“2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ötən il də uğurla davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, 2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin işləri həyata keçirilmişdir. Bunun 34 min 965 hektarını taxıl təşkil etmişdir. Bu sahə ilə məşğul olanlar onlar üçün müəyyən edilmiş yardımlarla, yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunmuşlar. Taxıl biçini kampaniyasının mütəşəkkil başa çatdırılması üçün 116 ədəd kombayn saz vəziyyətə gətirilmiş, biçin mövsümündə 104 ədəd kombaynın gücündən istifadə edilmiş, taxıl sahələrindən 101 min 848 ton məhsul toplanılmışdır. Əkinçiliyin digər sahələrində də yüksək nəticələrə nail olunmuşdur. 2831 hektar sahədə kartof əkini aparılmış, sahələrə aqrotexniki qaydalar əsasında qulluq göstərilmiş, torpaq mülkiyyətçiləri 39 min tondan çox məhsula sahib olmuşlar.
Yaz-tarla işlərinin aparılmasında torpaq mülkiyyətçiləri, sahibkarlar 863 ədəd traktor, 256 ədəd kotan, 43 ədəd toxumsəpən, 127 ədəd otbiçən, 158 ədəd otkipləyən, 297 ədəd yedəkdən istifadə etmişlər. 5366 torpaq mülkiyyətçisinə 3950 ton mineral gübrə yardım kimi verilmişdir. 5080 hektar sahədə gəmiricilərə, 2003 hektar sahədə kartof böcəyinə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır. Bu məqsədlə torpaq mülkiyyətçilərinə pulsuz preparatlar paylanılmışdır.
Əkinçiliyin inkişafında müstəsna rol oynayan su təsərrüfatı sahəsində görülən işlər böyük əhəmiyyət kəsb edir. Ötən il muxtar respublikada 5 nasos stansiyası, 11 subartezian quyusu, 32 kəhriz istifadəyə verilmişdir. Meliorasiya və su təsərrüfatı sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi bol məhsul götürülməsinə əlverişli şərait yaratmışdır. Muxtar respublikamızda suvarma əkinçiliyində, əsasən, səthi suvarma üsulundan geniş istifadə olunmuşdur. Son illərdə isə şırımla suvarma üsuluna daha çox önəm verilir. Qeyd edək ki, ilk dəfə olaraq “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatında taxıl, kartof, bostan məhsullarının istehsalı zamanı bu üsula keçilmişdir. Ötən il, ümumilikdə, muxtar respublikada şırım üsulundan daha geniş istifadə olunmuşdur.
Qeyd edək ki, kənd adamlarına böyük qayğının ifadəsi kimi kreditlərin verilməsi ötən il də davam etdirilmişdir. Belə ki, kənd təsərrüfatının müxtəlif sahələri üçün bəhs olunan ildə bank və bank olmayan kredit təşkilatları tərəfindən sahibkarlara 56 milyon manatdan artıq həcmdə kreditlər verilmişdir.
Muxtar MƏMMƏDOV