Hər hansı bir yaşayış yeri ilk olaraq qədim tarixi və yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə tanınır. Bu baxımdan Şərur rayonundakı Cəlilkəndin adını çəkmək kifayətdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə və görkəmli rəssamımız İbrahim Safinin adı ilə qoşa çəkilən Cəlilkənd 1961-ci ildən bu adı daşıyır. Bu yurd yeri Şərur şəhərindən 4 kilometr şimal-şərqdə, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında yerləşir. Ən qədim yaşayış məskənlərindən biri olan bu kənddə II minilliyin əvvəllərinə aid edilən və xalq arasında “qalaça” adlandırılan siklop tikililər mövcuddur. Şərur rayonundakı yeganə “Buzxana” tarix-memarlıq abidəsi də bu kəndin payına düşüb. Ümumiyyətlə, Cəlilkənd qədim tarixi və dəyərli şəxsiyyətləri ilə muxtar respublikamızın sayılıb-seçilən yaşayış məntəqələrindən biridir.
Bu yaşayış məntəqəsinin qədimliyini olmasını buradakı qəbiristanlıq sübuta yetirir. El arasında “qalaça” deyilən bu xarabalıqda xeyli siklop tikililəri var. İnşa üsulu və texnikasına görə bu “qalaçalar” eramızdan əvvəl II minilliyin əvvəllərinə aid edilir. AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev yazıb ki, “Qəbiristanlıq ətraf yerlərə nisbətən hündür təpənin üzərində yerləşir. Orta əsrlərə aid olan qəbirlər başlıca olaraq qəbiristanlığın cənub və qərb tərəflərindədir. Başdaşılarının bir qismi torpağın aşınması nəticəsində yerə düşmüşdür. Başdaşıları çəhrayı və boz rəngli daşlardan dördkünc formada hazırlanmışdır. Onların mərkəzi hissəsi taxça şəklində oyulmuş və ərəb əlifbası ilə kitabələr yazılmışdır. Tarixlər hicri təqvimi ilə verilmişdir. Başdaşılarında hicri 1210, 1310, 1334 və sair tarixlərə rastlanır. Araşdırmalar göstərir ki, qəbiristanlığın ərazisindən uzun müddət istifadə edilmişdir. Arxeoloji və epiqrafik materiallara əsaslanaraq qəbiristanlığı XVIII-XX əsrlərə aid etmək olar”.
Cəlilkənd bu gün təkcə zəngin tarixi keçmişi ilə deyil, həm də müasir infrastrukturu ilə öyünür. Kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi, müasir muzey binaları ilə Şərur istiqamətinə üz tutan hər kəsdə fərəh hissi oyadır, sakinlərin xoş güzəranından xəbər verir. İndi kəndin müasir tikililəri sırasında gözoxşayan məktəb binası Naxçıvandakı ən qocaman təhsil ocaqlarından biridir. 135 yaşı olan məktəbin əsası 1885-ci il sentyabrın 20-də qoyulub. Məktəbin ilk nəzarətçi müdiri olmuş dövrünün tanınmış ziyalısı, Qori Müəllimlər Seminariyasının məzunu Əliməmməd Xəlilov təhsil ocağının yaradılmasında fəal rol oynayıb. Məktəb kəndin imkanlı sakinlərindən olan İsmayıl xan Səfiyevə məxsus evdə fəaliyyətə başlayıb. Cəlilkənd məktəbi yarandığı ilk gündən kitabxana işinə də diqqət göstərilib, 1901-ci ildə məktəbin kitabxanasında 825 adda 1816 kitab və dərslik olub. Müxtəlif illərdə bu məktəbdə Əbülqasım Sultanov, Məmməd bəy Qazıyev, Fərzəli bəy Fərzəlibəyov, Tağı bəy Səfiyev, Ələkbər Süleymanov, Kərim bəy Səfiyev, Abbasqulu bəy Səfiyev və başqaları kimi ömrünü yeniyetmə və gənclərin maariflənməsinə həsr etmiş müəllimlər çalışıblar.
Bütün bunlarla yanaşı, böyük demokrat-yazıçı Cəlil Məmmədquluzadənin bu məktəbdə dərs deməsi qürurlu cəhətdir. 1887-ci ildə təyinatla bu kəndə göndərilən Mirzə Cəlil burada iki il çalışıb. Böyük maarifçi kənddə 24 şagirdə dərs deyib. Onlardan 6-sı sonralar təhsilini davam etdirib. Cəlil Məmmədquluzadənin seminariya dostu Mirzə Əbülqasım Sultanovun tərtib etdiyi “Məktəbə daxil olanlar və bitirənlər”in siyahısından məlum olur ki, böyük ədibin dərs dediyi şagirdlərdən Cəlil Səfiyev Moskva Universitetinin Hüquq, Hüseynqulu Səfiyev isə Tibb fakültəsini bitiriblər.
Cəlilkəndin daha bir xoş xatirəsi də var – Görkəmli ədib 1889-cu ildə bu kənddə ilk yaradıcılıq nümunəsi olan “Çay dəstgahı” alleqorik dramını yazıb. Əsər elə həmin ildə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tamaşaya qoyulub.
2015-ci ildə Cəlilkənd məktəbi müasir tələblərə uyğun şəkildə yenidən qurulub, 270 yerlik və 3 mərtəbədən ibarət olan binada 4-ü elektron lövhəli olmaqla, 15 sinif otağı, 2 kompüter otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, müəllimlər, tibb otaqları, kitabxana, bufet və idman zalı istifadəyə verilib. Kompüter sinifləri, laboratoriyalar müasir inventarlar və təcrübə avadanlıqları ilə təchiz edilib. Məktəbin kollektivi yaradılan müasir şəraitdən istifadə edərək məktəbin zəngin təhsil ənənələrini davam etdirirlər.
Cəlilkənddə özünəməxsusluğu və tarixi ilə seçilən bir tikili də var – Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin xatirə muzeyi. Muzey böyük demokratımızın zəngin irsini və xatirəsini özündə yaşadan və təbliğ edən dəyərli ekspozisiyaya malikdir. Azərbaycanda ilk məktəb muzeyi məhz onunla yaranıb. Cəlil Məmmədquluzadənin xatirə muzeyi 2013-cü ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzeydə nümayiş etdirilən eksponatlar, əsasən, ədibin istifadə etdiyi əşyalar, müxtəlif illərdə qələmə aldığı əsərlər, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələri, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardır. Bir sözlə, muzey Mirzə Cəlil həyatının bütün dövrlərinə şahidlik edən eksponatların toplanması, onun yaradıcılığının öyrənilməsi və tədqiqində əsas yer tutur.
Naxçıvanda müxtəlif tarixi dövrlərin yadigarı olan çoxsaylı abidələr sırasında buzxanalar özünəməxsus yer tutur. Buzxana abidələri xalqımızın həyat tərzinin mühüm bir göstəricisidir. Orta əsrlər dövründən başlayaraq yay aylarında yerli əhali istilərdən qorunmaq, yeyinti məhsullarını, şəxsi azuqələrini uzun müddət saxlamaq üçün buzxanalardan istifadə edib. Buz əldə etmək məqsədilə qış aylarında bu binalara çəkilmiş kəhriz suyu zirzəmiyə vurulur, burada donaraq buza çevrilir və uzun müddət istifadə olunurdu. Buzun əriməməsi üçün onların arasına saman da tökülürdü. Odur ki, buzxanalar Naxçıvanın bir çox bölgəsində tikilib istifadə edilib.
Orta əsrlərdə Naxçıvanda geniş vüsət almış türk-islam mədəniyyəti abidələrinin yaradılması ənənəsi sonrakı dövrlərdə də davam edib. Buna ən gözəl nümunə XIX əsrdə inşa olunmuş Cəlilkənd buzxanasını göstərmək olar. Kəndin girişində yerləşən buzxana bura gələn qonaqları salamlayaraq ilk başdan Cəlilkəndin tarixi haqqında zəngin təəssürat yaradır. Dördkünc formalı bu bina yuxarıda tağabənzər formada tamamlanıb. Girişi cənub tərəfdən olan binanın divarları yonulmuş boz rəngli qaya parçalarından inşa edilib. İçərisində divarlar boyunca dördkünc formalı səkilər salınıb. Çox hissəsi yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən düzəldilib. Tarixin sərt sınaqlarından keçərək aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə bərpa olunub.
Ölkə əhəmiyyətli memarlıq abidələri sırasında olan Cəlilkənd buzxanasında yenidənqurmadan sonra bir neçə sənətkarın fəaliyyət göstərməsi üçün xalq yaradıcılığı emalatxanaları istifadəyə verilib. Burada, həmçinin bölgəyə məxsus yeməklər hazırlanaraq gələn qonaqlara təqdim edilir. İnsanların qədim məişət mədəniyyətinin izlərini özündə yaşadan belə bir abidənin yenidən qurulması, gələcək nəsillər üçün qorunub saxlanılması həm tariximizə sahiblik, həm də turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Kənddə yeni yaradılan müasir binalardan biri də mədəniyyət evidir. Böyük tarixi şəxsiyyətlərin yurd yeri kimi adıçəkilən Cəlilkənddə bu ənənələrin müasir dövrümüzdə də davam etdirilməsi üçün hərtərəfli şərait mövcuddur. Kənd mədəniyyət evində 100 yerlik tədbirlər zalı, kitabxana və iş otaqları yerləşir. Müasir inventarlarla təchiz olunmuş zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Mədəniyyət evindəki kitabxananın fondunda 10 mindən artıq ədəbiyyat vardır. Həmin binada bərbərxana, qadın gözəllik salonu və dərzi sexi də fəaliyyət göstərir.
Cəlilkənddəki yeni həkim ambulatoriyası müasir imkanları və nümunəvi səhiyyə xidməti ilə sakinlərin sağlamlığının etibarlı təminatçısıdır. Ambulatoriya binasında stomatoloji kabinə, aptek, palata, doğuş, peyvənd, mama, manipulyasiya, müayinə otaqları vardır. Yaradılan şəraitdən ruhlanan kollektiv yorulmadan sakinlərin sağlamlığı qayğısına qalır.
“Cəlilkənd ziyalılar kəndidir. Şərur rayonunda ilk məktəb və kitabxana burada yaradılıb. Rayon ərazisindəki yeganə buzxana abidəsi də Cəlilkənddədir. Kəndin qədim tarixi və zəhmətkeş insanları vardır. Ona görə kəndin inkişafı mərhələ-mərhələ həyata keçirilib, insanların rahat yaşayışı üçün şərait yaradılıb”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə kəndin içməli su təminatı yaxşılaşdırılıb. “Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Cəlilkənddə də yeni içməli su şəbəkəsi qurulub. Nəticədə, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub, sakinlərin uzun illər çəkdiyi əziyyətə son qoyulub.
Bəli, yuxarıda da qeyd etdiyim kimi, burada yaşayaraq kənd adamlarına maarifçilik ideyaları təlqin edən böyük dramaturq Cəlil Məmmədquluzadənin və bu yurd yerinin yetirməsi olan böyük rəssam İbrahim Safinin kəndi kimi dillər əzbəri olan Cəlilkənd bu gün müasir yaşayış məntəqəsi kimi muxtar respublikada gedən sosial-iqtisadi inkişafı nümayiş etdirir. Tarixi tikililəri, yeni sosial obyektləri və müasir inkişafı ilə Cəlilkənd Şərurun xoş növrağının daha bir qürurverici ünvanıdır.
Gülcamal TAHİROVA