22 Dekabr 2024, Bazar

Müasir dünya ölkələrində baytarlıq işinin yüksək standartlar əsasında qurulması öz aktuallığı ilə seçilən həyati əhəmiyyətli məsələlərdəndir. Çünki baytarlıq xidmətinin düzgün təşkili insanlar və heyvanlar arasında təhlükəli və yoluxucu infeksion xəstəliklərin qarşısının alınması, epizootik sabitliyin təmin edilməsi yolu ilə ərzaq təhlükəsizliyinin təminatında xüsusi rola malikdir. Digər tərəfdən süni mayalanma tədbirlərinin genişləndirilməsi ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması da heyvandarlığın inkişafına səbəb olur.

Naxçıvan Muxtar Respublikasında baytarlıq xidmətinin inkişafı və bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu işlərin davamında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” mühüm rol oynayır. Baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi məqsədilə qəbul edilən proqramda 25 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur. İkinci rübdə heyvanların cins tərkibinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, təbii yolla keçən xəstəliklərin qarşısının alınması məqsədilə süni mayalanma tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tapşırığın icrası diqqət mərkəzində olmuşdur. Mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanmış, yaradılan şərait­dən lazımi səviyyədə istifadə olunacağına və mərkəzin inkişafının təmin ediləcəyinə əminliyini bildirmişdir. Yeni yaradılan mərkəz muxtar respublikada süni mayalanma işinin genişlənməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına və heyvandarlığın inkişafına təkan verəcəkdir. Bu da ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm addımdır. Ümumilikdə, muxtar respublikada ikinci rübdə 3 min 989 inək və düyədə süni mayalanma işləri aparılmış, keçən ildən mayalanmış 1789 buzov doğulmuşdur. Eyni zamanda bu sahədə maarifləndirmə işləri davam etdirilmiş, 1 məqalə dərc olunmuş, 2 televiziya, 1 radio verilişi və 1 buklet hazırlanmışdır.

Dövlət proqramında səyyar süni mayalanma xidmətinin göstərilməsi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. Qeyd edilən tapşırığın müasir tələblər səviyyəsində icrası üçün Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazasının gücləndirilməsi və süni mayalanma texniklərinin müvafiq vasitələrlə təmin edilməsi mühüm rol oynayır. İyunun 30-da Dövlət Baytarlıq Xidmətində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmişdir. Müşavirədə xidmətə 1 “Fiat” markalı avtomobil, 5 yedəkli motosiklet və 5 dəst süni mayalanma ləvazimatı təqdim edilmiş, öz fəaliyyəti ilə fərqlənən bir qrup əməkdaşa hədiyyələr verilmişdir. Ali Məclisin Sədri demişdir: “Süni Mayalanma Mərkəzinin yaradılması, avadanlıqlarla təminat onu deməyə əsas verir ki, süni mayalanma işinin həyata keçirilməsi, eləcə də baytarlıq təbabətinin inkişafı üçün lazım olan bütün şərait var. Baytarlıq təbabəti işçiləri bundan sonra da səmərəli fəaliyyət göstərməli, muxtar respublikada epizootik vəziyyət daim sabit saxlanmalı, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilməli, Dövlət proqramında nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır”.

Muxtar respublikada baytarlıq sahəsində mütəxəssis hazırlığı xüsusi diqqət yetirilən məsələlərdəndir. Çünki ixtisaslı kadr hazırlığının təmin edilməsi bütün sahələrdə inkişafı təmin edən başlıca amildir. Bu istiqamətdə ikinci rübdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrlə onlayn dərslər davam etdirilmiş, eləcə də Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən videogörüşlər təşkil olunmuşdur.
Əvvəlcədən proqnozlaşdırılaraq tərtib edilən tədbirlər planına uyğun peyvəndləmə işlərinin aparılması heyvanmənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Dövlət proqramında da bu məqsədlə profilaktik tədbirlərin görülməsi, vaksinasiya və laborator analizlərin vaxtında aparılması ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. İkinci rübdə epizootik tədbirlər planına uyğun olaraq qarayara xəstəliyinə qarşı 10 min 635 baş iribuynuzlu, 341 min 390 baş xırdabuynuzlu, 366 baş təkdırnaqlı, həmçinin bradzot xəstəliyinə qarşı 77 min 189 baş xırdabuynuzlu, dabaq xəstəliyinə qarşı 16 min 665 baş iribuynuzlu, 467 min 119 baş xırdabuynuzluda, emkar xəstəliyinə qarşı 59 min 520 baş iribuynuzlu, bruselyoz xəstəliyinə qarşı 216 min 135 baş xırdabuynuzlu, dermatofitoz xəstəliyinə qarşı 9 min 110 baş iribuynuzlu, nodulyar dermatit xəstəliyinə qarşı 276 baş iribuynuzlu, pasterellyoz xəstəliyinə qarşı 88 min 70 baş iribuynuzlu heyvanlarda, 24 min 817 baş quşlarda, nyukasl xəstəliyinə qarşı 285 min 203 baş quş, 199 min 409 baş cücələrdə, eləcə də quduzluğa qarşı peyvəndləmə aparılmışdır. Eyni zamanda bu dövrdə baytarlıq laboratoriyalarında bruselyoz xəstəliyinə görə 3 min 831 baş iribuynuzlu, 26 min 836 baş xırdabuynuzlu, 9 min 950 baş qoçdan qan və 1878 patoloji heyvan nümunələri götürülərək yoxlanılmış, heç bir xəstəlik aşkarlanmamışdır.
Həyata keçirilən profilaktik tədbirlər sırasında ekoloji təmizliyə nəzarətin təşkili və dezinfeksiya işlərinin vaxtında aparılması da xüsusi əhəmiyyət kəsb edir. Dövlət proqramının icrasına uyğun olaraq yaylaqlarda bu istiqamətdə işlərin aparılması diqqət mərkəzində olmuşdur. Ümumilikdə, ikinci rübdə muxtar respublikada 1534 obyekt üzrə 328 min 687 kvadratmetr sahədə dezinfeksiya tədbirləri həyata keçirilmişdir.

Proqramda gömrük-keçid məntəqələrində baytar karantin nəzarəti tədbirlərinin aparılması ilə bağlı tapşırıq müəyyən edilmişdir. Tapşırığın icrası istiqamətində muxtar respublikaya idxal edilən bütün növ heyvanlar üçün xarici baytarlıq sertifikatı tələb olunmuş və karantinə alınması məqsədilə aidiyyəti rayon baytarlıq idarələrinə əvvəlcədən məlumat verilmişdir. Həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən xarici dövlətlərdə qeydə alınmış xəstəliklərin muxtar respublika ərazisində yayılmasının qarşısının alınması məqsədilə həmin ölkələrdən heyvan və heyvanmənşəli malların idxalı məhdudlaşdırılmışdır.
Heyvandarlığın inkişafında sağlam mühitin formalaşdırılması üçün baytarlıq preparatlarının, yemlərin, yem əlavələrinin, biostimulyatorların, hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin təşkili, maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə aprel-iyun aylarında muxtar respublikada fəaliyyət göstərən baytarlıq əczaxanalarında 5 reyd keçirilmişdir. Eyni zamanda xəstəliklər zamanı ənənəvi müalicələrə üstünlük verilməsi üçün sahibkarlarla maarifləndirici söhbətlər aparılmışdır. Bu sahədə dərman bitkilərinin əhəmiyyəti barədə 2, heyvandarlıqda sığorta işinin təşkili ilə bağlı 1 maarifləndirici buklet hazırlanmışdır. Arıçı sahibkarların arı xəstəliklərinə qarşı maarifləndirilməsi üçün 8 fərdi görüş keçirilmişdir. Eləcə də heyvanların epizootik vəziyyəti araşdırılaraq sahibkarlara lazımi köməklik göstərilməsi məqsədilə Culfa rayonunun Dəmirli yaylağında səyyar baytarlıq xidməti təşkil edilmişdir.
“2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq yaradılan şəraitdən səmərəli istifadə olunması və proqramda nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsullarının istehsal olunması üçün yeni imkanlar yaradacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR