15 May 2024, Çərşənbə

Muxtar respublikamızda irimiqyaslı infrastruktur layihələrinin icrası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, bütün sahələrdə maddi-texniki bazanın gücləndirilməsi və insanların rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilməkdədir. Bu işdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın mühüm rolu vardır. 

Naxçıvanda iqtisadiyyatın əsasını təşkil edən sahələr içərisində kənd təsərrüfatı öz payına görə əhəmiyyətli çəkiyə malikdir. Dövlət proqramında aqrar sahənin inkişafı ilə bağlı müəyyən edilmiş tapşırıqların mühüm əhəmiyyəti vardır. Bu istiqamətdə işlər ikinci rübdə də davam etdirilmişdir. Keçirilən iməciliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmiş, mövsümə uyğun meyvə bağlarının salınması və yaşıllıqlara qulluq göstərilməsi barədə tapşırıqlar vermişdir. Muxtar respublikada aprel-iyun aylarında 6,2 hektarı üzüm bağı olmaqla, ümumilikdə, 43,6 hektar yeni meyvə bağları salınmış, 40,6 hektar sahədə meyvə tingləri ilə bərpa işləri aparılmış, 40 min 132 müxtəlif növ meyvə tingləri, 8 min 845 üzüm kolu əkin dövriyyəsinə daxil edilmişdir.
Aqrar sahədə məhsuldarlığa təsir göstərən mühüm amillərdən biri də torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasıdır. Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olmuş, görülən işlərlə maraqlanmışdır. Mayın 21-də Ali Məclisin Sədri yeni alınmış kənd təsərrüfatı texnikalarına baxmış və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar vermişdir. Ümumilikdə, ikinci rübdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 81 müxtəlif texnika və texnoloji avadanlıq alınaraq ehtiyat yaradılmış, 100 avadanlığın güzəştli şərtlərlə satışı təşkil olunmuşdur. Suvarılan torpaq sahələrinin genişləndirilməsi məqsədilə Şahbuz rayonunda qapalı suvarma şəbəkəsinin tikintisi üçün 270 hektar torpaq sahəsinin topo­qrafik planı hazırlanmışdır. Həmçinin Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi 1190 hektar torpaq sahəsində topoqrafik planaalma işləri aparılmışdır. Aqrar sahədə sığortanın tətbiqi ilə bağlı tədbirlər də diqqətdə saxlanılmış, 114 baş iribuynuzlu, 260 baş xırdabuynuzlu heyvan və 30 arı ailəsi sığortalanmışdır.
İkinci rübdə muxtar respublikada 168,7 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Eyni zamanda Şərur rayonunun Cəlilkəndində 1, Sədərək rayonunun Heydərabad qəsəbəsində 3 subartezian quyusu qazılaraq istifadəyə ­verilmişdir.
Naxçıvan Muxtar Respublikasında aqrar sektorun bütün sahələrində olduğu kimi, heyvandarlıq və quşçuluq təsərrüfatlarının da inkişafına dövlət dəstəyi göstərilir. Bu da həmin təsərrüfatların sayının hər mövsüm daha da artmasına gətirib çıxarır. İkinci rübdə dövlət maliyyə dəstəyi hesabına 1 quşçuluq, 11 heyvandarlıq təsərrüfatının yaradılması, 9 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Həmçinin 2 quşçuluq, 8 heyvandarlıq təsərrüfatının yaradılması, 2 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq və 1 quşçuluq təsərrüfatının yenidən qurulması isə davam etdirilmişdir.

Aprel-iyun aylarında torpaqların kadastr uçotu informasiya sisteminin fəaliyyətini təmin edəcək proqram təminatının sınaq rejimində istismarı davam etdirilmiş, qarşıya çıxan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmışdır. Şahbuz rayonunun Şahbuz, Mahmudoba, Sələsüz və Türkeş bələdiyyələri üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülmüş, Şərur rayonunun bələdiyyələri üzrə məlumatların daxil edilməsi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks, mayın 22-də isə Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilmişdir. Ali Məclisin Sədri mayın 18-də Muğancıq-Mehrab kəndində tam orta məktəbin, Məmmədsabir kəndində həkim ambulatoriyasının, hər iki kənddə xidmət və kənd mərkəzlərinin, Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışı ilə bağlı tədbirlərdə iştirak etmişdir. Mədəniyyət obyektlərində də təmir-yenidənqurma işləri davam etdirilmişdir. Ali Məclisin Sədri aprelin 15-də Yusif Küseyir oğlu türbəsində, mayın 5-də Naxçıvan şəhər buzxanasında, mayın 27-də isə Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şərq hamamında başa çatdırılan bərpa işləri ilə maraqlanmışdır.
İkinci rübdə proqramın icrasına uyğun olaraq təhsil və mədəniyyət obyektlərində təmir-yenidənqurma işləri davam etdirilmiş, Naxçıvan Dövlət Universitetinin Kitabxanasında, Memarlıq və mühəndislik, Konservatoriya, Beynəlxalq münasibətlər və hüquq fakültələrinin binalarında, Magistratura Mərkəzində, Şərur rayonunda Texniki Peşə və Sürücülük Məktəbinin, Fizika-Riyaziyyat Təmayüllü Liseyin binalarında, Naxçıvan Şəhər Bayraq Meydanında, Pirqəmiş məscidində, Babək Rayon Mədəniyyət Sarayında, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksində, Əlincə qalasında təmir, Naxçıvan Beynəlxalq Hava Limanına gedən yoldakı “Naxçıvan” abidəsində tərtibat işləri başa çatdırılmışdır.
Mədəniyyət obyektlərinin bərpa olunması ilə yanaşı, ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafı da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Dövlət Xalça Muzeyində milli naxışlı xalça toxunmuş, “Tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzi”ndə 809 manat dəyərində 95 əl işi ­satılmışdır.
Dövlət proqramında nəzərdə tutulan və icrası həyata keçirilən tədbirlər muxtar respublikada enerji təchizatı sahəsində müsbət dinamikanın əldə olunmasına gətirib çıxarmışdır. Bu tədbirlərin həyata keçirilməsi ikinci rübdə də diqqət mərkəzində olmuşdur. Ali Məclisin Sədri iyunun 10-da Ordubad rayonunun Tivi kəndində tikiləcək yeni su elektrik stansiyasının layihəsinə baxmış, stansiyanın bünövrəsinə beton qarışığı tökmüş, tikinti işlərinə başlanılması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir. Aprel-iyun aylarında Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmiş, ikinci rübdən sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə keçirilən açılış mərasimində, eyni zamanda Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar da təqdim olunmuşdur.
Naxçıvanda yeni salınan avtomobil yollarının, insanların rahatlığına xidmət edən ictimai nəqliyyat vasitələrinin sayının çoxalması bu sahədə beynəlxalq standartlara cavab verən maddi-texniki bazanın formalaşmasına səbəb olmuşdur. Dövlət proqramında bu istiqamətdə müəyyən edilmiş və əhalinin rahat hərəkətinin təmin edilməsinə yönələn tədbirlər mühüm əhəmiyyətə malikdir. İkinci rübdə şəhərdaxili nəqliyyatda işləyən avtobusların daha müasir və beynəlxalq standartlara cavab verən nəqliyyat vasitələrilə əvəz olunması işi davam etdirilmişdir. Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə 6 “King-Long XMQ 6770 G” markalı avtobus alınaraq marşruta buraxılmışdır. Bu münasibətlə iyunun 22-də keçirilən tədbirdə avtobuslara baxış olmuş, Ali Məclisin Sədri xidmətin təşkili ilə bağlı tapşırıqlar vermişdir.
Nəqliyyatın inkişafı cəmiyyətin inkişafı ilə əlaqəli olmuş, istehsal sahələrinin artımında və məhsuldar qüvvələrin formalaşmasında təsiredici amillərdən biri kimi daim təkmilləşmiş və formalaşmışdır. Aprel­-iyun aylarında muxtar respublikada hava və dəmir yolu nəqliyyatında əhaliyə göstərilən xidmətin günün tələbləri səviyyəsində qurulması ilə bağlı işlər görülmüş, Naxçıvan Beynəlxalq Hava Limanının çəpərboyu sektorlarında hasarların hündürlüyü artırılmış, yeni asfalt örtüyü salınmışdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Culfa Lokomotiv Deposunda lokomotivlər 7 dəfə texniki baxışdan keçirilmiş, Culfa İstismar Vaqon Deposunda 11 vaqon təmir edilmişdir. 123 yararsız ağac şpal yarımyararlı şpallarla, 5 yararsız ağac şpal isə yarımyararlı dəmir beton şpallarla əvəz olunmuşdur. Stansiyalarda 50 mis relsbirləşdiricisi, 1910 rezin altlıq dəyişdirilmiş, 4 izolyasiya calaqları və yararsız vəziyyətdə olan 25 izolyator yenisi ilə əvəz olunmuşdur.

Yeni və rahat yollar iqtisadiyyatın inkişafına, insanların isə rahatlığına xidmət edir. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında da qeyd olunduğu kimi: “Muxtar respublikada qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Bundan sonra da muxtar respublikada yol tikintisinə geniş yer verilməli, keyfiyyət amilinə xüsusi diqqət yetirilməli, sərnişindaşıma işinə və nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət olunmalıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqi sahəsində fəaliyyət təkmilləşdirilməli, göstərilən xidmətlərin keyfiyyəti yüksəldilməlidir”.
Aprel-iyun aylarında Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kəndləri üzrə avtomobil yolunun tikintisi, Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması davam etdirilmiş, Şərur Rayon Elektrik Şəbəkəsinin Çomaxtur yarımstansiyası binasının və Culfa Rayon Rabitə Evinin ətrafında asfalt-beton işləri, Ərəfsə kəndində XVI-XVII əsrlərə aid körpünün bərpası, Naxçıvan Muxtar Respublikası Süni Mayalan­ma Mərkəzində, Şərur rayonunun ­Muğancıq-Mehrab kəndində, Kəngərli rayonunun Şahtaxtı kəndinin Şərq hamamı hissəsində və Culfa şəhərində yolların yenidən qurulması başa çatdırılmışdır. Ali Məclisin Sədri mayın 15-də Culfa şəhərində Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə görülən işlərlə tanış olmuşdur. Həmin gün, eyni zamanda Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi də istifadəyə ­verilmişdir.
Muxtar respublikanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafı daim diqqətdə saxlanılır. İkinci rübdə Dövlət proqramında rabitə xidmətlərinin yaxşılaşdırılmasını nəzərdə tutan digər tədbirlər də həyata keçirilmiş, muxtar respublika ərazisində 6 min 250 metr fiber-optik kabel xəttinin tikintisi başa çatdırılmışdır. “Evədək optika” layihəsi çərçivəsində 8 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 268 dinləyicinin kurslarda iştirakı təmin edilmişdir.
Dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə “Duzdağ Fizioterapiya Mərkəzi” publik hüquqi şəxsin yeni inzibati binasının, Darıdağ Arsenli Su Müalicə və İstirahət Kompleksinin tikintisi davam etdirilmiş, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin nəzdində “Milli yeməklər” İctimai İaşə Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Əhalinin su təminatının yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Naxçıvanda istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmin edilməsi, kanalizasiya sisteminin yaxşılaşdırılması kommunal xidmətlərin inkişafı ilə bağlı yeni imkanlar yaratmaqdadır. İkinci rübdə Dövlət proqramında bu məqsədlə müəyyən edilmiş tədbirlər davam etdirilmiş, Ali Məclisin Sədri aprelin 23-də Sədərək, mayın 27-də isə Kəngərli rayonlarında yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrinə baxmış və müvafiq tapşırıqlar vermişdir. Aprel-iyun aylarında Babək, Sədərək və Kəngərli rayonlarında müxtəlif diametrli borularla 58,06 kilometr içməli su xətti və 28,26 kilometr kanalizasiya xətti çəkilmişdir.
Muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələr dövlət tərəfindən hərtərəfli himayə olunur. Proqramda əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi mənzillərin tikintisi ilə bağlı tapşırıq müəyyən olunmuşdur. İyunun 15-də – Milli Qurtuluş Günündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş 1 nəfər mənzillə təmin olunmuş, sosial qayğıya ehtiyacı olan 5 nəfərə isə “NAZ Lifan-330” markalı minik avtomobilləri verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir”.
Naxçıvanda kiçik və orta sahibkarlığa göstərilən dövlət qayğısı həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsini təşkil edir. Dövlət proqramında da bu sahədə güzəştli kreditlərin verilməsi, ixrac fəaliyyətinin genişləndirilməsi ilə bağlı tapşırıqlar nəzərdə tutulmuşdur. İkinci rübdə sahibkarlıq subyektlərinin ixrac fəaliyyətinin genişləndirilməsi məqsədilə 7 ixrac əməliyyatı üzrə 13 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmiş, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 hаldа mənşə sertifikatı verilmişdir. Kiçik və orta sahibkarlıq subyektləri üçün Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 21 layihənin maliyyələşdirilməsinə 3 milyon 390 min manat həcmində güzəştli şərtlərlə, banklar tərəfindən isə 1 milyon 845 min 450 manat həcmində kredit verilmişdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kəndlərdə kiçikhəcmli emal müəssisələrinin yaradılması üçün 2 layihəyə 13 min manat, arıçılıq, damazlıq təsərrüfatlarının yaradılması üçün 7 layihənin maliyyələşdirilməsinə 106 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.
Dövlət proqramının icrası muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafını və sosial infrastrukturun daha da gücləndirilməsini təmin edəcəkdir.

“Şərq qapısı”

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR