Son dövrlər həyata keçirilən mühüm tədbirlər, qəbul edilmiş Dövlət proqramlarının uğurlu icrası, müasir standartlara cavab verən yeni istehsal və xidmət sahələrinin yaradılması, rəqabətədavamlı məhsul növlərinin istehsalı muxtar respublikanın davamlı inkişafını təmin etmiş, ixrac potensialını artırmışdır.
İxrac əsas makroiqtisadi göstəricilərdən biri olub iqtisadi aktivliyi və ümumi inkişafı xarakterizə edir. Bu gün Naxçıvan Muxtar Respublikasından Amerika Birləşmiş Ştatlarına, Türkiyə Respublikasına, Rusiya Federasiyasına, Gürcüstan Respublikasına, İran İslam Respublikasına, Türkmənistan Respublikasına, Oman Sultanlığına və digər ölkələrə məhsullar ixrac olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunması yerli istehsalın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlılığını daha da artırmış, ixracın genişlənməsinə və inkişafına yeni imkanlar yaratmışdır. İxrac potensialının artırılmasının əhəmiyyətini qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “2020-ci il muxtar respublikamızda “İxrac ili” olduğu üçün çalışıb ona nail olmalıyıq ki, sahibkarlıq müəssisələrinin fəaliyyəti daha da genişlənsin, yeni müəssisələr yaradılsın, iş yerləri açılsın, istehsalın və ixracın həcmi artsın”.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, davamlı inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2020-ci ilin yanvar-iyul aylarında 1 milyard 574 milyon 282 min 900 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Bu dövrdə sənaye məhsulu 14,5 faiz, kənd təsərrüfatı məhsulu 26,8 faiz artmışdır.
Əvvəlki dövrlərdə qəbul edilmiş digər Dövlət proqramları ilə yanaşı, hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” muxtar respublikanın kompleks inkişafına yeni imkanlar yaratmışdır.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi və əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir ki, hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Sahibkarlara göstərilən hərtərəfli dəstək, ixracın təşviqi sahəsində aparılan ardıcıl tədbirlərin nəticəsi olaraq 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. Bu tendensiya cari ilin yanvar-iyul aylarında da qorunub saxlanılmış, 189 milyon 399 min 700 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır. Belə ki, cari ilin yeddi ayında muxtar respublikanın xarici ticarət dövriyyəsi 256 milyon 878 min 100 ABŞ dolları təşkil etmişdir ki, bunun da 33 milyon 739 min 200 ABŞ dolları idxalın, 223 milyon 138 min 900 ABŞ dolları isə ixracın payına düşüb.
Muxtar respublikanın ixrac potensialı,
min ABŞ dolları
Cari ilin yanvar-iyul aylarında ümumi ixracın 76 faizini və ya 169 milyon 573 min 300 ABŞ dollarını sənaye, 24 faizini və ya 53 milyon 565 min 600 ABŞ dollarını kənd təsərrüfatı məhsulları təşkil etmişdir.
Muxtar respublikada müasir gömrük infrastrukturunun yaradılması xarici ticarət əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərmiş, hazırda bu istiqamətdə Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi davam etdirilir.
Əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən mühüm tədbirlər qazanılmış nailiyyətlərin davamlılığının təmin olunmasına, muxtar respublikanın iqtisadi potensialının daha da gücləndirilməsinə, xarici ticarət əlaqələrinin genişlənməsinə hərtərəfli imkanlar yaradır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti