22 Dekabr 2024, Bazar

Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksəkkeyfiyyətli, yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu həm də xarici ticarət tərəfdaşları ilə münasibətlərin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas amillər sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan edilməsi istehsal olunan məhsulların ixracının təkmilləşdirilməsinə, sahibkarlara yerli ixrac imkanlarından daha səmərəli istifadəyə şərait yaratmışdır.

Muxtar respublikanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyəti xarici ticarətdə müsbət meyillərə təkan vermişdir. Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, sənaye məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil etmişdir ki, bunun da 68,3 faizi sənaye məhsullarının payına düşmüşdür.

Muxtar respublikada Şərur Sənaye Məhəlləsinin, istehsal və xidmət sahələrinin yaradılmasının davam etdirilməsi gələcəkdə sənaye sektorunda istehsal və ixrac potensialını daha da artıracaqdır.
İxrac sahəsində əldə olunan nailiyyətlərin davamı olaraq cari ilin iyun-iyul aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra təşkilati işlər görülmüşdür. Yerli istehsal məhsullarının ixrac potensialının artırılması, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində sahibkarların, eləcə də ailə təsərrüfatlarının həm ölkə daxilində, həm də xaricdə keçirilən mühüm iqtisadi tədbirlərdə iştirakı nəzarətdə saxlanılmış, iyun-iyul aylarında onlayn şəkildə keçirilən 2 beynəlxalq əhəmiyyətli sərgi və konfransda bir ailə təsərrüfatçısının və 3 sahibkarlıq subyektinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.

Muxtar respublikanın iqtisadi inkişafında ilkin mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazır­kı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq məqsədi daşıyır. Qeyd etmək yerinə düşər ki, bu gün dünya bazarına rəqabətqabiliyyətli məhsul çıxarılması, ilk növbədə, keyfiyyət amilinin beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli məhsulların ixrac potensialını artırmaqda və onların xarici bazarlara çıxarılmasını asanlaşdırmaqda müstəsna rolu var. Belə ki, cari ilin iyun-iyul aylarında travertin, mebel, siyenit mərmər, vafli, “Badamlı” və “Sirab” mineral sularının Oman Sultanlığı, Gürcüstan, Yəmən, Əfqanıstan kimi ölkələrə ixrac olunması məqsədilə mərkəz tərəfindən 25 halda mənşə sertifikatı verilmişdir.
Bu gün muxtar respublikada istehsal olunan məhsulların 10-dan artıq ölkəyə ixrac edilməsi onu deməyə əsas verir ki, Naxçıvanda yüksəkkeyfiyyətli məhsul istehsal edən müəssisələrin sayı davamlı olaraq artır. Bu, eyni zamanda iqtisadi siyasətin prioritetlərindəndir. Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir. Çünki istehsal olunan məhsulların yüksəkkeyfiyyətli olması həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətinin artması, eyni zamanda istehlakçılarımızın keyfiyyətli məhsul istehlak etmək hüququnun təmin olunması deməkdir.
Muxtar respublika rəhbərinin diqqət və qayğısı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi ixrac imkanlarını bundan sonra da artıracaq, iqtisadi əlaqələrimiz genişlənəcək, yerli məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradacaqdır.

Mehparə MƏMMƏDOVA
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin
Elmi-Tədqiqat Tədris
Mərkəzinin elmi işçisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR