Naxçıvanda üzümçülük kənd təsərrüfatı sahələri arasında hər zaman xüsusi çəkiyə malik olub. Tarixə nəzər salsaq, görərik ki, hələ 3000 il öncə qədim Naxçıvan diyarında yaşayan türk tayfalarının əsas məşğuliyyətini üzümçülük təşkil edib. Ona görə də uzun illərdən bəri burada xalq seleksiyası nəticəsində çoxlu sayda qiymətli üzüm sortları yaradılaraq nəsildən-nəslə ötürülüb.
Tarixi mənbələrdə qeyd edildiyi kimi, qədim diyarımızda tez, orta və gecyetişən, xoşagəlimli əmtəə görünüşlü, ağ, qırmızı, sarı, qara və qəhvəyi kişmişi, əsgəri, xəlili, kürdəşi, həmçinin Naxçıvan hüseynisi, bəndi, bənənyari, miskalı, haçabaş, ağ tayfı, ağ aldərə, hənəqırna, Naxçıvan şanısı, Naxçıvan qara üzümü, sahibi, xan üzümü və sair üzüm sortları ulu babalarımızın bizə miras qoyub getdikləri ən gözəl nümunələrdir. Sevindirici haldır ki, dünyanın ən məhsuldar, ən keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən adını sadaladığımız üzüm sortları nəinki ölkəmizdə, hətta onun hüdudlarından kənarda da özünə şöhrət qazanıb. Hazırda Rusiyanın Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanılan, Naxçıvan ərazisindən tapılmış, VII əsrə aid üzüm salxımları ilə bəzədilmiş tunc at fiquru əyani şəkildə göstərir ki, bu diyarın yerli əhalisi çox qədimdən üzüm bitkisini necə sevib və qiymətləndirib.
Onu da qeyd edək ki, ötən əsrin 70-ci illərindən etibarən ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində respublikamızda üzümçülüyün yeni müstəvidə inkişafı təmin olunub. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi tədbirlər sayəsində emal müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, güclü mütəxəssis potensialı yaradılıb, üzümçülükdə xeyli uğurlar qazanılıb. Lakin 90-cı illərin əvvəllərində ölkədə hökm sürən iqtisadi gərginlik bu sahənin inkişafına öz mənfi təsirini göstərib, istehsalçılarla istehlakçılar arasında ənənəvi münasibətlərin pozulmasına və nəticədə, bir sıra üzümçülük – şərabçılıq müəssisələrinin fəaliyyətinin dayandırılmasına səbəb olub. Bu problem qədim üzümçülük ənənələri olan Naxçıvandan da yan keçməyib.
Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra, keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün inkişafına ciddi önəm verilib və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Bu gün ölkə iqtisadiyyatında xüsusi çəkisi olan üzümçülük muxtar respublikamızda prioritet sahələrdən biri sayılır. Son illər üzümçülüyün inkişafına diqqət daha da artırılıb, yeni üzüm plantasiyaları salınıb. Bu sahədə imzalanan sərəncamlar və qəbul olunan Dövlət proqramları qədim təsərrüfat ənənələrimizdən olan üzümçülüyə marağı artırıb. Yeni yaradılan belə təsərrüfatlardan biri də Babək rayonunun Nehrəm qəsəbəsindəki “Sumqala” üzümçülük təsərrüfatıdır. Burada 14 xarici ölkədən gətirilmiş məhsuldar üzüm sortu ilə yanaşı, onlarla keyfiyyətli yerli üzüm sortu da yetişdirilir.
Aqronom İsgəndər Abdullayevdən aldığımız məlumata görə, Nehrəm qəsəbəsindəki “Sumqala” üzümçülük təsərrüfatı 2015-ci ildə yaradılıb. Bu təsərrüfat 300 hektara yaxın sahəni əhatə edir. Buradakı üzüm bağından hər il minlərlə ton məhsul götürülür. Yığılan məhsullar yerli tələbatı ödəməklə yanaşı, Bakı şəhərinə, ölkəmizin digər bölgələrinə, həmçinin Rusiya və Ukrayna bazarlarına çıxarılır. Aqrotexniki tədbirlərin vaxtında və tələblərə uyğun həyata keçirildiyi təsərrüfatda hazırda 470 nəfərdən çox rayon sakini mövsümi işlə təmin olunub.
Süni suvarma sistemindən istifadə olunan ərazidə xüsusi metrologiya avadanlıqları da quraşdırılıb. Plantasiyanın hansısa hissəsində nəmlik səviyyəsi aşağı düşdüyündə dərhal məlumatlar sistemə ötürülür və suvarma prosesi avtomatik olaraq işə düşür.
İsgəndər Abdullayev deyir ki, 220 hektarını üzüm kolları təşkil edən təsərrüfat ərazisində əlavə olaraq meyvə bağı da salınıb. Üzümçülükdən yaxşı gəlir götürən təsərrüfatçı meyvə bağlarından da yüksək məhsuldarlıq əldə etmək üçün bütün lazımi tədbirləri görüb. Xüsusilə 25 hektar ərazini əhatə edən alma bağında artıq məhsul yığımı həyata keçirilib. Payızlıq alma ağaclarından isə yaxın vaxtlarda yüksək məhsuldarlığın alınması nəzərdə tutulur. Bundan əlavə, 5 hektar ərazidə şaftalı, 2 hektar ərazidə isə yeni badam, bu ilin ötən dövrü ərzində 22 hektar ərazidə 3 məhsuldar sortdan ibarət yeni gilas bağı salınıb. Xarici sort gilas ağaclarının əkildiyi bağdan hasil olunacaq məhsul gələcəkdə bu meyvəyə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsini təmin edəcək.
Hər il fəaliyyətini daha da genişləndirən “Sumqala” təsərrüfatı daxili bazarın müxtəlif sort və növ meyvələrlə təminatında böyük paya malikdir. Yaxın günlərdə üzüm bağlarından toplanılacaq məhsulların satışı təkcə muxtar respublikamızı yox, həm də xarici bazarları əhatə edəcək. Bu isə “İxrac ili”nə ən mühüm töhfələrdən biri olacaq.
Göründüyü kimi, bu gün muxtar respublikamızda üzümçülüyün gəlirli təsərrüfat sahəsinə çevrilməsi üçün hərtərəfli şərait mövcuddur. Qədim diyarımızın əlverişli iqlim və torpaq xüsusiyyətləri bu ənənəvi sahənin daha da inkişaf etdirilməsinə yeni imkanlar açır. Ümid edirik ki, dövlətimizin bu sahəyə göstərdiyi qayğı, təsərrüfat sahibləri üçün əlverişli imkanların yaradılması yaxın gələcəkdə muxtar respublikamızın üzümçülük təsərrüfatında yeni mərhələnin başlanmasına stimul verəcək.
- Gülcamal TAHİROVA