22 Dekabr 2024, Bazar

 

Sosial-iqtisadi inkişafla bağlı islahatların həyata keçirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri regional iqtisadi inkişaf anlayışıdır. Dünya təcrübəsinə nəzər saldıqda görmək olar ki, ölkələrin hərtərəfli inkişafı onların regionlarının və ştatlarının bütövlükdə inkişafı ilə xarakterizə olunur. Bu baxımdan dövlətlər öz iqtisadi və sosial siyasətlərini müəyyən edərkən regionlarının sosial-iqtisadi inkişafı məsələsini əsas prioritet istiqamət kimi əldə tutur və öz inkişaf strategiyalarını bu istiqamət üzərindən həyata keçirirlər. Ölkənin rayonlarının hər birinin ayrı-ayrılıqda inkişafı olmadan ümumi sosial-iqtisadi inkişafdan da ­danışmaq olmaz.

Ölkəmizdə qəbul edilən Dövlət pro­qramlarında regional inkişafla əlaqədar olan məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf xüsusiyyətləridir. Muxtar respublikamız Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi, özünəməxsus xüsusiyyətlərə və infrastruktura malik olmaqla, təbii-coğrafi şəraiti, insan kapitalı, adət-ənənələri və digər xüsusiyyətləri ilə müxtəlif ehtiyat qruplarını özündə cəmləşdirir. Diyarımızda kənd təsərrüfatının, sənayenin strukturunu möhkəmləndirmək, məşğulluq səviyyəsini yüksəltmək, əhalinin təhsil, səhiyyə və başqa sosial tələbatlarını yaxşılaşdırmaq üçün respublikamızda qəbul edilən Dövlət proqramlarına paralel olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq olunmuş və icrası uğurla başa çatmış “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı, həmçinin “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqram” ını xüsusi olaraq qeyd etmək lazımdır.

Ümumi struktura nəzər saldıqda görə bilərik ki, bu proqramlar bir-birinin məntiqi ardıcıllığı olmaqla, davamlı iqtisadi inkişaf dinamikasını qoruyub saxlamaq və genişləndirmək məqsədini daşıyır. Ölkəmizin iqtisadi qüdrətinin artırılması, bütün sahələr üzrə tədbirlər planının genişləndirilməsi, ən kiçik problemin incəliklərinə qədər həll edilməsi həmin proqramlarda nəzərdə tutulmuşdur. Elmin, səhiyyənin, mədəniyyətin, idmanın daha da inkişaf etdirilməsi, informasiya texnologiyaları sahəsində işlərin sürətləndirilməsi, qeyri-neft sektorunun və emal sənayesinin genişləndirilməsi, müasir standartlara uyğun obyektlərin və tikililərin yenidən qurulması Dövlət proqramlarına daxil olan əsas tədbirlərdir. Əvvəlki illərdən fərqli olaraq son layihələr daha çox elmi-texniki tərəqqinin nailiyyətlərinə hesablanmışdır.
Ötən illər ərzində qəbul edilən pro­qramlara uyğun həyata keçirilən işləri xarakterizə etsək, onların vəzifələri, nəzərdə tutulan işlər və icra mexanizmi haqqında çox söz söyləmək mümkündür. Xüsusilə proqramların uğurlu icrası nəticəsində, sosial-iqtisadi sahələrin hər birində əhəmiyyətli dəyişikliklər qeydə alınmışdır. Keçən onilliklər ərzində burada həm hüquqi-qanunvericilik məsələləri təkmilləşdirilmiş, həm də hüquqi tədbirlərə uyğun olaraq əməli işlər daha da sürətləndirilmişdir. Muxtar respublikada, sənayenin, aqrar sektorun, turizmin, xarici ticarətin, sosial sektorun (təhsil, mədəniyyət, səhiyyə və sair) bütün sahələri üçün güclü qanunvericilik bazası yaradılmışdır. Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmi təkmilləşdirilmiş, Sahibkarlığın İnkişafı Fondu təsis edilmiş, ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər sürətləndirilmiş, investisiyaların təşviqi ilə bağlı tədbirlər hazırlanmış, muxtar respublika məhsullarının xarici ölkələrdə tanıdılması üçün xeyli işlər görülmüşdür. Əlavə olaraq kənd təsərrüfatının ayrı-ayrı sahələri, turizm, xalçaçılıq, elektron xidmətlər, mədəniyyət, lizinq fəaliyyəti və digər sahələr üçün fərman və sərəncamlar qəbul edilmişdir.
Muxtar respublikada rabitə və telekommunikasiya sisteminin təkmilləşdirilməsi, nəqliyyat sisteminin inkişafı üçün yolların və körpülərin yenidən qurulması, əhalinin keyfiyyətli qida məhsullarına və içməli suya olan tələbatının yüksək səviyyədə təmin olunması, tarixi və mədəni abidələrin qorunması, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur. Bütün bunlar sosial-iqtisadi proqramların əsas nailiyyətləridir. Statistik məlumatlar da dediklərimizi təsdiq edir. Belə ki, ölkəmizdə və buna paralel olaraq muxtar respublikada regional sosial-iqtisadi inkişaf proqramlarının tətbiqinə başlanılan ilkin dövrlərlə son illəri müqayisə etsək, əhəmiyyətli irəliləyişlərin şahidi olarıq. 2019-cu ildə 2003-cü illə müqayisədə ümumi daxili məhsul 16,9, sənaye məhsulu 57,7, kənd təsərrüfatı məhsulu 7,06, informasiya və rabitə xidmətləri 12,08, pərakəndə əmtəə dövriyyəsi 17,3, əhaliyə göstərilmiş ödənişli xidmətlər 17,34, əsas kapitala yönəldilən vəsaitlər 16,3, orta aylıq əməkhaqqı isə 12,6 dəfə artmışdır. Bundan başqa, sosial sahələrdə də əhəmiyyətli göstəricilər qeydə alınmış, son illərin Dövlət proqramlarında ətraf mühitin qorunması, təbii resurslardan düzgün istifadə, yaşıllaşdırma işlərinin aparılması istiqamətində işlər uğurla davam etdirilmiş, 2 milyondan çox ağac əkilmişdir. Aqrar sahədə maarifləndirmə işlərinin aparılması, regionlarda fermerlərlə mütəmadi görüşlər, Aqrar Sığorta Fondunun təsis edilməsi, süni mayalandırma proseslərinin sürətləndirilməsi, ailə təsərrüfatlarının genişləndirilməsi, bu istiqamətdə festivalların və yarmarkaların təşkil edilməsi muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün əsas təşviqedici amillərdir.
Son illər ərzində sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş mühüm Dövlət proqramları iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi istiqamətində hər bir sahə üçün gələcəkdə mühüm perspektivlər yaradacaqdır. Proqramların effektivliyini yüksəltmək üçün əlavə olaraq ixracat istiqamətində lazımi potensialın formalaşdırılması, innovativ ideyaların diqqət mərkəzində saxlanılması, startap layihələrin işə salınması əldə olunan inkişafın sürətləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsində böyük rol oynayacaqdır.


Eltun İBRAHİMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR