22 Dekabr 2024, Bazar

“Gəmiqaya Beton Məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti 2005-ci ildə fəaliyyətə başlamışdır.
Babək rayonunun Qoşadizə kəndi yaxınlığında, Naxçıvançayın sahilində yerləşən müəssisə son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri nəticəsində yerli tikinti materiallarına olan tələbatın ödənilməsi zərurətindən yaradılmışdır. Müəssisə istifadəyə verilənədək muxtar respublikamızda aparılan tikinti işləri üçün lazım olan inşaat materiallarından beton primitiv üsullarla hazırlanır, qum istehsalı ekologiyaya zərərli, kortəbii şəraitdə həyata keçirilirdi. Həmçinin obyektlərdə istifadə olunan kilid daş, dekorativ kərpic və digər beton məmulatları qonşu ölkələrdən gətirilirdi. Bu müəssisənin işə salınması ilə həmin problemlər aradan qaldırılmışdır. Müəssisədə Türkiyədən alınmış müasir texnoloji avadanlıqlar quraşdırılmış, istehsal gücü saatda 50 kubmetr olan qum-çınqıl karxanası, 60 kubmetr olan beton zavodu və 35 kvadratmetr olan dekorativ daşlar istehsalı sexi fəaliyyətə başlamışdır.

İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə əvvəlcə beton istehsalı üçün keyfiyyətli qum tədarük edilir. Qum-çınqıl karxanasında bir saat ərzində 50 kubmetr qum yuyularaq ələnir və çınqıl 3 növə ayrılır. Sonrakı mərhələdə isə yuyulmuş qum beton zavoduna daşınır. Buradakı texnoloji proseslərə kompyuter vasitəsilə nəzarət olunur. Betonun hazırlanması üçün qumun, sementin və suyun həcmi kompyuterlə müəyyənləşdirilir. Eyni zamanda istehsal prosesinə laboratoriyada qurulmuş kompyuterlə nəzarət təmin olunmuşdur ki, burada da betonun keyfiyyət göstəriciləri barədə məlumat öz əksini tapır. Bu da son nəticədə yüksək keyfiyyətli beton istehsal edilməsinə, istehsal prosesinin müasir tələblərə uyğun qurulmasına, müəssisənin daha rentabelli işləməsinə əlverişli şərait yaradır. Beton məmulatları istehsalı sexində istehsal gücü saatda 35 kvadratmetr kilid daş olan avadanlıqlar quraşdırılmışdır. Hazırda 2 istehsal xəttinin fəaliyyət göstərdiyi sexdə müxtəlif beton məmulatları – kilid daş, dekorativ kərpic, yağış kanalı, bardür istehsal olunur. 
Müəssisədə yeni layihə həyata keçirilmiş, beton boru istehsalı sahəsi yaradılmışdır. 2012-ci ilin avqust ayından fəaliyyətə başlayan sexdə müasir texnoloji avadanlıqlar quraşdırılmışdır. İstehsal gücü saatda 10 ədəd beton boru və beton daban olan müəssisədə istehsal prosesi avtomatlaşdırılmış, yüksək keyfiyyətli məhsul istehsalına nail olunmuşdur. Yeni istehsal sahəsində divarının qalınlığı 8, hündürlüyü 60 santimetr, diametri 600-800-1000 millimetr olan beton borular istehsal olunur. Yeni istehsal sahəsinin yaradılması tikinti obyektlərinin, o cümlədən muxtar respublikamızda yenidən qurulan su-kanalizasiya sistemlərinin yüksək keyfiyyətli beton borulara olan tələbatını ödəməklə yanaşı, yeni iş yerlərinin açılmasına da əlverişli şərait yaratmış, 12 nəfər daimi işlə təmin edilmişdir. Müəssisə istehsal etdiyi məhsulları ilə həm muxtar respublika əhalisini, həm də bütün tikinti obyektlərini təmin edə bilir. Onu da qeyd edək ki, müəssisə kifayət qədər betonqarışdıran, betonvuran, sementdaşıyan maşın və texnika, ekskavator, buldozer və digər mexanizmlərlə təmin edilmişdir. Yəni istər xammalın müəssisəyə daşınması, istərsə də hazır məhsulun tikinti obyektlərinə çatdırılmasına hər cür şərait yaradılmışdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR