Muxtar respublikada ərzaq təhlükəsizliyinin etibarlı təminatı üçün əhəmiyyətli addımlar atılır. Qədim diyarda taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminat bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Bu il Naxçıvanda ən çox taxıl əkininin aparıldığı Babək rayonunda da biçin optimal müddətdə başa çatdırılıb, sahələrdən 37 min 702 ton məhsul tədarük olunub.
2020-ci ilin məhsulu üçün Babək rayonunda 16 min 172 hektar sahədə əkin aparılıb. Əkin sahələrinin 11 min 767 hektarını taxıl təşkil edib. 11 min 540 hektarda payızlıq, 227 hektarda isə yazlıq taxıl əkilib. Artıq iyun ayından başlayan biçin kampaniyası yekunlaşıb və rayon üzrə 37 min 702 ton məhsul toplanılıb. Nəticələr taxılçılıq sahəsində bir ilkdir. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, taxılçılığa olan marağın ilbəil artması isə təsadüfi deyil. Torpaq mülkiyyətçilərini əkinləri genişləndirməyə vadar edən konkret səbəblər var ki, biz də həmin amilləri təqdim edirik.
Bu gün kəndlinin torpağa möhkəm tellərlə bağlanmasının əsas səbəbi dövlətin aqrar sahədə apardığı islahatlar, gördüyü tədbirlərdir. Bilirik ki, taxıl əkini toxumun torpağa düşdüyü andan sünbül dərilənə qədər olan mühüm və çətin mərhələni təşkil edir. Bu dövrdə keyfiyyətli və bol məhsulun götürülməsi üçün dövlət sahibkarın yanında olur, zəruri dəstəyini, köməyini göstərir.
Əvvəla torpaq mülkiyyətçilərinə ayrılan subsidiya haqqında danışmaq istərdik. Qeyd edək ki, təkcə Babək rayonunda 2019-cu ilin payızlıq əkini üçün 2061 taxıl istehsalçısına 649 min 128 manat məbləğində pul vəsaiti ayrılıb. Yəni, dövlət kəndlinin taxılı yetişdirmək üçün çəkdiyi xərcin mühüm bir hissəsini öz üzərinə götürüb. Bundan başqa, məhsuldarlığı artırmaq üçün taxılçılara dövlət tərəfindən 2900 tona yaxın azot, 40 tondan artıq fosfor gübrəsi verilib.
Məlumdur ki, hektarlarla ərazilərdə taxıl əkmək və məhsulu optimal müddətdə sahələrdən götürmək üçün müasir texnikalardan istifadə labüddür. Daha Naxçıvanın taxıl sahələrində sınıq-salxaq, istismar müddətini başa vurmuş köhnə texnikalardan istifadə edilmir. İndi torpaq mülkiyyətçiləri, mexanizatorlar bərəkət rəmzi olan taxılı ən müasir kombaynlardan istifadə edərək biçib tədarük edirlər. 2020-ci ilin birinci yarısında “Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə dövlət tərəfindən babəkli sahibkarlara 44 texnika və texnoloji avadanlıq lizinq yolu ilə satılıb.
Yüksək məhsuldarlıq üçün keyfiyyətli toxum sortlarından istifadə mühüm şərtdir.Yaxşı deyiblər ki, nə əkərsən, onu da biçərsən. Biçin zamanı məhsulun bol və keyfiyyətli olması üçün torpağa düşən dən yaxşı olmalıdır. Kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı da daim diqqətdə saxlanılır. Bu məqsədlə, yeni toxumçuluq təsərrüfatları yaradılıb. Belə ki, “Araz” Elm-İstehsalat Birliyi və “Bərəkət Toxumçuluq” Kompleksində yetişdirilən toxumlar aqrar sahənin inkişafında əhəmiyyətli rol oynayır.Burada peşəkar mütəxəssislər tərəfindən yetişdirilən toxumlar Naxçıvan torpağının iqlim şəraitinə uyğunlaşdırılır. Əsasən, payızlıq əkin zamanı “Quality”, “Ceyhan”, “Bezostaya”, “Roze”, “Qiymətli”, “Dağ-daş” və başqa keyfiyyətli toxum sortlarından istifadə edilir. Bu toxumlar yüksək cücərmə və məhsuldarlıq qabiliyyətinə malikdir.
Naxçıvan ötən əsrin 90-cı illərində çörəklə imtahana çəkildiyi vaxtlarda məhsuldar torpaqları əkilmirdisə, bunun bir səbəbi də suvarma suyu ilə bağlı idi. Kəskin kontinental iqlim şəraitinə malik olan muxtar respublikada əkin sahələrinin tez-tez suvarılmasına ehtiyac var idi. 2005-ci ildə istifadəyə verilən Heydər Əliyev Su Anbarı Babək rayonundakı taxıl sahələrinə də sözün əsl mənasında “can verib”. Beləliklə, mütərrəqqi suvarma və əkin metodundan – şırım üsulundan istifadə məhsuldarlığa təsir edən ən mühüm amillərdəndir.
Torpaqların münbitliyinin yaxşılaşdırılması sahəsində görülən işlər imkan verir ki, rayonda illərlə əkilməyən, kənd təsərrüfatı üçün yararsız hesab edilən torpaqlar yenidən əkin dövriyyəsinə qatılsın.Bu ilin ilk altı ayı ərzində rayonda dövlət və bələdiyyə mülkiyyətində olan 6 hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.
Bir sözlə, dövlət taxıl əkən kəndlinin belə desək, “qolundan tutub” dəstək verdiyi üçün bu gün rayonda rekord həddə əkin və məhsuldarlıq göstəricisi qeydə alınıb. Bu həm də qədim diyarın ərzaq təhlükəsizliyinə, iqtisadiyyatına mühüm töhfə verir. Deməli, çörəyimiz yenə də öz təknəmizdən olacaq. Çörəyimiz, bərəkətimiz heç vaxt süfrəmizdən əksik olmasın!..
Muxtar RZAZADƏ