Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksəkkeyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Arıçılıq aqrar sektorun gəlirli sahəsi olmaqla, qida və müalicəvi xüsusiyyətlərə malik, ekoloji mühitə müsbət təsir edən təsərrüfat növüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədi yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.
Muxtar respublikada əhəmiyyətli təsərrüfat sahəsi olan arıçılığa göstərilən qayğının nəticəsidir ki, bu sahə yüksək inkişaf mərhələsinə qədəm qoymuş, arıçılıqla məşğul olmaq istəyən sahibkarlıq subyektlərinin sayı ildən-ilə çoxalmışdır. İkinci rübdə Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası davam etdirilmiş, arıçılığın inkişafı üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə muxtar respublikada fəaliyyət göstərən 3 min 943 arıçı sahibkara məxsus 98 min 400 arı ailəsi qeydiyyata alınmış, hər arı ailəsi üçün 10 manat olmaqla, ümumilikdə, 984 min manat subsidiya arıçılara təqdim edilən plastik kartlar üzrə hesablara köçürülmüşdür. Həmçinin 1 hüquqi şəxsə məxsus arıçılıq məhsulu sertifikatlaşdırılmış, 5 arıçılıq təsərrüfatına 45 min manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Arıçılığın yem bazasının müxtəlifliyi bu sahənin inkişafına təkan verən mühüm vasitələrdəndir. Dövlət proqramında da yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. İkinci rübdə bu tapşırığın icrası diqqət mərkəzində olmuş, muxtar respublikada yeni salınan meyvə bağlarının 29,1 hektara yaxınını nektar və çiçək tozu ilə zəngin olan meyvə tingləri təşkil etmişdir.
Naxçıvanda arıçılığın inkişafını şərtləndirən amillərdən biri də yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin qarşısının alınmasıdır. Yerli genofondun qorunması, ilk növbədə, arıçılıq təsərrüfatlarının sayının hər mövsüm artırılmasından asılıdır. İkinci rübdə Sarı Qafqaz arı cinsinin Naxçıvan populyasiyasının qorunub saxlanılması məqsədilə 3 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Eyni zamanda 6 arıçılıq təsərrüfatının yaradılması və 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir.
Arı xəstəlikləri arı ailələrini zəiflədən, bu sahədə məhsuldarlığı aşağı salan və nəticədə, arıçılığın inkişafına ziyan vuran mühüm faktordur. Bu xəstəliklərin qarşısının alınması üçün vaxtında analizlər aparılmalı, eləcə də aşkar edilən xəstəliklərin əhatə dairəsi genişlənmədən müalicəsi həyata keçirilməlidir. Aprel-iyun aylarında Dövlət proqramının icrası istiqamətində Amerika və Avropa çürüməsi xəstəliklərinə qarşı arıxanalardan 11 min 875 nümunə götürülərək yoxlanılmış, xəstəlik aşkar olunmamışdır. Eyni zamanda parazitar xəstəliklərdən olan varroatoz, akarapidoz, nozematoz xəstəliklərinə qarşı müayinələr aparılmış və təyinatı üzrə tədbirlər görülmüşdür.
Dövlət proqramında arıçılığın inkişafı məqsədilə arıçı sahibkarlarla maarifləndirici tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Maarifləndirmə arı ailələrinə mövcud qaydalara uyğun qulluq edilməsinə, bir zonadan digərinə mərhələli şəkildə köçürülməsinə, həmçinin balverən bitkilərin əkin sahələrinin genişləndirilməsinə və arı xəstəliklərinin vaxtında qarşısının alınması işinə müsbət təsir göstərir. İkinci rübdə bu məqsədlə görülən işlər davam etdirilmişdir. Şərur, Şahbuz, Kəngərli, Culfa və Ordubad rayonlarında maarifləndirici tədbirlər, iyunun 11-də isə Batabat yaylağında arıçı sahibkarlarla fərdi qaydada görüş keçirilmişdir. Bu dövrdə sahibkarların məlumatlandırılması məqsədilə 4 adda bukletlər dərc etdirilərək paylanılmış, Naxçıvan Dövlət Televiziyasında 3 veriliş efirə təqdim olunmuş, “Şərq qapısı” qəzetində 3 məqalə dərc edilmişdir.
Dövlət proqramının bundan sonra da uğurla icrası Naxçıvan Muxtar Respublikasında əhalinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və bu məhsulların ixracının həyata keçirilməsi istiqamətində yeni imkanlar yaradacaqdır.
“Şərq qapısı”