Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlı olması üçün keyfiyyət standartlarına əməl edilməsinə nəzarət işi, o cümlədən təsərrüfat subyektlərinin istehsal-xidmət şəraitinin və məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğunun diqqətdə saxlanılması avqust ayı ərzində də davam etdirilmiş, ümumilikdə, məhsul nümunələrinin 219 halda, o cümlədən qida məhsullarının 193 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması məqsədilə 93 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.
Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə avqust ayı ərzində, ümumilikdə, məhsulların 33 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.
Arıçılığın inkişafı üzrə müvafiq Dövlət proqramının icrası istiqamətində bal məhsullarının 115 halda laboratoriya analizləri aparılmış, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Həmçinin avqust ayı ərzində, ümumilikdə, 7 ailə təsərrüfatına istehsal etdikləri məhsulların etiketlərinin hazırlanmasında müvafiq köməklik göstərilmişdir. Ailə təsərrüfatı məhsullarının keyfiyyəti diqqətdə saxlanılmış, məhsullardan 115 halda nümunələr götürülərək laboratoriyaya təqdim olunmuş, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
Hesabat ayı ərzində alkoqollu içkilər istehsal edən 3 müəssisədə istehsal olunan arağın 2 halda, pivənin 1 halda laboratoriya analizləri aparılaraq standartlara uyğunluğu müəyyən edilmişdir. 138 bərbərxana və 54 gözəllik salonuna, 36 ət satışı mağazasına, 102 ictimai iaşə və xidmət sahəsinə, 323 ərzaq və qeyri-ərzaq mağazasına maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması təmin edilmişdir. Fəaliyyətin standartlara uyğun qurulması məqsədilə, ümumilikdə, 36 təsərrüfat subyektində, o cümlədən 3 istehsal müəssisəsində, 1 ictimai iaşə və xidmət sahəsində, 8 ərzaq mağazasında, 23 bərbərxana və 1 gözəllik salonunda təmir işləri başa çatdırılmışdır. Metroloji norma və qaydalara uyğun olaraq 1868 ölçmə vasitəsi yoxlanılmışdır.
Muxtar respublikada istehsal olunan məhsulların markalanmasına nəzarət məqsədilə 8 istehsal müəssisəsində maarifləndirmə xarakterli monitorinqlər aparılmış, 3 müəssisədə istehsal olunan məhsulların etiketlərində orfoqrafik səhvlərin olduğu və standartların tələblərinin pozulduğu aşkarlanmış, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq təsərrüfat subyektləri məlumatlandırılmışdır.
Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına uyğun olaraq idxal olunmuş məhsulların üzərinə 1 halda Azərbaycan dilində zəruri məlumatların vurulması təmin edilmişdir.
Ötən ay istehlak bazarının tələblərinə uyğun rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi, ailə təsərrüfatları məhsullarının ixracına dəstək göstərilməsi üzrə verilmiş tapşırıqların icrası istiqamətində təsərrüfat subyektləri ilə 18 halda abonent müqaviləsi bağlanıb. İstehsal edilən məhsulların ixrac olunacaq ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, zərurət yarandıqda ixrac məhsullarının partiyalarla sertifikatlaşdırılmasının təmin edilməsi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün informativ xidmətlər haqqında məlumatlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmışdır. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinə tələbata uyğun olaraq davamlı qaydada məhsulların göndərilməsi təmin edilir. Müvafiq istiqamətdə satılan məhsulların aylar üzrə uçotu aparılmaqdadır.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə avqust ayı üzrə, ümumilikdə, 471 ədəd qaz məişət cihazına baxış keçirilmiş və müvafiq təhlükəsizlik sistemi ilə təmin olunmayan 3 ədəd qaz məişət cihazının idxalına icazə verilməmişdir.
Ötən ay ərzində, ümumilikdə, texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olmayan 506 manat dəyərində keyfiyyətsiz məhsullar satışdan çıxarılmışdır.
Naxçıvan Muxtar Respublikası Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti