22 Dekabr 2024, Bazar

Son illərdə muxtar respublikada aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırıb, innovativ texnologiyaların tətbiqi məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaradıb. Xüsusilə əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal məhsulları ilə tam təmin edilməsində soyuducu anbarların və istixana komplekslərinin rolunu vurğulamaq lazım­dır. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılıb, məhsul bolluğu təmin olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən payız-qış mövsümündə əhalinin tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində maarifləndirici tədbirlər keçirilib, istixanalarda əkin işlərinin vaxtında başa çatdırılması tapşırılıb.
Əkin işlərini müəyyən edilmiş müddətdə başa çatdıran və dövlət dəstəyindən bəhrələnən sahibkarlıq subyektləri sırasında “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksi xüsusi yerə və çəkiyə malikdir. 2013-cü ildən Naxçıvan şəhərində fəaliyyət göstərən kompleksdə Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. 12 min kvadratmetr sahədə qurulan istixana kompleksində 2020-ci ilin payız-qış dövrü üçün əkin işləri aparılıb, 30 min pomidor şitilindən istifadə edilib. Hazırda istixana kompleksində daha məhsuldar və xəstəliklərə davamlı olan Xaçmaz sortu pomidoru yetişdirilir. Onlara lazımi aqrotexniki qulluq göstərilib, istehsal prosesində üzvi gübrədən istifadə edilib. Hazırda şitillər çiçək dövründədir. Yetişdirilən keyfiyyətli pomidor məhsulu artıq yaxın aylardan başlayaraq sifarişə uyğun olaraq 10, 15 və 20 kiloqramlıq karton taralarda topdansatış bazalarında, pərakəndə satış mağazalarında “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılacaq. 12 nəfərin daimi işlə təmin olunduğu istixana kompleksində 100-120 ton məhsuldarlıq gözlənilir ki, bu da muxtar respublikada pomidora olan tələbatın mühüm bir hissəsini ödəyəcək.
Gələcəkdə kompleksin fəaliyyətinin genişləndirilməsi və tərəvəz məhsullarının istehsalının artırılması, eləcə də daxili tələbatı ödəməklə yanaşı, tərəvəz məhsullarının xarici bazarlara çıxarılması istiqamətində müəssisə tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR