Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayevin “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası” və “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” kitabının təqdimatı olub.
Tədbirdə Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov çıxış edərək bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Təbii ki, bu sahədə davamlı inkişafı təmin etmək üçün elmi yanaşma da mühüm şərtdir. Məhz bu məqsədlə Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikada damazlıq – seleksiya işlərini yaxşılaşdırmaq və bütün yaşayış məntəqələrində relyefə uyğun heyvan növlərinin və cinslərinin yetişdirilməsi nəticəsində məhsul bolluğunun yaradılmasına nail olmaq üçün kitab və atlas hazırlanıb. Müəllif, nazirliyin şöbə müdiri Əyyub Abdullayev kitabda akademik Eyyub Bəşirovun elmi-nəzəri əsərlərinə və digər alimlərin bu sahə ilə bağlı yazdığı nəşrlərə istinad edib.
Qeyd olunub ki, 4 hissə, 131 səhifədən ibarət “Naxçıvan Muxtar Respublikasında damazlıq heyvandarlığın inkişafının əsasları” adlı kitab geniş məzmunlu izahatlarla seçilir, “Heyvan cinslərinin rayonlaşdırılmasının atlası”nda isə bütün yaşayış məntəqələrinin relyefinə uyğun olaraq heyvan cinslərinin və növlərinin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr yer alıb. Nəşrlər heyvandarlıqla məşğul olan sahibkarlara təsərrüfatlarındakı heyvanların cins tərkibini yaxşılaşdırmaqla, məhsul bolluğuna nail olaraq ailə büdcələrinə daha çox gəlir gətirməsinə geniş imkanlar açacaq.
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxışında qeyd edib ki, istər Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisasının tələbələri, istərsə də heyvandarlıqla məşğul olan fermerlər bu kitabdan səmərəli şəkildə faydalana bilərlər.
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Şəmil Mahmudov, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov, Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov çıxışlarında yeni nəşrlərin əhəmiyyətindən danışıblar.
Sonra Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev nəşrlərin ərsəyə gəlməsində göstərdiyi böyük diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.
Nail ƏSGƏROV