22 Dekabr 2024, Bazar

Tarixən Naxçıvanın yüksəkkeyfiyyətli yerli məhsullarını qədim  diyarın sakinləri kimi, buraya səfər edən qonaqlar da həvəslə alıb istifadə ediblər. Həmişə söz Naxçıvan nemətlərindən düşərkən, onların dad-tamı, ləzzəti və şübhəsiz, insan sağlamlığına olan faydaları haqqınlakı fikirlər hər kəsin bəyəndiyi və dostları ilə həvəslə paylaşdığı bir mövzuya  çevrilir. 

Naxçıvanda fəaliyyət göstərən “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan və hazırda dünyanın bir çox ölkələrinə ixrac edilən məhsullar da həm yerli, həm də xarici bazarlardakı alıcıların həvəslə seçib aldığı nemətlərdəndir. Bu eyni zamanda ölkəmizdə idxaldan asılılığın azaldılması və ixracın həcminin genişləndirilməsi strategiyası üzrə qarşıya qoyulmuş vəzifələrə muxtar respublikamızın mühüm bir töhfəsidir.

1995-ci ildə əsası qoyulmuş “Ləzzət Qida Sənaye” MMC-nin məhsulları hazırda xarici bazarlarda yaxşı tanınır. Naxçıvanın ixrac potensialı artdıqca şirkətin də xarici bazarlarda qazandığı etibarlı əməkdaşlıq genişlənir və onun məhsullarına olan tələbat da artıb. Əla keyfiyyət, münasib qiymət və ləzzətli dada malik olan bu məhsullar müasir istehlakçının tələbatını ödəməklə müəssisənin də rəqabətqabilyyətli faəliyyəti təmin edir. İstehsal olunan qida məhsullarının keyfiyyətinin dünya və Avropa standartlarına uyğunlaşdırılması və aparılan reklam və marketinq tədbirləri nəticəsində artıq 58 çeşiddə vafli və peçenye məhsulları Yəməndən Əfqanıstanadək geniş bir coğrafiyadakı ölkələrə ixrac olunur. Şirkətdən aldığımız məlumata əsasən cari ilin ilk altı ayı ərzində Gürcüstan, Oman, İraq, Yəmən, Türkmənistan və Əfqanıstan kimi ölkələrə, ümumilikdə, 370 tona yaxın həcmdə qida məhsulları göndərilmiş və 471 min ABŞ dollarından artıq həcmdə valyuta əldə edilmişdir. İxrac olunan məhsulların həcminə görə şirkətin xarici bazarlardakı partnyorları arasında Gürcüstan və İraq daha çox diqqəti cəlb edir. Belə ki, bəhs olunan dövrdə bu ölkələrin hər birinə 100 tondan artıq həcmdə “Ləzzət Qida Sənaye” MMC-nin məhsulları ixrac edilib. Məhsulların növ və çeşidlərinin ixrac bazarlarının alıcı potensialına uyğun olaraq şaxələndirilməsi də bu işdə öz bəhrəsini verib.

Muxtar respublikamızın və eləcə də ölkəmizin daxili bazarına çox geniş çeşiddə ərzaq məhsulları çıxaran “Ləzzət Qida Sənaye” MMC gələcəkdə daha çox xarici ölkədə bazar seqmenti tutmaq üçün uğurlu ixrac strategiyası obyektidir. Burada çalışan hər bir işçi bilir ki, məhz ixrac bazarlarında yaxşı mövqe tutmaqla şirkət fəaliyyətinin davamlılığını təmin etmək və qlobal rəqabətdə qazanmaq mümkündür. Digər bir tərəfdən isə ökəmizin xarici ticarət balansına qazandırılan hər bir dollar onun iqtisadiyyatına yeni investisiya qazandırmaqla bərabər, tərəfdaşlarının yanında yüksək imic və yeni etibarlı partnyorluq deməkdir. Bu isə “Ləzzət Qida Sənaye” MMC -nin “Nati” əmtəə nişanı ilə “Made in Azerbaijan” brendinə verdiyi töhfədir.

- Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR