Günümüzdə kənd təsərrüfatı dünya əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur və insanların ərzaq ehtiyaclarını yüksəkkeyfiyyətli məhsulla təmin etmək üçün mühüm vəzifələr daşıyır. Həyatın bütün dövrlərində hər hansı böyük və kiçik subyektlər, son nəticədə, kəndli əməyinə borclu olmuşdur. İqtisadiyyatın əsas sektoru kimi xeyli diqqət tələb edən bir sahə olmaqla, kənd təsərrüfatı qida ehtiyaclarını qarşılayır, sənayeni xam maddə ilə təmin edir. Bundan başqa, gəlirlərin yaradılması, ticarət əlaqələrinin formalaşdırılması və digər xidmətlər baxımından milli iqtisadiyyatın dayanıqlılığının təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
Kənd təsərrüfatı muxtar respublikamızın iqtisadiyyatında da aparıcı yeri tutur, özündə bitkiçilik (taxılçılıq, kartofçuluq), çoxillik bitkiçilik (yonca, soğan, sarımsaq, bostan-tərəvəz, və sair), meyvəçilik, üzümçülük, bağçılıq, heyvandarlıq (iribuynuzlu, xırdabuynuzlu), arıçılıq, quşçuluq təsərrüfatları, meyvə-tərəvəz məhsulları istehsalı və digər sahələri cəmləşdirir.
Aqrar sektor blokada şəraitində yaşayan muxtar respublikada ərzaq təhlükəsizliyinin bərqərar olunmasında əsas sahədir. Muxtar respublika ərazisinin coğrafi relyefinin mürəkkəb və iqliminin kəskin kontinental olması burada kənd təsərrüfatının inkişaf etdirilməsinin qarşısında böyük problemlər yaradır. Həm yayda, həm də qışda əkilib-becərilən meyvə və tərəvəz məhsullarının saxlanması xeyli diqqət tələb edir. Buna görə də istənilən mövsümdə istehlak tələbini yerli istehsalın hesabına ödəmək məqsədilə soyuducu anbarların, istixana obyektlərinin və sınaq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət mərkəzindədir.
Aqrar sahə üçün nəzərdə tutulmuş istiqamətlərdə proqramların qəbul edilməsi və icrasına nəzarət, büdcə və digər maliyyə-kredit təşkilatlarından əsaslı vəsaitlərin ayrılması, müxtəlif anbarların işə salınması, “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi, bununla bərabər, yeni təsərrüfatçılıq sahələrinin (quşçuluq, balıqçılıq) yaradılması kənd təsərrüfatının mövcud vəziyyətinin əsas göstəriciləridir.
Digər tərəfdən son zamanlar aparılan işlərin səmərəsini yüksəltmək üçün mühüm tədbirlər də həyata keçirilmişdir. Aqrar sahədə maarifləndirmə işlərinin aparılması, regionlarda fermerlərlə mütəmadi görüşlər, Aqrar Sığorta Fondunun təsis edilməsi, “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, süni mayalandırma proseslərinin sürətləndirilməsi, ailə təsərrüfatlarının genişləndirilməsi, bu istiqamətdə festivalların və yarmarkaların təşkil edilməsi muxtar respublikada kənd təsərrüfatının canlandırılması üçün əsas təşviqedici amillərdir.
Həyata keçirilmiş tədbirlər və yaradılan mexanizmin fəaliyyətinə diqqət yetirsək, qeyd etdiyimiz işlərin sübutunu da görə bilərik. Misal üçün, “Naxçıvan Aqroservis” ASC qısa müddət ərzində mövcud olmasına baxmayaraq, damazlıq iribuynuzlu heyvanların, dərman preparatlarının, kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqların gətirilməsində, onların fermerlərə güzəştli şərtlərlə satılmasında mühüm rol oynamışdır. Yaradıldığı vaxtdan günümüzədək cəmiyyət tərəfindən muxtar respublikaya, təxminən, 3000-ə yaxın yeni texnika gətirilmişdir. Digər tərəfdən 2020-ci ildə muxtar respublikada Aqrar Sığorta Fondunun yaradılması kənd təsərrüfatında sığorta mexanizminin işə düşməsində, fermerlərin və sahibkarlıq subyektlərinin məhsullarının qorunmasında, təbii fəlakətlər zamanı dəyən zərərin vaxtında ödənilib məhsuldarlığın təmin olunmasında xeyli faydalı olacaqdır.
Aqrar sahənin heyvandarlıq və bitkiçilik istiqamətləri üzrə inkişafına nəzər salsaq, görərik ki, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada 256 milyon 287 min 600 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13673 ton, süd istehsalı 61361 ton olmuşdur. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,4 faiz, süd istehsalı isə 1,7 faiz artmışdır. Bu göstəricilər regionda ərzaq təhlükəsizliyinin qorunması və daxili tələbatın tam ödənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edə bilərik ki, bu gün ölkəmizdə digər sahələrdə olduğu kimi, bu sahədə də xeyli innovativ işlərin görülməsi planlaşdırılır. İnstitusional islahatların aparılması, kənd təsərrüfatı konsepsiyasının hazırlanması, aqrar parkların təsis olunması önümüzdəki illərdə təsərrüfat sektorunun qarşısında xeyli geniş imkanlar yaradacaqdır.
Eltun İBRAHİMOV
iqtisad üzrə fəlsəfə doktoru