22 Dekabr 2024, Bazar

Kəngərli rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərir. Cari ildə rayonun torpaq mülkiyyətçiləri 5 min 906 hektar sahədən 17 min 707 ton taxıl tədarük ediblər. Hər hektar taxıl sahəsindən orta hesabla 30 sentner məhsul götürülüb. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olub. Bu isə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını göstərir.

Hazırda rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq bir neçə gündür, torpaq mülkiyyətçiləri taxılı biçilən sahələrdə yay şumuna başlayıblar. Bu işə hələlik “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kəngərli Rayon Bazasının, eyni zamanda fiziki və hüquqi şəxslərə məxsus müxtəlif markalı 12 şum texnikası cəlb edilib. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb.

Hazırda sahələrdən şum edən texnikaların səsi gəlir. Traktorlar bu günə kimi 1450 hektar sahədə şum aparıblar. Taxıl əkinində ilkin və həlledici amil sayılan yay şumundan əvvəl sahələr bitki qalıqlarından təmizlənir, üzvi və mineral gübrələrlə zənginləşdirilir. Şumun lazımi dərinlikdə aparılması da həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin daimi nəzarətindədir. Bu mühüm kampaniyada iştirak edən texnikaların yanacaqla vaxtlı-vaxtında təmin olunması, sıradan çıxmış hissələrinin təcili dəyişdirilməsi üçün əvvəlcədən kifayət qədər ehtiyat yaradılıbdır.

          Qeyd edək ki, Böyükdüz və Xok kəndlərində aparılan yay şumu daha böyük sahələri əhatə edir.

                                                                                                                                                  Babək İSMAYILOV

         

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR