Naxçıvan şəhərindəki Mərkəzi bazarda hər həftəsonu olduğu kimi, ötən şənbə günü də qələbəlik müşahidə edilirdi. Yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə hərtərəfli şərait yaradılmışdı. Buradakı səliqə-sahman da ilk baxışdan diqqəti cəlb edirdi. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunurdu.
Qeyd edək ki, süni qiymət artımının qarşısının alınması, alıcıların seçim imkanlarının artırılması məqsədilə yarmarkaya 21 istehsal müəssisəsi və 300-ə yaxın ailə təsərrüfatı tərəfindən 165 çeşiddə, 100 tona yaxın məhsul çıxarılmışdı.
Mərkəzi bazarda olarkən əkin və bostan sahələrində yetişdirdikləri məhsulu satan torpaq mülkiyyətçiləri və alıcılarla söhbət zamanı məlum oldu ki, belə tədbirlər bir neçə cəhətdən sərfəlidir. Təşkil olunan yarmarkalar təsərrüfatçı və sahibkarların – kənd zəhmətkeşlərinin min bir zəhmətlə ərsəyə gətirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaradır, həm də daxili bazarı yerli məhsullarla təmin edir.
- Ramiyyə ƏKBƏROVA