22 Dekabr 2024, Bazar

Şahbuz rayonu təbiət mənzərələri, min bir dərdə dərman olan  bulaqları, fauna və florası ilə hər zaman muxtar respublikamızın seçilən bölgələrindən biri olub. Keçili kəndində də bütün bunları görmək mümkündür. Hər dağında-dərəsində  ayrı bir gözəllik olan bu kəndə üz tutmağımızda  məqsədimiz adı dillərdə deyilən Çınqıllı bulağının  gözündən axıb  gələn, dərdlərə dərman olan təbii bulaq suyu haqqında yazı hazırlamaq idi. Lakin bu kəndin insanları ilə söhbət etdikdə onun təkcə Çınqıllısı ilə kifayətlənmək mümkünsüz oldu.

Keçili kəndi rayon mərkəzindən 20 kilometr şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Muxtar respublikamızda daimi xarakter alan quruculuq tədbirləri nəticəsində bir zamanlar bərbad halda olan kənd yolu yerini qara örtüklü, hamar yollara verib. Yolboyu qayalıqların əhatəsində qərar tutan kəndlərimizə baxdıqca yaradılan şərait insanda qürur hissi doğurur.

Kənd sakini yaşı 90-ı haqlamış Beytulla baba deyir ki, indiki gənc­lərin kitablardan oxuyub öyrəndiyi çətinlikləri biz yaşayaraq bu günlərə gəlmişik. Elektrik enerjisinin saatla verildiyi, məcburiyyət qarşısında qalaraq meyvə ağaclarını kəsərək evlərimizi isitdiyimiz günləri tez-tez xatırlayıram. Heyrət edirəm ki, o günləri necə yaşaya bilmişik? Bu gün, şükürlər olsun ki, hər bir mənzil fasiləsiz elektriklə, mavi yanacaqla təmin olunub. Yeni məktəb binası tikilib, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası istifadəmizə verilib. Yəni kənddə yaxşı yaşamaq üçün hər bir şərait yaradılıb. Məhz dövlətimizin bu qayğısının nəticəsidir ki, kəndli də torpaqdan ikiəlli yapışır. Müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirildiyi Keçilidə yetişdirilən məhsullar dad-tamı ilə tanınır. Həmin məhsullar daxili bazarda özünə xeyli alıcı qüvvəsi toplayıb.
Bu da Çınqıllı bulağı. Kəndin mərkəzindən, təxminən, 2 kilometr aralıda yerləşən bulağın suyunun bir hissəsi kənd mərkəzinə çəkilərək istifadəyə verilib. Qalan hissəsi isə 2007-ci ildə yaradılan “Çınqıllı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istehsal olunaraq respublikanın müxtəlif bölgələrinə göndərilir. Siçanlı dağının ətəyindən çıxaraq Keçili kəndini nəinki Azərbaycanda, keçmiş Sovetlər Birliyində, İran və Türkiyədə də məşhur edən Çınqıllı suyu yüngüllüyü, içildikdə həzm prosesini asanlaşdıran, susuzluğu tez aradan qaldıran, böyrək daşlarını əritməkdə effektiv olan xüsusiyyətləri, insan orqanizminə çox faydalı elementləri ilə fərqlənir.

Cəmiyyətin icraçı direktoru Təyyar Əsgərovdan aldığımız məlumata görə, gündəlik istehsal gücü 15000 litr olan müəssisədə 11 nəfər daimi işlə təmin olunub. Müəssisədə 0,5 litrlik, həmçinin 1, 5, 10, 15, 20 litrlik taralardan istifadə edilir. Yaxın günlərdə həm də şüşə və plastik butulkalarda 330 qramlıq suyun istehsalı nəzərdə tutulub.
Öyrəndik ki, cari ilin ötən dövrü ərzində 75 min litr və ya 30 min manatlıq su istehsal olunub.
Bulağın suyu muxtar respublikamızla yanaşı, Azərbaycanın müxtəlif bölgələrinə də çatdırılır. Belə ki, cəmiyyətin Bakı şəhərində yerləşən ofisindən Sumqayıt şəhərinə və Kürqırağı rayonlara suyun çatdırılması təmin olunur.

2020-ci ildə isə müəssisəyə, təxminən, iki yüz min manat dəyərində yeni avadanlıqlar alınıb ki, bu avadanlıqlar gələcəkdə suyun qazlı növünü istehsal etməklə yanaşı, digər ölkələrə ixrac etmək gücünün artırılmasına da böyük töhfə verəcəkdir.
Kəndə gəlmişkən suyun mənbəyini görməyə də getdik. Maşınımız yuxarı qalxdıqca ərazinin dağlıq olmasına baxmayaraq, burada əhali tərəfindən salınan bağlar insanı valeh edir. Budur, bulağa çatırıq. Bütün sanitar-gigiyenik qaydaların qorunduğu bulağın ətrafında əhalinin istirahəti üçün yer ayrılıb. Bulaqdan bir az yuxarıda təbiət gözəli olan şəlalə isə gur suyu ilə böyük bir hovuz yaradıb. Nəinki Keçili camaatı, muxtar respublikamızın hər bir yerindən bu bulağı görməyə gələnlər istər bulaq, istərsə də şəlalə ətrafında yaxşı istirahət edirlər.

 Telli MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR