22 Dekabr 2024, Bazar

Cəmiyyətin bütün sahələrinin ümumi inkişaf göstəricisi kimi iqtisadi artımın və makroiqtisadi tarazlığın dayanıqlılığı vacib şərtlərdən sayılır. İnkişaf edən cəmiyyətin sonsuz tələbatının ödənilməsi üçün sabit dinamika ilə inkişaf edən iqtisadi sistemin qurulması həmişə öz aktuallığını qorumuş və hökumətlərin yeritdiyi iqtisadi, eləcə də sosial siyasətdə əsas yer tutmuşdur. İqtisadi artımı arzuedilən səviyyədə tənzimləyə bilmək üçün rəqabətədavamlı istehsal və xidmət sahələrinin yaradılması bu baxımdan həlli vacib məsələlərdən hesab edilir.
Yola saldığımız 2012-ci il istər ölkəmizdə, istərsə də muxtar respublikamızda sosial-iqtisadi inkişafın ümumi göstəriciləri baxımından yaddaqalan olmuşdur. Bazar iqtisadiyyatının təməl prinsiplərini – tələb və təklifin tarazlığını təmin edən ilkin şərtlərin təmin edilməsi, insanların rifahına təsir edən zəruri məşğulluq və istehlak nemətləri bolluğunun yaradılması dünyada yaranmış mürəkkəb vəziyyətə baxmayaraq, ötən ilin ümumi mənzərəsi haqda müsbət fikirlər söyləməyə imkan verir. İqtisadi fəaliyyət mexanizminə müsbət təsir edən islahatların davamlı olaraq dəstəklənməsi, əhalinin gündəlik tələbatlarının ödənilməsi istiqamətində yerli istehsal sahələrinin təşkili və həyat səviyyəsinin yüksəlməsi ilə istehlak xərclərində müşahidə olunan artım, ümumən, cəmiyyətin həyatında mühüm keyfiyyət dəyişikliklərinə səbəb olmuşdur. Səmərəliliyin artırılması, təbii resurslardan başqa, daha çox əmək ehtiyatlarının və yeni texnologiyanın istehsalata cəlb edilməsi ilə əldə olunan artım öz dayanıqlılığını bir daha göstərmişdir. Ötən il xidmət sahələrində keyfiyyət standartlarına daha yaxşı əməl edilməsi, dövrün tələbinə görə müxtəlif servislərin təşkil olunması sərf olunan insan əməyinin dəyərinin daha da artaraq onun sahibinin rifahının yüksəlməsinə şərait yaratmışdır.

İnsanların istifadəsinə təklif olunan hər bir məhsul və xidmətin rəqabətədavamlılığı bazardakı tələb və təkliflə müəyyən olunur. Son istehlakçının tələbatına cavab verən məhsulun dəyəri onun qiyməti ilə uzlaşdığı halda həmin məhsulun rəqabətədavamlılığı haqda danışmaq mümkündür. Artan tələbin ödənilməsi üçün təklif olunanın qiymətinə və keyfiyyətinə mühüm təsir göstərən yeni investisiyaların daimi olaraq həyata keçirilməsi zərurəti yaranır. Məhz yeni investisiyalar iqtisadiyyatı heç zaman durğunluq və tənəzzül mərhələsinə enməyə qoymayan, daim yenilənən tələbə qarşı eyni yenilənmə ilə cavab verə bilən bir inkişaf açarıdır. Tələb olunan zəruri yenilənmənin yolu isə iqtisadiyyatın yenilənməsindən, müxtəlif istehsal və xidmət sahələrinə yeni investisiyaların yönəldilməsindən keçir. 
Bazarda rəqabətin öz sözünü deyə bilməsi üçün dünya iqtisadi inteqra­siyasına qoşulmaq, ekoloji tarazlığı qorumaq şərtilə daha çox elmtutumlu ixracyönümlü məhsul və xidmətlər istehsalına başlamaqla təbii resursları və əmək ehtiyatlarını mühafizə etmək, nəhayət, daxili bazarı keyfiyyətsiz idxal məhsullarından qorumaq bu sahədə ən zəruri vəzifələrdən biridir. Çünki bu sahədə atılmış hər bir qətiyyətli addım təkcə bu gün və sabah üçün deyil, öz bəhrələrini illər boyu verə biləcək uzunmüddətli perspektiv üçündür. Artıq sübut olunmuşdur ki, insan üçün faydalı olan, onun uzun illər boyu rahat və təhlükəsiz həyat şəraitini təmin edən nə qədər maddi nemət varsa, onun da ömrü uzun olub, digərlərinin rəqabətinə davam gətirəcəkdir.
Son illər regionda yaradılmış belə rəqabətədavamlı iqtisadiyyat göstəricilərini Naxçıvan Muxtar Respublikasının timsalında görmək mümkündür. 2012-ci ildə muxtar respublikada Ümumi Daxili Məhsulun həcmi bir il öncəyə nisbətdə 12 faiz artaraq 2 milyard 14 milyon manata, onun hər bir nəfərə düşən həcminin isə 11 faizlik artımla 4765 manata çatması dediklərimizə sübutdur. Qısa müddətdə keçilən yola, əldə olunan nəticələrə nəzər saldıqda muxtar respublika iqtisadiyyatında kəmiyyət və keyfiyyət dəyişiklikləri arasındakı uğurlu mütənasibliyi görmək olar. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin altıncı sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikanın 2012-ci ildə sosial-iqtisadi inkişafını xarakterizə edən geniş məruzəsində də deyildiyi kimi: “Artıq bu gün qəti əminliklə demək mümkündür ki, muxtar respublikanın iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Yeni mərhələnin əsas məqsədi, ilk növbədə, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə nail olmaqla, dinamik sosial-iqtisadi inkişafın davamlılığını uzunmüddətli perspektiv üçün təmin etməkdən ibarətdir”.

Göründüyü kimi, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət proqramlarının müvəffəqiyyətlə icrası Naxçıvan Muxtar Respublikasının da inkişafına öz müsbət təsirini göstərmişdir. Əldə olunmuş makroiqtisadi sabitlik  yeni investisiyalara meydan açmış, muxtar respublika iqtisadiyyatına müxtəlif mənbələrdən çoxyönlü investisiyalar cəlb olunmuşdur. Yeni mərhələdə qarşıda duran vəzifə isə bu dinamikanın qorunub saxlanılması və hər kəsin rifahına xidmət edən iqtisadi artımın təmin edilməsidir. 

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR