22 Dekabr 2024, Bazar

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında bank sektoru qarşısında da bir sıra vəzifələr qoyulmuşdur. Bu vəzifələrdən irəli gələn ən mühüm məsələlərdən biri də müasir iqtisadiyyatımızda nağdsız hesablaşmaların artırılması məqsədilə yeni POS-terminalların və bankomatların quraşdırılmasıdır.

Nağdsız ödəniş üçün etibarlı əməliyyat sistemi, geniş texniki imkanlar və subyektlər arasında inam olmalıdır. Bu sistem hesablaşmaların elastikliyi ilə fərqlənib, əməliyyatların daha dəqiq aparılmasına və təhlükəsizliyinə xidmət edir, nağd ödənişlərdəki kimi pulların bir və ya bir neçə dəfə təkrar hesablanmasını tələb etmir. Bunlarla yanaşı, nağdsız hesablaşma həm də vergidənyayınma hallarının qarşısının alınmasını, əhaliyə göstərilən kommunal və sair digər xidmət haqlarının rahat şəkildə ödənilməsini, canlı ünsiyyətin azalmasını təmin edir.

Müasir həyatımızda nağd pul vəsaitləri öz yerini plastik kartlara verməkdədir. Muxtar respublikamızda da bu iş uğurla davam etdirilərək iqtisadi fəaliyyət sahələrində mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası üzrə  əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı 1 oktyabr 2013-cü il tarixə 178 min 992 nəfərdir. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min 714 ədəd artmışdır.
Qeyd etmək lazımdır ki, hazır­da nağdsız ödənişlər muxtar respublikamızın maliyyə sektorunda  dövr edən  vəsaitin az bir hissəsini təşkil edir. Çünki muxtar respublikada böyük pul kütləsinin dövr etdiyi ticarət və xidmət sektorunda ödəniş sisteminin böyük bir hissəsi nağd şəkildə aparılır. Lakin hər ay keçmiş dövrlərlə müqayisədə nağdsız hesablaşmaların həcminin artdığı müşahidə olunur.
Muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı” təsdiq olunmuşdur. Maliyyə sektorunun aparıcı subyektləri olan banklar və digər maliyyə təsərrüfatları tərəfindən nağdsız ödəniş sisteminin tətbiqinin texniki tərəflərinin həll edilməsi ilə yanaşı, ictimaiyyətin maarifləndirilməsi və maraqlandırılması istiqamətində də geniş təbliğat-təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada fəaliyyət göstərən kommersiya bankları tərəfindən Naxçıvan şəhərində, rayon mərkəzlərində və bir çox iri kənd yaşayış yerlərindəki ticarət-xidmət müəssisələrində, restoranlarda, otellərdə və digər iaşə obyektlərində 1 oktyabr 2013-cü il tarixə 212 ədəd POS-terminal quraşdırılmışdır. Bu göstəricinin ilin sonuna qədər əlavə olaraq 100 ədəd artırılması Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin qarşısında duran əsas məqsədlərdəndir.

Musa ƏLİYEV
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası
 İdarəsinin aparıcı mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR