Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi muxtar respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissələrindən biridir. Hər il olduğu kimi, yola saldığımız 2012-ci ildə də muxtar respublika rəhbərinin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması bu istiqamətdə aparılan işlərə böyük təkan verib. Bu sahəyə məsul qurum olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlərin səmərəliliyini artırmaq, ekoloji problemlərin yaranmasının qarşısını almaq məqsədilə ötən il də mühüm işlər görülüb.
Fauna ehtiyatlarının qorunması üçün ötən ilin qış mövsümündə, ərazilərin qarla örtüldüyü vaxtda bir sıra biotexniki tədbirlər həyata keçirilib. Müəyyən edilən təbiət ərazilərinə – heyvanların kompleks məskunlaşdığı yerlərə, onların miqrasiya dəhlizlərinə, qoruq, milli park, yasaqlıqlarda təyin olunan yerlərə və yeni salınan yaşıllıq sahələrinə qida məhsulları, o cümlədən buğda, arpa, daşduz, qaba yem, meyvə-tərəvəz məhsulları yerləşdirilib. Bu tədbirlər mövsüm ərzində heyvanların qidaya olan tələbatını ödəməklə yanaşı, bitki örtüyünə ziyan vurulmasının da qarşısını alıb. Biotexniki tədbirlər zamanı təsərrüfat ərazilərində yetişdirilən qida məhsullarından da istifadə olunub.
Təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi və icrasına nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılıb. 27 müəssisəyə 28 min 764 manat məbləğində ekoloji ödəmə haqqı tətbiq edilib, ötən müddət ərzində ödənişin tam icrasına nail olunub. Sutəmizləyici qurğularda təmizlənən içməli suyun keyfiyyəti nəzarətdə saxlanılıb, suyun keyfiyyətinin yoxlanılması həyata keçirilib.
Bəs suyumuz necə qorunur? Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirdilər ki, daxili sularda, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarında olan hissəsində suların ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılıb. Təkcə ötən ilin I yarımilində daxili sularda 32 monitorinq-yoxlama aparılıb, 78 su nümunəsi götürülüb. Bu su nümunələrinin fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 625 laboratoriya analiz-təhlilləri aparılıb.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına, bu sahədə qəbul edilmiş sərəncam və qərarlara, digər normativ-hüquqi sənədlərə uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 35 yoxlama-reyd keçirilib, 12 qanunazidd hal aşkar edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbir görülüb.
Muxtar respublikanın quru ərazisində, daxili sularda, Araz çayı və dəryaçasının muxtar respublikaya aid olan hissəsində kompleks müşahidələr aparılıb, gündəlik məlumatlar, aylıq proqnozlar hazırlanıb. Təhlükəli hidrometeoroloji hadisələr, kəskin hava dəyişmələri haqqında xəbərdarlıqlar hazırlanıb, bu barədə aidiyyəti dövlət orqanları məlumatlandırılıb. Xüsusi mühafizə olunan təbiət obyektlərində – qoruq, milli park və yasaqlıqlarda mühafizə, elmi-tədqiqat, maarifləndirmə işləri davam etdirilib.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi, həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış ağacların, tinglərin yetişdirilməsi sahəsində nəzərdə tutulan tədbirlər qoruq, milli park və yasaqlıq ərazilərində uğurla icra olunub. Bu məqsədlə Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 2,5 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 3,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 1,5 hektar meyvə bağları salınıb. Xüsusi mühafizə olunan təbiət ərazilərində isti yay aylarında yanğın təhlükəsizliyinin təmin edilməsi, məişət tullantılarının yerləşdirilməsinin idarə olunması, yaşıllıq sahələrinin mühafizə edilməsi işlərinin operativ həyata keçirilməsi məqsədilə nazirlikdə mütəxəssislərdən ibarət xüsusi işçi qrupu yaradılıb. Qoruq, milli park və digər rekreasiya əhəmiyyətli təbiət ərazilərində profilaktik tədbirlərin, maarifləndirici, təbliğat və mühafizə işlərinin düzgün təşkil edilməsi bu ərazilərdə əlverişli ekoloji mühitin formalaşmasına imkan verib.
Ümummilli liderimiz Heydər Əliyevin müdrik bir kəlamı var: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir”. Bu gün muxtar respublikada ağac əkininə, yaşıllıqlar salınmasına xüsusi diqqət yetirilir. Ötən il dövlət meşə fondu torpaqlarında, meşə fonduna daxil olmayan təbiət ərazilərində mövcud yaşıllıqların qorunması, bərpası və artırılması sahəsində tədbirlər davam etdirilib. 2012-ci ilin yaz-əkin mövsümündə magistral yolların kənarlarında, çay vadilərində, sututarların, su kanallarının kənarlarında, meşə fondu torpaqlarında 268 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa tədbirləri həyata keçirilib, 262 min ədəd ting əkilib. Ümumilikdə, ötən il 525 hektar sahədə yeni meyvə bağları, meşə massivləri və yaşıllıq zolaqları salınıb, 350 min 795 ədəd ting əkilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, muxtar respublika ərazisində, ümumilikdə, 170 hektardan artıq sahədə yeni meyvə bağları salınıb.
Yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın təmin edilməsi, əkin keyfiyyətinin yüksəldilməsi məqsədilə regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış ting ehtiyatının yaradılması məqsədilə müvafiq tədbirlər görülüb. Bu məqsədlə nazirliyin tingyetişdirmə sahələrində 600 min ədəddən çox meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar yetişdirilib, 2700 kiloqramdan çox müxtəlif növ toxum tədarük edilib. Dağlıq və orta dağlıq ərazilərdə meyvə bağlarının salınması üçün bu ərazilərin təbii iqlim şəraitinə uyğunlaşdırılmış meyvə tinglərinin yetişdirilməsi məqsədilə Şahbuz Dövlət Təbiət Qoruğu, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazilərində 2 hektar tingçilik sahələri yaradılıb.
İrihəcmli investisiya tələb edən regional və beynəlxalq əhəmiyyətli layihələrin ekspertizasına xüsusi diqqət yetirilib, onların respublikanın iqtisadi inkişafında əhəmiyyətləri nəzərə alınaraq ekoloji qiymətləndirməsi aparılıb. 8 müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, dövlət ekoloji ekspertiza rəyi verilib.
Bundan başqa, 2012-ci il ərzində muxtar respublikanın müxtəlif regionlarında, ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda ekologiyaya aid mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər keçirilib. Televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilib.
Deyirlər ki, ancaq ən son ağac kəsildikdən, ən son nohur zəhərləndikdən və ən son balıq tutulduqdan sonra başa düşəcəyik ki, insan pulu yeyə bilməz. Təbiət Tanrının yazdığı bir kitabdır, hər dağıntı düzələ bilir, təbiətin dağıntısı isə heç vaxt düzəlməz. Yuxarıda sadaladıqlarımız muxtar respublikada fəaliyyət göstərən əlaqədar bir dövlət qurumunun birillik fəaliyyəti haqqındadır. Ancaq təbiətin mühafizəsi işində təkcə bu qurumun əməkdaşları deyil, hər birimiz həssaslıq göstərməli, bizi əhatə edən və yaşamağımıza, var olmağımıza kömək edən hər bir təbiət abidəsinə qarşı qayğıkeş olmalıyıq.
Səbuhi HÜSEYNOV