraşdırılmışdır. Stansiyada istehsal olunan elektrik enerjisini şəbəkələrə ötürmək üçün 30 meqavolt-amper güclü transformator yarımstansiyası tikilib quraşdırılmış, 10 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Stansiyada son sınaq-sazlama işlərinin ən yaxın vaxtlarda – Arpaçay Su Anbarında suyun həcminin zəruri həddə çatması təmin olunanda yekunlaşdırılması nəzərdə tutulur. 
Ordubad rayonu ərazisində Araz çayı üzərində gücü 36 meqavat, illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat olacaq derivasiyatipli Ordubad Su Elektrik Stansiyasında isə tikinti işləri davam etdirilir. Stansiyanın tənzimləyici bəndi Dəstə kəndi, stansiya binası isə Ordubad şəhəri yaxınlığında yerləşəcək. Uzunluğu 12,5 kilometr olan suötürmə kanalına Araz çayından 126 kubmetr-saniyə su ötürüləcək. Stansiyada hər birinin gücü 12 meqavat olan 3 hidroaqreqat quraşdırılması, elektrik enerjisinin şəbəkələrə ötürülməsi üçün 80 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xəttinin çəkilməsi və müvafiq güclü transformator yarım­stansiyasının qoyulması nəzərdə tutulur.
2012-ci ildə Arpaçayın aşağı gölü üzərində 1,4 meqavat güclü su elektrik stansiyasının tikintisinə də başlanılmışdır. Burada hər birinin gücü 0,7 meqavat olan 2 ədəd Avstriya və Fransada istehsal olunmuş turbin və generator, 2500 kva güclü 35/04 kilovoltluq transformator qoyulacaq. Ordubad rayonu ərazisində Gilançayın Tivi qolu üzərində 14 meqavat güclü derivasiyatipli su elektrik stansiyasının tikilməsinin texniki iqtisadi əsaslandırılması sənədləri də hazırlanmışdır. Hazırda layihə işləri yekunlaşmaq üzrədir.
Muxtar respublikanın təbii şəraiti külək və Günəş elektrik stansiyalarının da tikilib-quraşdırılmasına imkan verir. Babək rayonu ərazisindəki Xal-xal meşəsi yaxınlığında Günəş elektrik stansiyasının, Culfa rayonu ərazisində Araz çayının kənarında külək elektrik stansiyasının tikilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasında bu layihələrin icrası Bərpa Olunan və Alternativ Enerji Mənbələri Dövlət Şirkəti tərəfindən həyata keçirilir. Artıq şirkət tərəfindən Naxçıvana da müvafiq ölçü avadanlıqları göndərilmişdir.
Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikanın elektrik enerjisinə olan tələbatının su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi hesabına ödənilməsi mümkün olacaq və yaxın gələcəkdə muxtar respublikamız daha çox elektrik enerjisi ixrac edəcəkdir. Belə ki, 1970-ci ildən istismar olunan 22 meqavat güclü Araz Su Elektrik Stansiyası nəzərə alınmaqla, istehsal gücü 185,5 meqavat olan elektrik stansiyalarında hazırda tələbata uyğun olaraq 80-90 meqavat gücündə elektrik enerjisi istehsal olunur. Araz Su Elektrik Stansiyasında generatorlar 6-7 meqavat, Naxçıvan Modul Elektrik Stansiyasında 45-50 meqavat, Biləv Su Elektrik Stansiyasında 1-2 meqavat güclə işləyir.
Yay aylarında nasos stansiyalarının işləməsi ilə əlaqədar olaraq muxtar respublikamızın elektrik enerjisinə tələbatı 65-70 meqavat, qalan aylarda isə 40-45 meqavat olur. Göründüyü kimi, muxtar respublikanın elektrik enerjisi ilə təminatına möhkəm zəmin yaradılmışdır.
İstehsal olunan elektrik enerjisi nəinki daxili tələbatı ödəyir, hətta qonşu İran və Türkiyə respublikalarına 40-45 meqavat elektrik enerjisi ixrac etməyə imkan verir. Bu sahədə müvafiq işlər görülmüş, son illər İran İslam Respublikasının “Pars Sakhtar” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Naxçıvan Modul Elektrik Stansiyası ilə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası arasında dəyəri 1 milyon 680 min avro təşkil edən 24 kilometr uzunluğunda 110 kilovoltluq elektrik verilişi xətti çəkilmişdir. Xəttin istismara verilməsi muxtar respublikanın elektrik şəbəkələrinin dayanıqlılığının xeyli yüksəlməsinə, həmçinin qonşu dövlətlərlə enerji mübadiləsinin yaxşılaşdırılmasına texniki imkan yaratmışdır. Hazırda İran İslam Respublikası ilə enerji mübadiləsi aparılır, Türkiyə Respublikasına 20-30 meqavat elektrik enerjisi verilir.
Tabeliyində 5 elektrik stansiyası və 9 elektrik şəbəkəsini birləşdirən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində 950 nəfərdən çox işçi çalışır. Energetiklər mövcud imkanlardan maksimum səmərəli istifadə etməyə səy göstərirlər. Artıq yüklənmiş transformatorların ayrı-ayrı yarımstansiyalara bölünməsi, yüklərin paylaşdırılmasında səmərəliliyin artırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər ötən il də uğurla davam etdirilmiş, 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyası yeni avadanlıqlarla təchiz edilməklə daha münasib yerə köçürülmüş, 132/110 kilovoltluq “Araz” yarımstansiyasında yeni 132/110 kilovoltluq transformator quraşdırılmış, zəruri 110 və 132 kilovoltluq kommutasiya aparatları – açarlar, ayırıcılar daha müasirləri ilə əvəz edilərək şəbəkələrə qoşulmuşdur. Eyni zamanda 31 ədəd yeni transformator yarımstansiyası qoyulmuş, 78 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri çəkilmişdir. Naxçıvan, Şərur və Culfa transformator təmiri sexləri lazımi materiallarla təmin edilmiş, 121 ədəd 10/04 kilovoltluq transformator təmir edilərək şəbəkələrə qoşulmuşdur.

İstehsal olunan elektrik enerjisindən səmərəli istifadə olunması və sərf edilən elektrik enerjisinin dəyərinin ödənilməsində mühüm rol oynayan sayğacların quraşdırılması işi də diqqət mərkəzində saxlanılır. Muxtar respublikada vətəndaşların ev və mənzillərinə rəqəmsal elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmişdir. Muxtar respublikada nəzarət-məlumat işinin səmərəli təşkili və əhali arasında aparılan maarifləndirici söhbətlər öz bəhrəsini vermiş, ötən il texniki itki nəzərə alınmaqla, 371 milyon 123 min kilovat-saat elektrik enerjisi sərf olunmuş, sərf olunan elektrik enerjisinin dəyəri tamamilə ödənilmişdir.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR