Muxtar respublikada enerji təhlükəsizliyi təmin olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 20-si ölkəmizdə energetiklərin peşə bayramı kimi qeyd edilir.
Məqsədyönlü enerji siyasəti dövlətin milli təhlükəsizliyinin təmin edilməsində və iqtisadi inkişafında çox mühüm əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirmiş, bu sahədə əsaslı quruculuq işləri görülmüşdür. Təsadüfi deyil ki, Azərbaycanda müstəqil enerji sisteminin formalaşması, dövlətimizin enerji təhlükəsizliyinin təmin olunması ulu öndərimizin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin bilavasitə rəhbərliyi ilə ötən əsrin 70-ci illərində ölkəmizin energetika sisteminin real imkanları iki dəfədən çox artırılmışdır. Bu dövrə qədər Azərbaycan Respublikası elektrik enerjisi ilə qonşu respublikaların enerji sistemlərindən təchiz edilirdi. Ulu öndərin rəhbərliyi ilə ümumi gücü 2400 meqavat olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası, İran İslam Respublikası ilə birgə tikilən 22 meqavat gücündə Araz Su Elektrik Stansiyası tikilmiş, 330 kilovoltluq Mingəçevir-Abşeron elektrik verilişi xətti çəkilmiş, yeni transformator yarımstansiyaları istifadəyə verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektrik enerjisi üzrə proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaratmışdır.
Müstəqillik illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda enerji təminatının yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan kəskin enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ilin ortalarından İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisinin nəqlinə başlanılmışdır. Sonrakı illərdə muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılmış, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilmiş, bununla yanaşı, muxtar respublikaya daxil olan elektrik enerjisinin paylanmasını yaxşılaşdırmaq, elektrik enerjisi ötürülməsində texniki itkiləri azaltmaq, avadanlıqların artıq yüklənməsinin qarşısını almaq, enerji təchizatının etibarlılığını yüksəltmək üçün bir sıra tədbirlər də görülmüşdür.
Son illər Naxçıvanın elektrik enerjisinə olan tələbatının tamamilə ödənilməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, 2006-cı ildə Naxçıvan Qaz- Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, 220 kilovoltluq “Babək” yarımstansiyasında və stansiya avadanlıqlarında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Sərəncama uyğun olaraq, 2006-cı ildə ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Artıq muxtar respublikamız elektrik enerjisi ixrac edən bir diyara çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək demişdir: “Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır”.
Muxtar respublikada elektrik enerjisinə olan tələbatın ödənilməsində mövcud hidroenerji potensialından da səmərəli istifadə olunur, yeni su elektrik stansiyaları tikilir. Ölkə Prezidentinin iştirakı ilə 2005-ci ildə Heydər Əliyev Su Anbarı üzərində gücü 4,5 meqavat olan su elektrik stansiyasının, 2010-cu ildə isə Gilançay üzərində gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyasının açılışı olmuşdur. Bu il Şərur rayonunda gücü 20,5 meqavat olan yeni Arpaçay Su Elektrik Stansiyası istifadəyə verilmişdir. Hazırda Ordubad rayonu ərazisində gücü 36 meqavat olan yeni derivasiyatipli su elektrik stansiyasının və Şərurda gücü 1,4 meqavat olan “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisi aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada enerji təminatı sahəsində görülən işlər barədə demişdir: “Muxtar respublikada yeni elektrik stansiyaları tikilir, əhalinin və iqtisadiyyatın enerjiyə olan tələbatı etibarlı şəkildə ödənilir. Artıq Naxçıvan elektrik enerjisi idxal edən muxtar respublikadan elektrik enerjisi ixrac edən muxtar respublikaya çevrilmişdir. Enerji təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, bu il isə “Ordubad” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə də muxtar respublikada diqqət mərkəzindədir. Belə ki, muxtar respublikanın iqlim xüsusiyyətləri nəzərə alınaraq Günəş və külək elektrik stansiyalarının tikintisi istiqamətində ardıcıl tədbirlər görülür.
Elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın qarşısının alınması muxtar respublikada həyata keçirilən enerji siyasətinin əsasını təşkil edir. Fərdi mənzillərdə elektrontipli sayğacların quraşdırılması, giriş məftil və kabellərinin yeniləri ilə əvəz olunması israfçılığın qarşısının alınmasına və elektrik enerjisinin dəyərinin vaxtlı-vaxtında yığılmasına imkan vermişdir. Həyata keçirilən tədbirlər elektrik enerjisi ötürülməsində texniki itkilərin azaldılmasına da səbəb olmuşdur.
Muxtar respublika energetiklərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Son illər 11 nəfər “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 nəfərə “Azərbaycan Respublikasının əməkdar mühəndisi”, 3 əməkdaşa isə “Naxçıvan Muxtar Respublikasının əməkdar mühəndisi” fəxri adları verilmişdir. Energetiklərin rifah halının yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılaraq əməkhaqları artırılmış, işçilərin iş şəraitini yaxşılaşdırmaq üçün inzibati binalar tikilmiş, yeni xidməti nəqliyyat vasitələri alınmışdır.
Bu gün muxtar respublikanın energetika sahəsində ixtisaslı kadrların hazırlanması istiqamətində də mühüm işlər görülür, ali və orta ixtisas təhsili müəssisələrində, peşə məktəblərində müvafiq ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Hazırda muxtar respublikada istismar olunan elektrik stansiyaları yerli mütəxəssislər tərəfindən idarə olunur, istifadəyə verilən yeni yarımstansiyalar muxtar respublika energetikləri tərəfindən qurulur.
Peşə bayramlarını qeyd edən muxtar respublika energetikləri bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək, istifadəçilərin davamlı və keyfiyyətli elektrik enerjisi ilə təminatını diqqət mərkəzində saxlayacaqlar.
“Şərq qapısı”