Naxçıvan şəhərinin Qaraçuq kəndi hisə verilmiş balıq istehsalı ilə məşhurdur.
Sahibkar Abbas Hüseynov uzun illərdir həmin kənddə bu işlə məşğul olur.
Hisə verilmiş balığın hazırlanma qaydası barədə danışan Abbas Hüseynov deyib ki, gigiyenik qaydada tam hisə verlimiş balıq bir neçə prosesdən keçir. Araz çayından tutulan balıqlar ilk olaraq təmizlənərək yuyulur, duzlanır və xüsusi hovuzlarda saxlanılır. Müəyyən müddət keçdikdən sonra onun tərkibindəki acı su çıxır. Balıq duzu öz canına çəkdikdən sonra hovuzdan çıxarılır. Balığın duzu yuyulur, günəş şüası altında qurudulur, sonra isə hisə verilir.
“Təmiz şam ağacının qırıntıları ilə bir neçə saat hisə verildikdən sonra hazır məhsullarımızı saxlama kameralarına yerləşdiririk. Ondan sonra həmin məhsul satış məntəqələrinə göndərilir. Hisə verimiş balıqların hər növü dadlı olsa da, ən çox tələbat sazan balığınadır”, - deyən Abbas Hüseynov qeyd edib ki, son zamanlar balıqla bərabər bildirçin və toyuq ətinin də hisə verilmiş məhsulunu istehsal edir. O bildirib ki, hazırda bildirçin təsərrüfatı da yaradıb. Bu, lazımi xammalı rahtlıqla əldə etməyə şərait yaradır.
Abbas Hüseynov vurğulayıb ki, dövlətimizin yaratdığı münbit şərait və verdiyi dəstək onun da fəaliyyətini daha da genişləndirməyə imkan verir.